“OGRU”lar dövlətə qarşı qeyri-siyasi müxalifətin təmsilçiləridir”

“Dövlət orqanları həmişə bəzi dırnaqarası oğrulardan istifadə edib”“Oğru”ların qəhrəman kimi gənclərə nümunə göstərilməsi olduqca ziyanlıdır”

Qurban Məmmədov: “Rövşən Lənkəranski öz aləminin yaxşı oğlanlarından idi”

 

Rövşən Lənkəranskinin ölümü xeyli müddət ictimai müzakirələrin obyekti oldu. Bəziləri hətta onu qəhrəman, Vətənin igid oğlu kimi qələmə verdi. Bir çoxları da açıqdan-açığa “oğru aləmi”ni təbliğ etdi, cinayət aləminə sanki rəğbət yaratmağa çalışdılar.

 

Ancaq fakt faktlığında qaldı: Lənkəranda R. Lənkəranskinin dəfn mərasimi minlərlə adamın iştirakı ilə keçdi və hətta bir çox Azərbycan ziyalısının dəfnindən də təmtəraqlı oldu.

 

Ölkəmizdə nə baş verir? Dəyərlərmi dəyişdi? “Oğru aləmi” nədir, ondan nümunə götürməyə nəsə varmı? Gənclərə bu proseslər necə təsir edir?

 

Moderator.az olaraq bu və digər suallarla hüquqşünas Qurban Məmmədova müraciət etdik. Cavablar o qədər maraqlı və gözlənilməz oldu ki, siz dəyərli oxucularımızla da bölüşmək istədik. Buyurun oxuyun.

 

Qurban bəy, Rövşən Lənkəranskini tanıyırdınızmı? Onun ölümü həqiqətənmi Azərbaycan üçün itkidir? Bir də bu “vorzakon”, “qanuni oğru”lar barədə nə deyə bilərsiniz?

 

- ALLAH(c.c) Rövşənə rəhmət eləsin, qəbri nurla dolsun. Bizim dinimizə görə ölənin arxasınca pis söz danışmazlar. Bu baxımdan da, Rövşənin ölümündən sonra onun haqqında sosial şəbəkələrdə mənfi fikirlərin yazılmasını düzgün hesab etmirəm. Ancaq cinayət aləminin, cinayət qanunlarının da təbliğatını səhv və ziyanlı hesab edirəm. Rəhmətlik Rövşən və başqa “oğru”larımız haqqında danışmadan öncə, kriminal termin kimi bu “oğru institutu”nun tarixinə nəzər salmanı faydalı hesab edirəm.

 

Əvvəla, haqqında danışdığımız “vorzakon”, rus dilində “vor v zakone”, “qanuni oğru” anlayışları yalnız keçmiş SSRİ və postsovet ölkələrinə xasdır. Dünyanın heç bir yerində sovetlərdəki və indi də bizdəki kimi yapılanmaya rast gəlinmir.

 

Oxucular üçün aydın olsun deyə, “oğru” sözü bizim dilimizdə indi iki mənada işlənir: biri başqasının malını qanunsuz olaraq öz mülkiyyətinə keçirdənə, digəri isə, cinayət aləminin idarəçiliyində ən yüksək söz sahibi olanlara, yəni ən azı iki “vorzakon”un rekomendasiyası ilə “oğru yığıncağı”nda (rusca: sxodka) tacqoyma mərasimində “oğru” adı alan deyilir. İkincilərə cinayət aləmində indi “böyük qardaş” və ya sadəcə olaraq, “qardaş” da deyilir.

 

Bizim mövzu ikincilər haqqındadır.

 

Bu institut, yəni “vor v zakone” anlayışı ilk dəfə keçən əsrin 30-cu illərində sovet NKVD-si tərəfindən, cinayət aləmini idarə etmək, zəruri informasiya almaq və arzuolunmaz adamları aradan götürmək üçün düşünülmüş bir metodun adıdır. Bu məqsədlə NKVD cinayətkarların arasından müəyyən adamları “vorzakon” mövqeyinə qaldırır və onların əlilə də zonları idarə edir, gözlənilən dustaq üsyanlarının qarşısını alır, istər “zon”larda, istərsə də cəza müəssisələrindən kənarda baş verən cinayətlərin üstünü açırdılar. Sonradan bu proses nəzarətdən qismən çıxır və cinayət aləminə həqiqətən də başçılıq, rəhbərlik edən, cinayət aləminin qaydalarını müəyyənləşdirən həqiqi “oğrular” ortaya çıxır. Ikinci dünya müharibəsi başlayanda NKVD yaranmış vəziyyətdən, “oğru”lar arasında qarşıdurmalar yaratmaq məqsədilə, məharətlə istifadə edir. Cinayət aləminə, müəyyən güzəştlər qarşılığında, Vətənin müdafiəsində iştirakla bağlı müraciət edilir. Bu vaxt “oğru”lar iki yerə bölünür. Bir qismi müharibəyə yollanır, qalanlar isə bunun “oğru qanunları”na zidd olduğunu elan edirlər. Müharibəyə gedənlərin arasında, göstərdikləri şücaətlərə görə, orden, medallar alanlar da olur. Müharibədən sonra isə bu iki tərəf arasında cinayət aləmində nüfuz üstündə qanlı toqquşmalar baş verir. Bundan oğru aləmi xeyli nüfuzlu adamlarını itirir.

 

Mövzunu çox uzatmayaq, dövlət orqanları həmişə bəzi dırnaqarası oğrulardan istifadə edib, bu gün də etməkdədir. Dövlət də elə bununçün dövlətdir.

 

Rövşən Lənkəranski isə həqiqi “oğru”lardan idi.

 

“OĞRU”LAR DÖVLƏTƏ QARŞI QEYRİ-SİYASİ MÜXALİFƏTİN TƏMSİLÇİLƏRİDİR. BU MÖVQELƏRİNİ ONLAR DA ÖZ BİLDİKLƏRİ KİMİ ƏSASLANDIRIRLAR.

 

- Necə? Cinayətkar fəaliyyəti, qanunsuz əməlləri nəylə, necə əsaslandırmaq olar?

 

-Bu barədə mənim rəhmətlik Hikmətlə (Sabirabadlı Hikmət Muxtarov) günlərlə uzanan söhbətlərim olub. Rəhmətlik Bəxtiyarla (“Batya” deyə çağırırdılar) da həmçinin. Məsələn, Hikmət bu yola düşməyinin səbəbini belə izah edirdi: “Məndən savadsız, məndən qabiliyyətsiz gədənin biri vəzifəsindən istifadə edib dövləti talayır, eninə-uzununa istədiyi kimi yaşayırsa, mənim və yaxınlarımın haqqını yeyirsə, haram yeməsinə baxmayaraq, hələ bir mənə üstən aşağı da baxırsa, mən beləsinin əmrlərinə niyə tabe olmalıyam, beləsinin əlinin altında niyə işləməliyəm?” Rəhmətlik Bəxtiyar bir dəfə qısa dedi: “oğru və şərəfsizə tabe olmaq kişi işi deyil”. O, oğru deyəndə dövləti talayan məmurları nəzərdə tuturdu. Bu adamlar hamısı cavan vaxtlarında ehtiyacdanmı, ya düşdükləri əhatənin təsiri altındamı, cəza müəssisələrinə adi cinayətkar kimi düşüb oradan isə “vorzakon” kimi çıxıblar.

 

Ona görə də, “oğru”ların birinci qanunu belədir: dövlətlə heç bir əlaqən olmayacaq, işləməyəcəksən, imza edib əmək haqqı almayacaq, orduda xidmət etməyəcəksən. “Oğru” azadlıqdadırsa, mütləq oğurlamalı, qanunsuz yollarla, cinayət vasitəsilə keçimini saxlamalı, “zon”dadırsa, sözün müstəqim mənasında oturmalıdır, işləməməlidir. Gənc cinayətkarların cəzaçəkmə müəssisələrində işləmələri üçün min cür təzyiqlərə məruz qoyulmalarının da əsl səbəbi budur. Gələcəkdə “oğru” olmalarının qarşısını bu yolla almağa çalışırlar.

 

Dövlətlə heç bir əlaqən olmayacaqsa, deməli, bəzilərinin reklam xatirinə dedikləri kimi, müharibə vaxtı guya oğurluqların olmaması və ya azalması, 1989-90-cı illərdə guya Azadlıq meydanında kiminsə müraciətindən sonra Bakı şəhərində oğurluq hallarının olmaması, hansısa “Oğru”nun və ya “avtoritet”in Azərbaycan ordusuna tank-top bağışlaması barədə deyilənlər yalandır, əsassızdır. Məsələn, Ağdama ilk dəfə qrad düşən gecəsi yüzədək oğurluq faktı qeydə alınmışdı. Buna görə “cinayətkarın vətəni, milləti olmur” deyilir. Qarabağ müharibəsinin ən qızğın vaxtında da Moskvada erməni, rus millətindən olan oğrularla bizimkilərin arasında “qardaşlıq” münasibətləri saxlanılırdı, bu gün də həmçinin. Azərbaycanlı “Oğru”ların çoxu elə özümüzünkülər tərəfindən qətlə yetirilib. Rövşən də elə.

 

Oğruların ikinci ən vacib qanunu belə idi: daimi əlaqə saxladığın qadın olmamalıdır, evlənməməlisən. Başqa sözlə, arxanda göz qoymamalı, sənə görə heç kim incidilməməli, sənə dövlətin təsir imkanları minimuma yendirilməlidir. Səhv etmirəmsə, bu qanun 70-ci illərin sonunda dəyişdirildi. Ailə qurmaq yasağı qaldırıldı.

 

Başqa bir qanunları “mala-mülkə sahib olmamaq”, “narkotikdən istifadə etməmək”idi. Oğru zəngin həyat yaşamamalı, “zon”ları düşünməli, daimi evə, maşına, bank hesablarına sahib olmamalı, özünü narkotikdən asılı etməməli idi. Dünya dəyişdikcə bu qaydalar da tədricən dəyişdi.

 

Yaxşı bir qanunları da var: “ yalnız imkanlıdan oğurla və oğurlayanda hər şeyi aparma, yerində bir şey saxla”. Yaxud da: “oğurluğa gedəndə, yalnız oğurluq et”. Hərdən bu qanunları pozanlar da olur.

 

Nə isə… Bu, böyük mövzudur.

 

R.Lənkəranskini Hikmətin sözlərindən tanımışam. Özü ilə heç vaxt görüşməmişdim. Səhv etmirəmsə, 2000-ci ildə Azərbaycandan 10 nəfərə birdən “Oğru” adı verilmişdi. Rövşən, Otar, Qulu və başqaları da onların arasında idi. 2002-ci ildə 13-cü “zon”da olanda rəhmətlik Hikmətdən soruşdum ki, “bu on nəfərin hamısı sınaqdan çıxıblarmı ki ad vermisiniz?”. Cavabı təqribən belə olmuşdu: “mən də bilirəm ki, onların hamısı axıradək dözməyə bilər. Bir-ikisi qalsa, yenə də bəsdir. Bizim də ideyaları kimsə yaşatmalıdır….”

 

O vaxt Rövşən haqqında mənə danışdı. Ona və Quluya ümidləri çox idi.

 

R.Lənkəranski bir çox “Oğru”lardan fərqli olaraq, cəsarətli, qətiyyətli və vacib işləri şəxsən özü görən adam idi. “Oğru”lar, adətən, işlərini başqalarına, gənclərə gördürürlər. Yəni sifariş verirlər. Rövşən isə bir çox hallarda şəxsən özü hərəkət edirdi və amansızlığı, cəsarəti, qətiyyəti ilə fərqlənirdi.

 

Ancaq istər R.Lənkəranskinin, istərsə də, başqa “Oğru”ların qəhrəman kimi gənclərə nümunə göstərilməsi olduqca ziyanlıdır.

 

Rövşən Lənkəranski “Ded Qasan”ı erməni və ya rus olduğu üçün öldürməyib ki. Bu, oğru qanunlarına zidd bir mövqedir. Oğrular bir-birilərinə “qardaş” hesab edilsələr də, onların da arasında nüfuz dairələri üstündə qanlı müharibələr olur və daim də olacaqdır. Bu, həyatın qanunudur. Söhbət cinayət aləmində fırlanan milyonlar üzərində sərəncam verməkdən gedir. Xüsusilə də, yuxarıda qeyd etdiyim kimi, əvvəlki “oğru qanunlarının” bəzilərinin dəyişdiyini nəzərə alanda indi baş verənlər təbiidir. “Oğru”lar da, hakimiyyətdə olduğu kimi, müxtəlif mənafelər ətrafında qruplaşırlar.

 

Çox vacib bir fərqləri var: hakimiyyətdəkilər həm də yerlibazlıq və qohumbazlıq əsasında qruplaşsalar da, “oğru aləmi”ndə bu heç vaxt baş verə bilməz. “Oğru, qardaşına da, bacısına da cavabdeh deyil” prinsipi keçən əsrin 30-cu illərdən günümüzədək davam edir. Yəni, “Oğru” qardaş-bacısının əməllərinə görə sorumlu tutula bilməz.

 

“Oğru”nun milləti, Vətəni olmur”. Bu, nəzərə alınmalıdır.

 

Sadəcə olaraq, istər cinayət aləminin cəzaçəkmə müəssisələrində idarə edilməsində, istərsə də, ondan kənarda gəlirlər üzərində nəzarətin təşkilində “Oğru”ların böyük rolu var.

 

Bu baxımdan, Rövşən Lənkəranski təmsil etdiyi, rəhərlik etdiyi cinayətkar qruplar üçün, eləcə də “krışalıq” etdiyi, yəni xərac topladığı biznes dairələri üçün, həqiqətən də, böyük itkidir.

 

-Oğruların hakimiyyətlərə təsiri barədə nə deyə bilərsiniz?

 

-Onlar hər yerdə öz işlərini görürlər. Parlamentlərə deputat yerləşdirir, vəzifələrə öz adamlarını qoydurur, məmurları şantaj edərək ələ alıb özlərinə işlədirlər. Bu onların oğurluq fəaliyyətinin tərkib hissəsindən biridir. Bu barədə Rusiyada xeyli faktlar var. “Oğru”lar həm də özlərinin yüksək savadlılıq və təşkilatçılıq qabiliyyətləri ilə seçilirlər. Məsələn, rəhmətlik Hikmət, Bəxtiyar tarixdən danışanda sanki tarix elmləri doktoru danışırdı. Tibbdən, fizikadan, başqa dəqiq elmlərdən, dünya ədəbiyyatından kifayət qədər məlumatlı olurlar. Sadəcə olaraq, öz sahələrində, yəni cinayət aləmində idealistlikləri ilə başqalarından kəskin seçilirlər. Bir dəfə rəhmətlik Hikmət 13 saylı cəzaçəkmə müəssisəsində olarkən, 10-15 nəfərin yanında mənə bir sual verdi: “Siz prezident olsanız, mən gəlib sizdən hansısa cinayət törətmiş bir qardaşımın həbs olunmamasını, buraxılmasını xahiş etsəm, məni eşidərsinizmi?”. Mən də cavabında dedim ki, “cəzasının azaldılmasına kömək edərəm, ancaq tam buraxmaram, əks halda dövlət olmaz ki”. O isə dedi: ”Bax, buna görə mənim sınmayan, satılmayan siyasətçilərə bir şəxsiyyət kimi hörmətim var. Mən də sabah, siz prezident kimi, cinayət törətmiş hansısa dostumun yerini məndən soruşsanız, və ya dövlətə təslim edilməsini xahiş etsəniz, mən bunu etmərəm. Dostluğumuz xatirinə, onun vurduğu ziyanı şəxsən aradan qaldırmağa çalışaram, ancaq ələ vermərəm. Yoxsa, siz dövlət olmadığınız kimi, mən də “Oğru” olmazdım. Bunun əksini etmiş olsaydıq, Siz dövlət kimi, mən də “Oğru” kimi …. olardıq”—dedi.

 

Bir sözlə, cinayət aləminin, “Oğru”nun öz yeri var. Birinə yaxşı oğlan kimi görünən, başqasına pis görünə bilər. Istənilən halda, ölünün arxasınca pis danışmaq məsləhət deyil.

 

R.Lənkəranski öz aləminin yaxşı oğlanlarından idi. ALLAH(c.c) ona da, dünyasını dəyişmiş “qardaşlar”ına da rəhmət eləsin.






Fikirlər