ORXAN PAMUK: “Bunu sevgilimlə etməyi sevirəm…” – MÜSAHİBƏ/FOTOLAR

“Ən bəxtsiz yazıçıyam…”

 

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yeganə türkiyəli yazıçı Orxan Pamuk “Kırmızı saçlı kadın” (“Qırmızı saçlı qadın”) adlı yeni romanı ilə oxucularını sevindirib.

 

Orxan Pamuk yeni romanında əfsanələrin, dastanların taleyimizə necə təsir etdiyindən yazıb. Yer üzündə min illərdir yaşayan bəşər övladının günah hissinin, qorxularının, şüuraltında gizlənən detallarının həyatı necə formalaşdırdığına toxunan yazıçı mifologiyadan bəhrələnib.

 

Dilimizə də çevrilən “Kafamda bir tuhaflık” (“Başımda bir qəribəlik”) adlı romanından 1 il sonra çap edilən bu əsərlə yenidən gündəmə gələn Pamuk “Hürriyət” qəzetinə müsahibə verib.

 

Orxan Pamukun yeni romanı ilə yanaşı, siyasətə və həyata baxış bucağı, həmçinin, şəxsi həyatı ilə bağlı detalları sizə də maraqlıdırsa, Publika.az-ın “Şirin söhbət”ini mütləq oxuyun!

 

- Bir  il sonra yeni bir romanla qarşımızdasınız. Bu dəfə uzun fasilə vermədiniz…

- Bundan öncəki romanımı yazmağa 6 il sərf etmişdim, 700 səhifə idi. 40 ildir ki, yazıram. İldə təxminən, 200 səhifə yaza bilirəm. Yaşım artdıqca daha sürətli yazmağa başlamışam. Çünki həmin mövzuları 30-35 ildir ki, düşünürəm, sadəcə yazmaq qalır.

 

- Kitabda cəmiyyətə bir psixoanalitik kimi yanaşmısınız. Freyd oxusa, məzarından çıxıb sizə təşəkkür edərdi…

- Edə bilərdi. Güclü ata obrazı, ataya üsyan, ana sevgisini qazanmağa çalışmaq... Bu mövzuları sevirəm. Freydin bir çox əsərini oxumuşam. Yuxularla bağlı kitabından çox şey öyrənmişəm.

 

-Siz dastanların gücünə, bəşər övladının keçmiş zamanlarda formalaşan ortaq şüuraltının həyatımıza birbaşa təsir etdiyinə inanırsınız.

- Əfsanələrin, ədəbiyyatın, fəlsəfənin, əxlaq nəzəriyyəsinin cəmiyyəti formalaşdıran xüsusiyyəti var. Bu mənada Freydin şagirdi Yunqun düşüncələrini bəyənirəm.

 

- Türkiyə müasirliklə ənənələrin qovuşma nöqtəsindədir. Siz isə kitabda deyirsiniz ki, “iranlılar türklərdən fərqli olaraq, qərbləşmə səbəbilə, keçmiş şair və əfsanələrini unutmayıb.

- Qəbul edək ki, İran mədəniyyətində ənənələr çox güclüdür. Tanıdığım iranlılar şairlərini oxuyurlar. Ömər Xəyyamdan da, Mövlanədən də xəbərdardırlar. Biz ədəbi ənənələrimizi dəyişdirməyə qərar verdik. Bunu açıq şəkildə dilə gətirdik. Ancaq bu hər şeyin unudulmasına səbəb oldu.

 

- Mən də İranda olmuşam. Zəngin mədəniyyətlərinə heyran qaldım. Ancaq yenə də öz-özümə sual verdim, “görəsən, iranlılar bunun faydasını görürlər?”

- Bu çox maraqlı mövzudur. Ənənə atanın oğlunu öldürməsini normal hesab edir və bunu doğru kimi qələmə verirsə, belə ənənədən qopmaq lazımdır.

 

- Bizim şüuraltımızı formalaşdıran bu cür əfsanələrimiz  var?

- Ənənələrin güclü olduğu ən məşhur mətnimiz şübhəsiz ki,  “Dədə Qorqud”dur. Bu dastanın Freydin baxış bucağı ilə araşdırılıb dəyərləndirilməsini çox istəyərdim.

 

- “Qırmızı saçlı qadın” Türkiyədə avtoritar rejimin bərqərar olduğu bir vaxtda nəşr olundu. Bu təsadüfdür?

- Bu cür şeylər təsadüfən olur. Getdikcə avtoritarlaşan bir cəmiyyətdə yaşayırıq. Mən bu əsəri bir ildir ki, yazıram. Yazmağa seçkilərdən 2-3 ay öncə başlamışdım.

 

- Bir az Türkiyədən danışaq. Ölkənin gələcəyini necə görürsünüz?

- Pis görürəm, kədərlənirəm. İqtidar partiyasının millət vəkili olsaydım, universitet müəllimlərinə bu qədər təzyiq edilməsindən narahat olardım. Təhsil sahəsində işləyənləri əzmək, alçaltmaq, onlara “vətən xaini” demək qəbul edilməzdir. Bir də Can Dündarın həbs edilməsi mövzusu var. Nə deyə bilərəm?

 

- Amerikanın nüfuzlu onlayn saytı “Daily Beast”də yayımlanan “Nobel lənəti Orxan Pamuku öldürdümü?” adlı məqalədə deyilir ki, “Orxan artıq nostalgiyaya meyl edib,  eşq romanları yazır”.

- Ona qalsa, “Independent” də “Ən yaxşı kitablarını “Nobel”dən sonra yazdı” deyir. Bunlara cavab vermək istəmirəm. Bəlkə,  dünyada siyasi mövzularda ən çox müsahibə verən ən bəxtsiz yazıçıyam. Türk olduğum üçün məndən daim siyasət haqqında soruşurlar.

 

- Ölkənin ən önəmli ziyalılarından birisiniz. Ətrafınızda həbsə girənlər, işsiz qalanlar, hətta hücuma məruz qalanlar olur. Öz-özünüzə “Nəsə etməliyəm” deyir, vicdan əzabı çəkirsinizmi?

- Bəzən başım romana qarışır. Bu müddətdə kimlərsə işdən qovulur, həbsə düşür, lakin mən heç nə edə bilmirəm. Bəzən özümü günahkar hiss edirəm. Ancaq buna çox vaxtım qalmır. Çünki “mail” və telefon vasitəsilə mənə daim bu tip xəbərlər gəlir.

 

- Həmin “mail”lərə necə cavab verirsiniz?

- İki cür qorxum var: birincisi, mövcud avtoritar və mənfi kompaniyaların hədəfinə çevrilmək, ikincisi isə hər ağzımı açanda siyasətdən danışan adam kimi qələmə verilmək.

Bir dəfə Norveçdə Pol Osterlə görüşmüşdük. Dedim, “Nə yaxşı ki, Amerikadasan. Məndən isə daim siyasət haqqında soruşurlar”. O dedi ki, “Məndən də Körfəz müharibəsini və Buşu soruşurlar”. Yazıçılıqda bu vəziyyətdən xilas yoxdur.

 

- Sizcə, ölkəmizdəki qorxu və gərginlik cəmiyyəti necə dəyişdirir?

- Türkiyənin ən böyük müxalifət qəzetlərindən birinin redaktoru həbs edilib. Belə vəziyyətdə “Hər şey nə gözəldir”, deyə bilmirsən. Mən yalnız ədəbiyyatdan danışaq deyən insanam. Bu, artıq imkansızdır, insanlığa sığmır. Can Dündar həbs olunanda oturub romanını yaza, bu haqda sual verən olanda “Mənə nə?” deyə bilmirsən.

 

- “Huffington Post” sizi dünyanın ən nüfuzlu dördüncü “fikir lideri” seçdi. Birinci isə Papa olmuşdu. Nə hiss etdiniz?

- Mən də qəzetlərdən öyrəndim. İnsan gülür, dostlarına göstərir, yanlışlıq olduğunu düşünür. Hər halda, Papa da “Bunda bir yanlışlıq var”, deyib.

 

- Fikrinizi öyrənmək üçün sizə tez-tez zəng edirlər?

- Bəli, ancaq zəngləri həmişə xoşniyyətli olmur. Bəzən olur ki, gündəlik qəzetləri oxuya bilmirəm, bu səbəbdən, baş verənlərdən xəbərsiz oluram. Sonra görürəm ki, yenə pis nəsə olub. Müxtəlif mətbu orqanlar “mail”imə suallar göndərir, nə cavab verəcəyimi bilmirəm. Fransada baş tutan terror aktı zamanı bütün cəmiyyət terroru lənətləmişdi, hamı eyni fikirdə idi. Bizdə isə bomba patlayır və hamı bir-birini  “sənə görə oldu” deyərək günahlandırır. Bu cür ölkənin yazıçısı olmaq, həqiqətən, yorucudur. Açıqlama verməsəm, olmur, danışanda da hər şeyə qarışırammış kimi çıxır. Görək, nə vaxta kimi belə davam edəcək.

 

- Artıq “Nobel” mükafatına layiq görülən türklərin sayı iki oldu. Bu xəbəri necə qarşıladınız?

- Gözəl duyğudur. Universitetlərdən birinə getmişdim. Bir də gördüm ki, qələbəlik kimisə əhatəyə alıb, sən demə Əziz Sancar imiş. Gələcəyini bilmirdim, tez yanına gedib “Müəllim, çox təbrik edirəm” dedim. Qucaqlaşdıq. Sonra fotoşəkil çəkdirdik. Sabahı gün xəbər göndərdi ki, o şəkillərdən birini ona yollayım.

 

- Siyasətdən və ölkənin vəziyyətindən kifayət qədər danışdıq. Bir az fərqli suallar verim ki, rahatlaşaq. Eşq həyatınız necə gedir?

- Beş ildir ki, Əslı Akyavaşla birlikdəyəm. Sevgilimlə günümü bölüşməyi, hər şey haqqında söhbətləşməyi çox sevirəm. Şəxsi həyatımda azad və xoşbəxtəm. Elə bir ölkədə yaşayırıq ki, insan xoşbəxt olduğunu deməyə çəkinir. Ölkədəki vəziyyətdən bezmişəm, ancaq bu şəxsi həyatımda xoşbəxt ola bilməyəcəyim mənasını vermir.

 

- İndi nə işlə məşğulsunuz?

- Yeni romana başlayıram. Adı “Vəba gecələri” olacaq. Onu da nəzərə alın ki, düz 30 il “Qırmızı saçlı qadın”ın adının “Quyu” olacağını fikirləşirdim.

 

- Yeni romanınızın mövzusu nə olacaq?

- Bu daha uzun, iddialı və tarixi bir roman olacaq. “Mənim adım qırmızı”da rəsmlərdən necə bəhs etmişdimsə, bunda da ədəbiyyatdan bəhs edəcəm. İnşallah, bitirərəm və adını dəyişdirmərəm.

 

- Nə vaxt çıxacaq?

- 2017-ci ilin payızında nəşr etdirmək istəyirəm. Bu mövzuda artıq heç nə danışmaq istəmirəm.

 

- Onda “Qırmızı saçlı qadın”la davam edək. Kitabda öz atanızdan izlər var?

- Mən varlığını hiss etdirməyən, bizi tərk edən bir ata ilə böyümüşəm. Kitabda da atasızlığın ağrısı hiss edilir. Atam ölməmişdi, ancaq çox vaxt yanımızda olmurdu. Bəzən qardaşımla bu mövzunu müzakirə edirik. Atam mədəni, liberal insan idi. Səsini yüksəltməyən, “İstədiyinizi edin, siz çox ağıllısınız” deyən bir adam idi. Mənə azadlıq verib. Bir çox şeyə görə atama minnətdaram, xüsusilə də, gözəl kitabxanası olduğu üçün.  Deyək ki, mənə Sartrın  kitabını verirdi. Mən o kitabı yazan adam olmaq istəyirdim. Paşa, din adamı, dövlət adamı olmaq istəmirdim. Mənə heç vaxt yazıçı ola biləcəyimi deməyib. Amma onun xoşuna gələcəyini bilirdim.  Nobel aldığımı da görməyini istəyərdim. Yaşlandıqca başa düşürsən ki, əslində, hələ də bir çox şeyi atamız, anamız bəyənsin deyə edirik, ancaq bundan xəbərimiz yoxdur.

 

Yeni kitabımda Cem obrazının atasının yox olmağı, sonra evlənib qarşısına çıxmağı... Açıq ifadə etməsəm də, kitabımda avtobioqrafik detallar var.

 

İlknur

* Fotoları təqdim edirik

 






Fikirlər