“Bunu özümə bağışlaya bilmirəm” – Etimad Əsədovun xanımı ilə MÜSAHİBƏ...

"AzerTaym.az" Teleqraf.com-a istinadən Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovun xanımı Məlahət Rzayeva ilə müsahibəni təqdim edir.

İnsan gələcəyi necə belə aydın təxmin edə bilir? Təxmin etdiklərinin hamısı başına gəldi. “Başıma gəlməyən qalmadı, bircə həbsdə olmamışam” deyərdi. Həbs edildi. “Bilmirəm, bu adamlar xərçəngdən niyə qorxur, o da bir xəstəlikdir. Xərçəng olsam, heç vecimə də gəlməz” söyləyərdi, xərçəng qonağı oldu.

“55 yaşadək yaşasam, böyük işdir, çətin 60-a çatım. Bizim nəsil tez gedir” deyirdi, 55-də getdi... – deyir Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovun xanımı Məlahət Rzayeva...

Məlahət xanımla xeyli müddətdir müsahibə üçün vədələşmişdik, nədənsə hər dəfə təxirə düşürdü görüşümüz. Küləkli bir gündə axşamçağı Yeni Günəşlidə məni qarşıladı, dar küçələrlə evə tərəf yol aldıq, darvazaya çatanda dedi, bax, gələn dəfə gələndə qapımızı asılan üçrəngli bayraqdan tanıyacaqsan...

“Əvvəlki evimiz bir neçə tin yuxarıda idi, qar yağanda çətinliklə keçirdik, elə olurdu maşını çölə çıxara bilmirdik, Etimad bəy mənə deyirdi, sən də getmə, soyuqdur, işə necə gedəcəksən... “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çox sağ olsun, həmişə anlayışla yanaşıb. Təbii ki, baş redaktor istəyər işçi işdə olsun, amma bizim də yaşadığımız ərazi elədir ki, az qala 2 saata redaksiyaya çatıram. Qar yağanda Etimad bəy həmişə uşaqlara zəng edirdi, soruşurdu , necəsiniz, ev istidirmi, dərsə getmişdinizmi? Özü evdən çıxa bilmirdi deyə hal-əhval tuturdu. Ötən günlərdə qar yağanda ürəyimdən keçdi, Fidana zəng elədim. Aviasiya Akademiyasını bitirib, işləyir, atası belə havalarda zəng edərdi, onlara görə narahat olardı, telefonu açanda dedi ki, işə gedirəm, yollar sürüşkəndir, dedim, maşını ehtiyatla idarə et. Etimad bəy də həmişə deyərdi ki, Fidan maşını yaxşı sürür. Deməzdim tez-tez, amma hərdən danışırıq, çalışıram əlaqəmiz itməsin, ad günlərini təbrik edirəm...”

- Məlahət xanım, Etimad bəyin doğum günündə ona həsr etdiyiniz kitabı təqdim etdiniz. Vərəqlədikcə aydın olur ki, kitabı yazan elə onun özüdür...

- Doğrudur. Başa gələ biləcək hər cür hal üçün əvvəlcədən bir yol, çıxış nöqtəsi qoyurdu. Həqiqətən bu kitabı o, özü yazıb. Kitabda da yazmışam, bunlar sənin yaşadıqlarındır, həyatı özün yaşamısan. Yaşamaq həm də elə yazmaqdır, o demək deyil ki, əlinə qələm alıb yazasan. Öz taleyini yazan bir insan idi. Fikirləşdim ki, bunlar yazılmalı, qalmalı, gələcək nəslə çatmalıdır. 2001-ci ildə Qarabağ qazilərinin aclıq aksiyası olmuşdu, Etimad bəyin həyatının müharibədən də artıq məsuliyyətli, gərgin dövrü idi. Sanki insanın özünü təsdiq edən dövrüdür, yəni mən buyam, qazilər üçün çalışmalıyam, onların həyatı yaxşı olmalıdır. 29-30 yaşında bir insanın protezə möhtac qalması nə deməkdir?... İnsan həmişə yaxşıya ümid edir axı, deyirsən, döyüşəcəyəm, torpağımızın işğal olunmasına icazə verməyəcəyik, qalib olacağıq . İnsandır, fikirləşir ki, birdən şəhid olaram, məni vurarlar, yolun sonunda ölüm gözləyir, amma o yolu gedirdi.

2001-ci il aksiyasını xüsusi olaraq vurğulayıram, çünki o vaxtadək artıq Qarabağ Əlillər Cəmiyyəti adında təşkilat formalaşmışdı, əlaqələr vardı, böyük işlər görürdülər. Aksiyanı başdan-ayağa kimi kitabda qeyd eləmişəm. Üstündən illər keçib, detal və təfərrüatları xatırlamaq üçün Mirzə Fətəli Axundov adına Milli Kitabxanadakı qəzetlərin arxivinə baxdım. Qəzetləri vərəqlədikcə düşünürdüm, mətbuatımızın necə gözəl dövrü olub, heç nədən çəkinmədən həqiqətləri ortaya qoya bilirdik. Cəmiyyətin 75 rayon şöbəsi də aclıq aksiyasına qoşulmuşdu, hər şey mətbuat səhifəsində öz əksini tapmışdı. Etimad bəyə yaxşı mənada heyrətlənirdim. İnsan necə əzmli ola bilər ki, bu cür mübarizə aparsın, ölkəyə bu boyda səs salsın. Nəyə görə? Təqaüdlər artsın, qazi, əlillər ailələrinin yanında başıaşağı olmasın, evə aparmağa çörəyi olsun deyə...Etimad bəy ehtiyac içində olan insan deyildi. Demirəm, yağ-bal içində yaşayırdı, bu, əsla belə deyildi, amma dolanışığını təşkil edən bacarıqlı insan idi. Deyirdi, yanıma əlillər gəlir, baxıram çox ehtiyaclıdır, uşağını məktəbə qoyur, onun tələbatını ödəyə bilmir. Belə şeylərə dözə bilmirdi. Axı niyə biz Vətən uğrunda döyüşüb qazi olduğumuz halda sıxıntı, ehtiyac içində yaşamalıyıq? Şəhiddən, qazidən artıq kimin daha yaxşı yaşamağa haqqı var?

- Kitabın ilk səhifəsindəcə Etimad bəyin Sizə yazdığı məktub yer alır. Aranızda məktublaşma Bayıl təcridxanasından başlayıb?

- Məktublaşma “Bayıl”dan başladı. Telefonla danışmaq, görüşmək mümkün deyildi. Vəkillə müqavilə bağlananda dedi ki, istəsəniz, nə isə yazın verin, mən aparım. Vəkil Yavər Hüseyn kitabın təqdimat mərasiminə gələndə dedim, çox əziyyət çəkmisiniz, haqqınızı halal edin. Etimad bəy həbsdən çıxdı, başımız özümüzə qarışdı, vəkili heç görməmişdim. Etimad bəy özü də deyirdi ki, baxıram bizdən başqa heç kim bu qədər məktublaşmır, elə Yavər bəy ancaq məktub daşıyır.

Təbii ki, işi gərgin idi, müdafiə işini təşkil etmək, istintaq materialları ilə tanış olmaq, vəsatətlər qaldırmaq və sair işləri görürdü. Bizim üçün əsas məktub idi, istəyirdik məktubları aparıb-gətirsin, biz bir-birimizdən xəbər tutaq. Bayıl təcridxanasından göndərdiyi məktublarda elə bil gələcəyi görərək yazırdı. Sən mənimlə bağlı hər hansı qəzetdə məlumat getsə, yığ, topla, lazım olacaq. Ola bilər, mən burda ölərəm, sən onlardan öz kitabında istifadə edərsən. Yazırdı ki, darıxmağı və üzülməyi sənə yasaq edirəm, möhkəm ol, adımı üstündə gəzdir, səbrli və soyuqqanlı ol.

- Bir-birinizə olan xitablara diqqət etdim, böyük eşq yaşamısınız. Tanışlıq isə...

- Tanışlıq aclıq aksiyası dövründə idi. Mən “Şərq” qəzetinin əməkdaşı idim, hadisələri diqqətdə saxlayırdıq, siz gəlməzdən qabaq fikirləşirəm, bizim nəslin qəribə taleyi olub. 1966-cü il təvəllüdlüyəm. Sovet dönəminin ən “parlaq” dövrünün uşağıyıq. O vaxt heç kimin ağlına gəlməzdi ki, müstəqillik görəcəyik. Böyük Vətən müharibəsi olmuşdu, biz İçərişəhərdə yaşamışıq, uşaqlar taxtadan tapança götürüb deyirdilər, müharibə-müharibə oynayaq. Kim fikirləşə bilərdi ki, müharibə başımıza gələcək. Özü də artıq həyatı başa düşdüyümüz dövr idi.

Təsəvvür edin, məktəbi bitirəndən 5 il keçib, artıq Milli Azadlıq Hərəkatı başlayıb, Ermənistandan soydaşlarımızı qovurdular, 20 Yanvar hadisələri yaşandı, Xocalı faciəsi oldu. Bilirdik ki, şəhidlərimiz var, hadisələrin içində idik. Jurnalist kimi Qarabağ Əlillər Cəmiyyəti barədə də məlumatlı idim, bilirdim ki, rəhbəri Etimad Əsədovdur, amma yaxın münasibətimiz yox idi. Hansısa hadisə olurdu, Akif müəllim tapşırıq verirdi ki, bu barədə açıqlama alın. Bir dəfə cəmiyyətə getmişdim, ofisləri “Dərnəgül”də yerləşirdi. Bakı Şəhər İcra Hakimiyyəti ilə mübahisəli məsələ vardı, əlillərlə bağlı idi, yaşayışlarını təmin etmək üçün torpaq sahəsi ayrılması, iş yeri ilə bağlı tələb irəli sürülmüşdü, bu barədə Etimad bəydən müsahibə almışdım. Amma aclıq aksiyası dövründə sıx getməyə başladıq. Çox dəhşətli vəziyyət idi, əlillər, qazilər aksiya keçirirdi, öz canlarına qıyırdılar, hökumətə qarşı çıxmadan, sivil formada tələb irəli sürürdülər, deyirdilər, nə olacaqsa, özümüzə ziyan edirik, onlar müharibənin ağrı-acısını görmüş, narkoz qəbul edib dəfələrlə ağır əməliyyat keçirmiş insanlar idilər, kimsə dözməyə də bilərdi. Arada artıq münasibətlər yarandı, tez-tez getməyə başladıq...

- Bəs nə zaman ailə qurdunuz?

- Etimad bəy həbsdən çıxandan sonra.

- Deyirlər, Etimad Əsədov çox çılğın, sərt olub. Ailədə necə idi, sərtliyi sezilirdi?

- Həqiqətən çox ciddi, sərt idi. Bu insan haqda yazmaqdan doymadım. Bilmirdim, onu hansı sözlərlə ifadə edim. Elə bil bu insanın keyfiyyətlərini açmaq üçün söz tükənmişdi. Çox ziddiyyətlidir, insan nə qədər sərtdirsə, necə bir o qədər də yumşaq ola bilər? Mən bu insana ancaq “canım” deyirdim. Elə o da mənə “canım-gözüm” deyə səslənirdi. Həyata baxışı, ailəyə, atasına, övladlarına münasibəti necə fərqli idi. Anası tez rəhmətə getmişdi, mən görməmişdim, onun haqqında elə nəvazişlə danışırdı ki. Fikirləşirdim ki, anası yanında olsa, bu insan onun üçün nələr eləməz. Dəhşətli dərəcədə mərhəmətli insan idi.

1988-ci ildə əsgərlikdən sonra bir müddət kənddə olub, sonra Rusiyaya gedib, Kuybışev şəhərində zavodda işləyib. Həyatını təkbaşına yaşaya bilərdi, yemək də bişirərdi, paltarları elə səliqə ilə ütüləyərdi ki... Düzdür, ailə qurandan sonra dedim, qoy, daha özüm edim ev işlərini. Amma onun üçün problem olmazdı, ömrünün sonuna qədər də tək yaşaya bilərdi, bacarardı. Baldızım deyir, kənddə yaşayanda evdən çıxanda cibinə dəsmal qoyurdu ki, ayaqqabım batsa, yolda silərəm.

- Müharibə kimi ağır sınaqdan keçdi, bəs həyatın növbəti zərbəsi olan xərçəng xəstəliyi barədə necə öyrəndi?

- Xəstəlik bəlkə də ondan çoxdan başlamışdı, hiss eləmirdi. Bəlkə də güclü və qüvvətli idi deyə fikir vermirdi. Xərçəng elə xəstəklikdir ki, ən son mərhələdə özünü büruzə verir. Faciəli tərəfi də odur ki, insan xəstəlik barədə bilmir, biləndə də artıq çox gec olur. Gecələr çox tərləyirdi, deyirdi, görəsən, nədəndir belə tərləyirəm. Həkimə getdi, dedilər, qaraciyərində problem var, dərmanlar yazıldı, içirdi. Deyim ki, özünə qarşı diqqətsiz idi, yox, dərman qəbul edəndən sonra həkim soruşub necəsən, deyib sanki dəyişiklik var. Aldadıcı şeylər idi təbii. Həkim bu müalicə kursunu təkrar etmişdi. Həkim fikirləşmir ki, gecələr tərləyirsə, kompüter tomoqrafiyası olsun, ciyərini yoxlayım. Üstündən təxminən 1 il keçəndən sonra qızdırma başladı, ciyərini rentgenə saldı, onunla da bildik ki, xəstədir. Sonra İran səfərləri başladı, əməliyyat olundu. Hərdən deyirlər, bəlkə də əməliyyat olmasaydı, daha çox yaşayardı. Biri də deyir, əməliyyat olmasaydı, daha az yaşayardı, 2-3 ay ömrü qala bilərdi. O qədər bəlkələr var ki... Qismət, Allahın təqdiridir, fikirləşirsən, bu insanın alın yazısı bu imiş.

Özlüyümdə çox düşünürəm, deyirəm Ay Allah, 55 yaş çox deyil, insan həyatı boyu nələr görmədi ki. Bu insanın həyatı başdan-ayağa mübarizədə, keşməkeşli vəziyyət və sınaqlarda, çətin imtahanlarda keçdi. Danışırdı ki, artıq minaya düşmüşdüm, məni qospitala apardılar, bilmirdim hansı vəziyyətdəyəm, orada bildim ki, ayağım parçalanıb. Həkim gəldi dedi ki, Əsədov, ayağını kəsəcəyəm. Həkim də çox cəsur idi, o sözü də hər adama demirlər axı, fikirləşib onsuzda müharibə görüb, bu həqiqəti deməliyəm, gizlətməyin yeri yoxdur. Həkim Qulamovla münasibətləri sonra da davam edirdi. “Qarabağ Qaziləri” İctimai Birliyi və Vətən Müharibəsi Əlilləri birgə layihə keçirməyə başlamışdılar. Müharibə vaxtı əsgərlərə yardım göstərmiş, müharibədə olmuş, indi də Qarabağ əlillərini müalicə edən həkimlərə hörmət əlaməti olaraq diplomlar verməyə başladılar. Sonra Qulamovun yanına getdilər, çox savadlı həkim idi. Etimad bəy deyirdi ki, məni həyata o insan qaytarıb, Qulamov olmasaydı, sağala bilməzdim.

Təsəvvür edin, infeksiya varmış, qızdırması düşmürmüş, həkim deyib zəhər qana qarışmasın deyə donuz dalağı lazımdır ki, bu qanı dalaqdan keçirək. Həkim bu prosesi Rusiyada olanda hərbi həkimdən öyrənibmiş. Minaların tərkibi zəhərli olduğu üçün qanda infeksiya qızdırmanı düşməyə qoymur, orada kimsə tətbiq edibmiş. Etimad bəyin böyük qardaşı donuz tapıb dalağını gətirmişdi, dalaq mikrobu özünə yığıb, ondan sonra qızdırma düşüb, bədənin müqaviməti artmağa başlayıb.

Etimad bəy danışırdı ki, Qulamov ayağımı kəsəcəyini deyəndə dedim, kəsirsən kəs, bundan o tərəfi yoxdur. Belə həkim olsaydı, bəlkə də müalicəsinin üstünə tez düşərdik. Qulamova diplomu verməyə gedəndə demişdi ki, get ciyərini rentgenə sal. Kimsə deyibmiş ki, bir ayaq protezdir deyə istər-istəməz onurğa sütununda əyilmə gedir, bu da sinir sıxlığı verir. Amma sonra məlum oldu ki, bu sancını verən ağ ciyər imiş. Qulamov yoxlamışdı, əlini onurğa sütununa çəkəndə soruşub kim sənə deyir əyrilik var, sən get ağ ciyərini rentgen elə. Belə başa düşürəm ki, Qulamov onda xəstəlikdən agah olub. Bizim evimizdə internet yox idi, Etimad bəyin telefonu köhnə model idi, sosial şəbəkələrlə filan maraqlanmırdıq. Hiss edirdim ki, Etimad bəyə də maraqlı deyil. Özümüzü hər şeydən yaxşı mənada təcrid edirdik.

- Niyə?

- İşdən evə gələndə iş mənim üçün bitirdi, feysbukum olsaydı, başım ona qarışacaqdı, vatsapda kiminləsə yazışacaqdım, onda Etimad bəyə diqqət azalacaqdı. Çox insan mənə deyir, siz mənalı ömür yaşamışınız. Aramızda çox böyük məhəbbət olub. Bunu çəkinmədən deyirəm. Sevgi çəkiniləcək bir şey deyil, sevirsənsə, bundan çəkinməməlisən. Deyirdik, sanki biz ikimiz bir-birimizə yetirik. Televizorda xəbərləri, maraqlı veriliş, proqram və filmləri izləyirdik, hiss edirdim ki, dincəlmək istəyir. Səbirsiz adam idi, toya gedəndə görürdüm, tez evə gəlmək istəyir. Şükür Allaha, evdə o dincliyi tapıb. Deyirəm, nə yaxşı bu insan ömrünün hansısa məqamında dinclik tapa bilib, sıxıntı çəkməyib, rahatlanıb. Etimad bəy “nə yaxşı evdəyəm, rahatlanıram” deyəndə elə bil dünyanı mənə verirdilər. Bu, sanki mənim üçün böyük mükafat idi.

- Hər qadın hərbçi ilə ailə qurmağa razı olmur. Siz artıq tanış olmuşdunuz, sevgi münasibətləri vardı, bəs bu evliliyə ailə üzvlərinizin münasibəti necə oldu?

- Yaşımızın elə çağı idi ki, bacı sözünə baxacaq, nədənsə çəkinəcək bir dövr deyildi. Evlilikdən qabaq qərarımızı vermişdik. Qərarın verilməsində ancaq ikimiz iştirak eləmişik. Qohum deyildik, heç kəs bizi tanış eləməmişdi. Allah-Təala bizi bir-birimizin qabağına çıxardı, haradasa yollarımız kəsişdi. Özümüzün müstəqil qərar verən vaxtımız idi, bir-birimizi seçmişdik. Mən artıq bilirdim ki, bu insan olmadan yaşaya bilmərəm, bu, mənim taleyim, qismətimdir. Mənə heç kəs mane ola bilməzdi. Fikirləşirəm ki, Etimad bəyə də kimsə mane ola bilməzdi. Yəni artıq bu qərarı vermişdik ki, birgə olacağıq, bir yerdə həyat sürəcəyik.

Bir məqamı da qeyd edim, kitabda da yazmamışam, elçiliyi Etimad bəyin özü eləmişdi. Həbsdən sonra birgə yaşamağa qərar verdik. Birgəlik başqadır, birgəyaşayış başqa. Atası sağ idi. Heç soruşmadım, elçiliyə niyə atan gəlmir? Bilirsiniz, bu sualı ağlımdan belə keçirmədim, çünki Etimad bəy öz işini özü görməyi bacarırdı. Etimad bəyin deyə biləcəyi sözləri düşünmürəm ki, kimsə deyə bilsin. Bu insan artıq kamil insandır, ömrünün bir hissəni yaşayıb, həyata çox sərrast baxan insan kimi öz taleyinə özü qərar verirdi. Dedi, sizə gələcəyəm, demədim, başqası gəlsin. Etimad Əsədov adının yanında başqa bir insana ehtiyac yoxdur.

- Ailəniz tanıyırdı?

- Eşitmişdilər, bacım bilirdi. Həbs müddətində mən məktublaşırdım, danışırdım, onlar da hadisələrdən xəbərdar idilər. Bir yerdə Etimad Əsədov varsa, orada artıq başqa adama ehtiyac qalmır. Bu insan hamını əvəz edə bilir. Bibisinin həyat yoldaşı ilə gəldi, təfərrüatları yadımda qalmayıb, dedi ki, uşaq deyilik, kifayət qədər kamil yaşda olan insanlarıq, belə qərar vermişik. Elə bil Allah-Təala bütün müsbət keyfiyyətləri ona vermişdi, cəsur, mərd, mübariz, əzmkar, şəfqətli, nəzakətli idi. Üstəlik də romantik idi...

Məlahət xanım xaraktercə sərt və çılğın olan Etimad bəyin çətin adam olduğuna dair fikirlərlə razılaşmır:

- ... Mən bu illər ərzində heç incimədim. Bu insan o qədər mərhəmətli idi ki. Nəyəsə acıqlana, ailədə inciklik də ola bilər, amma qəlbən kimisə qırmazdı. Acıqlı nə isə deyibsə də, üstündən 15 dəqiqə sonra narahatlıq keçirirdi, çalışırdı ortamı düzəltsin, deyirdi, canım-gözüm əlində nə vardı, çay gətir, içək. Birlikdə yaşadığımız 17 ildə əl qaldırmaq nədir, bircə dəfə özümə qarşı kobud söz də eşitmədim.

Ancaq nəvaziş və həssaslıq gördüm. Yaşadıqlarımıza görə “Etimad çətin adamdır” deyənləri qəbul etmirəm. Əksinə Etimad Əsədov çox rahat adam idi.

- Qarabağlı günləri necə xatırlayırdı?

- Şirin günlər kimi xatırlayırdı. Yay aylarında atası ilə Kəlbəcərə - yaylağa getmələrindən danışırdı. Deyirdi ki, dünyanın cənnəti Kəlbəcərdir. Kəlbəcərin təbiətinə, gözəlliyinə məftun idi. Deyirdi, Allah elə bil Kəlbəcəri ona görə yaradıb ki, insanlar cənnətin varlığına inansınlar. Uşaqlıq xatirələri mənə xüsusi zövq verirdi. Etimad bəyin uşaqlığını, yeniyetməliyini keçirdiyi o kənd, o ev, məhəllə, küçə, məktəb...

Etimadın adı olan hər yer mənə o qədər doğma görünürdü ki. Hərdən təxəyyülümü lap irəli aparıb özümü də orada təsəvvür etmək istəyirdim. İstəyirdim, mən də onların kəndinin qızı olum. Amma tez hafizəmi geri qaytarırdım ki, o vaxt orda olsaydım, indi burda olmazdım axı! Bəlkə Etimad məni heç sevməyəcəkdi, bəyənməyəcəkdi. Bəs mən Etimadın sevgisi olmadan neylərdim?! O danışdıqca ağlımdan yüz cür şeylər keçirirdim.

- Hərbi xidməti harada keçib?

- Əsgərliyini Daşkənddə çəkmişdi. Həbsxanada nəzarətçi olmuşdu. Özbəkistanı çox sevirdi. Oranın təbiətinə, barlı-bərəkətli torpağına heyran idi. Bircə Özbəkistana səfər etmək keçirdi ürəyindən. Deyirdi ki, hələ SSRİ vaxtından Daşkənd çox gözəl, çörəkli şəhərdir. Bayıl təcridxanasında olanda da əsgərlik illərini xatırlamışdı. Yazırdı ki, mənim üçün məhbəs də heç bir çətinlik yaratmır, hərdən mənə elə gəlir ki, yenidən əsgərlikdəyəm. Qeyd eləmişdi ki, burada hərbçilər çoxdur, Daşkənddə onunla hərbi xidmətdə olmuş bir əsgər yoldaşı da orada nəzarətçi işləyir və tez-tez ona baş çəkir. Deyirdi, hər dəfə o gələndə elə bilirəm dustaq deyil, elə əsgərəm.

- Bəs ailəsi Ağdamdan nə vaxt çıxmışdı?

- Etimad bəyin doğma kəndi Papravənd Ağdərəyə ən yaxın kənd idi. Kəndi ermənilər atəşə tuturmuş. Baldızım Mehriban deyir ki, mühasirə başlayanda Etimad minaya düşmüşdü. O zaman anası Bakıda imiş. Müharibədən qabaq qardaşları da Bakıya köçüb işləyirlərmiş. Etimadgilin evində atası, o vaxt hələ subay olan bacısı Mehriban və əkiz qardaşı Mötəbər qalıbmış. Qardaşı postda növbə çəkirmiş. Ailəli olan bacısı Səliqə, Məhəbbətgil də kənddən hələ çıxmayıbmış, postda dayanan əsgərlərə yemək hazırlayıb göndərirmişlər. Etimad xəstəxanada müalicə olunduğu vaxtlarda atası Bakıya gəlib, sonra da qardaşı Mötəbər. Mehribansa kəndi ən son tərk edənlərdən biri olub.

- Etimad bəy qardaşı ilə əkiz idi?

- Hamı deyir qardaşı ilə xasiyyətcə də, görünüşcə də heç oxşamırlar.

- Bayaq qardaşı ilə fotolarını gördüm, həqiqətən bənzəmirlər. Evi yəqin təzəlikcə muzeyə çevirmisiniz...

- Hə, kimdə nə şəkillər vardı, yığmışam, stend kimi düzəltmişəm, bir neçə şəklini də böyütmüşəm. Bu şəkildən çox xoşum gəlir.

“Şərq”in redaksiyasında çəkilib.

Aclıq aksiyasından sonra Etimad bəy müsahibə verməyə gəlmişdi, Rey Kərimoğlu da yanındaydı. Çay süfrəsi düzəltmişik, oturub söhbət edirdik. “Foto Rasim” kimi tanınan Rasimi dəvət etmişdik, fotoaparatını bir dəqiqə boş saxlamırdı, hər pozada çəkirdi. Elə gözəl anları lentə almışdı ki... Bu fotoda gülür, üzünün gözəl ifadəsi var, gülər çöhrəsi, cazibəli baxışları... Böyütdürüb evə gətirmişdim. Seyid Camal Əzimbəyli Etimad bəylə dost idi, qardaş kimiydilər. Bizə gəlmişdilər, bu şəkli gördü, soruşdu ki, bunu sosial şəbəkədə paylaşmaq istəyirəm, altına nə qeydi yazım? Dedim, vallah dar macalda ağlıma bir şey gəlmir. Həyat yoldaşı Sevinc xanımla gəlmişdi, onlar gedəndən sonra fikirləşdim ki, Əliağa Vahidin qəzəlindən “Səni zəmanə yetirməz dübarə, bir dənəsən” beytini yazacağam. Yeri düşəndə deyirdi, gör kişi nə yazıb ey. “Yansın dilim ağzımda, desəm nazını az et, Naz et mənə, ey sevgili canan, mənə naz et” sevdiyi beyt idi. Bu qəzəli əzbərləmişdi. Bir də gördün, deyirdi, kitabı gətir, qəzəlləri oxuyaq. Deyirdi, əşi kişi dəryadır, gör nələr yazıb. Orada bir beyt var, Səməd Mənsur adında qəzəlxanı Əliağa Vahid özünə ustad hesab edir.

Bu beyt onun beytidir, Əliağa Vahid ona nəzirə kimi yazıb. Axırda deyir ki,

Vahid, demə, mən daimiyəm zövqü-səfadə,
Mənsuru da yad etməliyik dari-fənadə.
Bu misreyii-nazi o demiş bir belə sadə,
Ya Rəbb, sən ona rəhmətini eylə ziyadə,
Qəbr içrə onun ruhini lütfünlə fəraz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Burada Mənsurun adı çəkilir. Bu qəzəli oxuyanda Etimad bəy deyirdi ki, gör bu insan onun adını beytə salıb, deyir mənim deyil ha, Səməd Mənsurundur. Vahidin qəzəlidir, amma əsas kök misra Mənsurdan gəlir. Deyirdi, insanın böyüklüyü onda görünür ki, sən özündən yüksək olanın böyüklüyünü qəbul edirsən, deyirsən ki, o, məndən üstündür. Vahid Vahidliyi ilə təsdiq edir ki, Mənsur məndən də yüksəkdədir.

- Özü şeirlər də yazırmış, deyəsən. Xüsusən Bayıldan göndərdiyi məktublarında Sizə şeirlər də yazıb...

- Hə, həbsdə olanda yazdıqlarından başqa, mən əməliyyat olunanda, Həcc ziyarətindən qayıdanda da yazmışdı. Kənddə bir qıza da şeir yazıbmış. Dostu xahiş edib, o da şeirin hər sətrini qızın adının hərfləri ilə başlayıb. Deyirdi, o vaxt belə şeirlər dəb idi. Bir dostu üçün qız qaçırmışdı, həm də bu qız qohumları imiş. Deyirmiş, nə olsun, o qohumumdur, bu da dostumdur. Məktubların birində poema yazmışdı. “Gün var əsrə bərabər” romanını göndərmişdim, Nayman ana faciəsinə çox üzülmüşdü, ona möhkəm təsir etmişdi. Ona görə “Ana faciəsi” poemasını yazmışdı. Deyirdi ki, bu rəvayətin yazılmasının “günahkarı” sənsən. Yazmışdı ki, ana müqəddəsliyi ona bu hissləri yaşadıb, sən də mənim parçam, ömür-gün yoldaşım, həm də anasız olduğun üçün, anamız üçün darıxdığımızdan bu meydana gəlmişdi, axı ikimiz bir canıq.

- Hansı mahnılara qulaq asırdı, kimləri dinləməyi sevirdi?

- Səxavət Məmmədovun ifasına qulaq asmağı çox xoşlayırdı, Allah rəhmət eləsin. Gözəl olan hər şeyi sevirdi. Məhəbbət Kazımovu da xoşlayırdı, deyirdi ki, Məhəbbət yana-yana oxuyur. Ona görə də ürəyi partladı. “Nanəli” verilişində Məhəbbət Kazımovun xatirəsi anılırdı, “İndi məndən küs görüm” mahnısı səslənirdi, Etimad bəyin yaman xoşu gəlirdi o mahnıdan, eşidəndə ağlım çaşır az qala.

Niyəsə o mahnı sanki Etimadın dilindən oxunur kimi hiss yaranır. Rus estradasını da sevirdi. Təzə mahnılar çıxan kimi kasetləri əldə edirmiş. Ən çox xoşladığı da İrina Allerqovanın mahnıları olub. Hərdən məndən soruşurdu ki, Allerqovanın mahnılarını qulaq asdırmışam sənə? Deyirdim, yox. Təəccüblənirdi ki, necə yəni, axı maşında kasetim vardı. Gülümsəyib deyirdim, canım, bu, “mənim vaxtımda” olmayıb. Sevdiyi müğənnilərdən biri də Ququş idi, Azərbaycan əsilli İran müğənnisi Faiqə Atəşin. Etimad bəy teatr, konsert sevən deyildi. Amma həmişə deyirdi ki, bircə Ququş Bakıya gəlsə, onun konsertinə gedərəm. Heyfsləndiyim bir də budur ki, o illərdə indiki kimi internet imkanları yox idi. Yoxsa, Ququşun “Uzun gecə”dəki o məşhur mahnısını Yutubda dinləyərdik. Necə də xoşuna gələrdi...

- Fotolarda da görünür, rəhbər şəxslər aclıq aksiyası keçirən qazilərə baş çəkir, nazirlər də onlarla hesablaşırdı...

- Etimad bəy deyirdi ki, cəmiyyəti təzə-təzə quran vaxtlar sıfırdan başlamışdıq. Sonra özlərini təsdiq elədilər, o vaxt Səhiyyə naziri Əli İnsanov Qarabağ Əlillər Cəmiyyətinə gəlirdi. Tələblərini ortaya qoyub özlərini təsdiq eləmişdilər, nazir artıq onlarla əlaqəyə girirdi.

Dərman preparatları gətirmişdi. Sosial Müdafiə naziri Əli Nağıyev gəlirdi. İcra başçıları gəlir, yer ayırırdılar ki, Qarabağ əlilləri satışla məşğul olsun. Qanunda kvota var, Etimad bəy bunları daha yaxşı bilirdi, işçilərdən neçəsə faizi Qarabağ əlili olmalıdır və s. Haqqı olan şeyləri dişləri-dırnaqları ilə vuruşub alırdılar. Dünya fanidir, insan fikirləşir, bu gün varam, sabah yoxam, dünyada əbədi heç nə yoxdur. Etimad bəy həmişə məktublarında yazırdı ki, axirətimizi düşünməliyik.

Çalışırdı insanlara yardım əli uzatsın. Məsələn, gəlirdi ki, bu gün bölgədən bir əlil gəlmişdi, baxdım ürəyim ağrıdı, kostyumumdan, köynəyimdən gətir, aparım. Bu insan bu gün təqaüdünü götürüb son manatına qədər xəstəyə verən insan idi. Deyirdi, bu insan müalicəyə getməlidir, düşünmürdü, sabah necə olacaq, söyləyirdi ki, Allah yetirəcək. Həqiqətən Allah yetirirdi. Etimad bəy həmişə deyirdi ki, Allah-təala deyir, elə bəndə varmı, mənimlə səxavət yarışına çıxsın, mən verdikcə o da paylasın. Sən gərək verəsən ki, Allah da sənə yetirsin. Baldızım Mehriban xatırlayırdı ki, o biri qardaşlarımdan pul istəyəndə bəzən deyirdilər, yoxdur, Etimad məktəbi təzə qurtarıbmış, yeni işə başlayıb, cibində 1 manat da olsa, çıxarıb verirdi, o qədər səxavətli insan idi. Bir iş düzəlmirdi, necə əsəbiləşirdi, amma onunla belə insan öz təmizliyini, saflığını qoruyub saxlayırdı.

Mən də az müsahibə götürməmişəm, hərdən müsahiblərə sual verirlər ki, bəyənmədiyiniz xüsusiyyətiniz nədir? Cavabında deyirlər, insanlara tez inanmağımdır. Əslində bu, pis keyfiyyət deyil, adamlara inanırsansa, deməli, təmiz insansan. Özün təmizsən ki, qarşındakına da inanırsan. Bu, onu göstərir ki, Allah-Təala sənə lütf edib belə keyfiyyət verib. Etimad bəy də eləydi, zərbələr alırdı, hərdən ad çəkirdi ki, filankəslərə kömək elədim, ayağa qaldırdım, amma yıxılanda mənə zərbə vurdular. Həmin adamlar yenə kömək üçün müraciət edəndə yardım edirdi.

Qazilər danışırdı ki, ofisdə otururduq, bir də görürdük, kimsə gəlir və deyir, Etimad bəy filan şey lazımdır, o da cavab verirdi, vallah imkan yoxdur, amma adam qapıdan çıxırdı, gözdən itməmiş deyirdi, çağırın gəlsin, birtəhər işini düzəldəcəyəm. Hətta yox dediyi insanı da qaytarırdı ki, gəl, ürəyi dözmürdü ki, ehtiyacı var.

- Bəs, Etimad bəyin son gününü necə xatırlayırsız?

- Rəbbinə etiraz etməyən insan idi, elə də getdi. Xəstələnəndə çox ağlayırdım. Etimad bəy mənim üçün hər şey idi. Acıq getməsin, ata, ana, bacı qardaş əzizdir, hamısı öz yerində, amma hamı bilirdi ki, mənim üçün Etimad bəyi heç kim əvəz eləmir. Mən elə bilirdim, atam, anam, qardaşım, bacım odur. Hamı Etimad Əsədovda cəmləşmişdi.

Bu insana o qədər güvənirdim ki. Mənə elə gəlirdi ki, bu insana heç nə ola bilməz, niyə xəstələnməlidir ki, güclüdür, hər şeyin öhdəsindən gələ bilər. Diaqnozu xərçəng çıxanda dedim ki, xərçəng nədir, sən kimlərə qarşı durmamısan, buna da qalib gələcəksən. Dedi ki, bu, ondan deyil ey, bu xəstəlik məni aparmağa gəlib, yuxumu da görmüşəm. Yenə də barışmırdım. Qəbul etmək istəmirdim. Nə qədər xərçəng xəstələri var, illərdir yaşayırlar. Mən özüm də əməliyyat keçirmişəm, özlüyümdə fikirləşirim ki, niyə Etimad bəy az yaşasın. Suallar verirəm, yenə də eyni nöqtəyə gəlirəm.

Allahın təqdiridir. Hərdən deyirəm, ay Allah, niyə mənim Etimadımı əlimdən aldın, məni tək qoydun. Axı mənim Etimaddan başqa heç kimim yoxdur. Sual verirəm, sonra deyirəm, Allah məni bağışla, sən nə yazmısan, onu qəbul etməliyik. Yenə də ürəyimdə barışmıram. Evə gəlirəm, deyirəm, bu vaxt Etimad bəyin işdən gələn vaxtıdır. Darvaza açılanda deyirdim, gələn odur. Hər şey gözümün qabağındadır, necə oturur, içəri keçəndə ayaqqabılarını necə çıxarır, paltosunu necə soyunur...

Bir dəfə deməzdi ki, get, paltomu as. Özü gedib asacaqdı, heç vaxt deməzdi ki, mənim üçün bunu elə. Həmişə istəyirdim onun istədiyi şeylər olsun. Fikirləşirdim, onun üçün başqa nə edim. Etimadsızlıq çox çətindir. Hər şeyi o qədər əhatə edən insan idi ki... Gülüşü, zarafatı, danışığı, evdəki hərəkətləri, adicə verilişə baxmağı, pişiklə davranması... Məstanı sığallamağı, ona nəvazişi gözümün qabağına gəlir, o qədər pis oluram... Deyirəm, Allah məni tez apar, belə deyəndə qohumlar acıqlanır. Etimadı tez görmək istəyirəm, onun üçün o qədər darıxıram ki... Tez boynuna sarılmaq istəyirəm. Etimada elə bağlanmışdım ki, üçüncü şəxsə ehtiyac duymadım.

O, hamını qoruyur, müdafiə, himayə edirdi. O cümlədən də məni. Ən əsas da qazi şərəfini, qazi qürurunu sonadək qorudu. Mənim üçün Etimad bəy həqiqətən də güvən yeri, sığındığım dağ insan idi. O məni xəstəlikdən qorudu, mən onu qoruya bilmədim. Bir ingilis filmi var “Gülməli qız”. Orda ana qızına məsləhət verir, deyir, həyat yoldaşını az sev, çox kömək et. Mən bunu bacarmadım. O qədər çox sevdim ki, kömək etməyi unutdum. Bunu özümə bağışlaya bilmirəm. Hərçənd başa düşürəm ki, bu, mümkünsüz idi. Allahın təqdiri belə idi. Yazıya pozu yoxdur. Etimad bəyə təbriklərimin birində belə yazmışam:

Qədər bəyaz kağızda südlə yazılmış yazı.
Əlindəsə, bəyazdan gəl də ayır bəyazı...

“Boz qurdlar” əsərindəndi. Özü də deyirdi ki, sən heç nə edə bilməzsən. Amma yenə də düşünürəm nələrsə etməliydim. Bacarmadım... Sözlərə çevrilən bu hisslər Etimadsızlığın dəhşətli ağrısındandı. Mən Etimadı görənədək bu ağrı içimdə, ürəyimdə qalacaq. Bu ağrını ancaq Etimad özü yox edə bilər. Bilmirəm, mənmi onun üçün missiya idim, omu mənim üçün missiya idi?..

O özü də axı rahatlıq verirdi. Bu insanın adı mənim üçün güvən idi, mənə arxa, dayaq idi. Etimad Əsədovun xanımı adı mənə hörmət, sayğı deməkdir. Sağ olsunlar, qazi qardaşları həmişə maraqlanırlar, kömək edirlər. “Qazi qardaşları” ifadəsi sözdə deyil, sanki insanları ağrı-acı birləşdirib. Sevginin birləşdirdiyi bir başqadır, ağrı-acının birləşdirdiyi bir başqa. Hərdən Etimad bəy məktublarında da qeyd edirdi, biz birgəyik, ağrı-acılarımız da birdir. Mən sanki Etimadın ağrısını hiss edirdim. İnsanları birləşdirən tək sevgi deyil ki. Eyni şeyə sevindiyin kimi, eyni şeyə kədərlənirsənsə, bu da səni birləşdirir. Aramızda söhbət olurdu, qabaqlar soruşurdum, sən mənim nəyimi bəyənirsən. Təbii ki, Etimad bəy bilirdi mən onu niyə sevirəm. Məğrur insandır, qəhrəmandır, mübariz, haqsevər, ədalətsevər, heç kəsin haqqına girməyən və haqq uğrunda mübarizə aparan insandır. Mən buna görə Etimad bəyi sevmişəm. Soruşdunuz necə oldu tanış olduq. Birdən-birə qığılcım parladı, sən kimisə sevdin, bu, belə deyildi.






Fikirlər