Kardioloq ƏHMƏD Babayev: “İldə heç olmasa BİR DƏFƏ HƏKİMƏ gedin!”

Həkim Əhməd Babayev: “Aylarla hərəkət etməyən adam qəfildən düşür ortaya, içkinin təsirindən başlayır oynamağa və... bədbəxtlik olur”; Kardioloq “Yeni Müsavat”a orijinal təklif verdi

2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. Xəbər verildiyi kimi,  ötən il ərzində ölüm hallarının 57,8 faizi ürək-damar xəstəliklərinin “payına” düşüb. Bəs, mütəxəssislər çıxış yolu olaraq nə təklif edirlər, ölkədə ürək-damar xəstəliklərinin geniş yayılmasının, qəfil ölümlərin artmasının səbəbi nədir? Bu dəfə sualları Kardeologiya İnstitutunun sabiq baş həkimi, tibb elmlər doktoru, Avropa Kardioloqlar Cəmiyyətin üzvü Əhməd Babayevə ünvanladıq.

Arayış üçün bildirək ki, 43 illik tibb təcrübəsi olan Əhməd həkim artıq 3 aydır ki, 20 ildir rəhbərlik etdiyi Kardiologiya İnstitutundan uzaqlaşıb və təqaüddədir. Ancaq yenə də ürək-damar xəstəlikləri ilə bağlı elmi işlər işləyən aspirantlarına dəstək verir. Eyni zamanda  Kardiologiya İnstitutunun Elmi Şurasının üzvüdür.

- Əhməd həkim, statistikaya görə, keçən il ölüm hallarının 57,8 faizi ürək-damar xəstəlikləri ilə əlaqədar baş verib. Ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının artmasının səbəbi, sizcə, nədir?

- Səbəb ilk növbədə risk faktorlarının olmasıdır. Risk faktorları siqaret çəkməkdir, hipodinamiyadır - hərəkətsizlikdir, hiperxolesterineminiyadır, düzgün qidalanmamaqdır, stress, şəkərli diabetdir, təzyiqin yüksək olmasıdır. Risk faktorları gətirib ürək-damar sistemi xəstəliklərinə çıxarır. Bunun qarşısını almaq üçün də profilaktik tədbirlər görmək lazımdır. Məsələn, profilaktik müayinələr olmalıdır. Hər kəs ildə heç olmasa, 1, ya 2 dəfə müayinədən keçməlidir, o cümlədən  kardioloq müayinəsindən keçməlidir. Şəkərin miqdarı müəyyənləşdirilməli, qanda xolestrinin yüksək olması, təzyiqin yüksək olub-olmaması, hipodinamiya, təzyiqin yüksək olub-olmaması aydınlaşmalıdır.

- Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara, yaxud bu bəlaya düçar olmamaqdan ötrü nələri məsləhət görürsünüz?

- Birincisi, hər bir şəxs həkimə müraciət etməli və vaxtaşırı həkimin dediyi kimi, profilaktik tədbirləri keçməlidir. Yəni ona deyəcəklər 6 aydan bir gəl, kardioqrama edək, qanda xolesterini, şəkəri yoxlayaq. Xəstəyə başa salmaq lazımdır ki, düzgün həyat tərzi keçmək lazımdır. Yəni istirahəti, yeməyi necə olmalıdır, nə qədər hərəkət etməlidir, nə qədər idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır? Bax, onlar hamısı tənzimlənməlidir.

- Siz özünüz bu sadaladığınız qaydalara əməl edirsinizmi?

- Çalışıram ki, əməl edim. Mən vaxtaşırı müayinələrdən keçirəm, qanda xolesterinin, şəkərin miqdarını, təzyiqi nəzarətdə saxlayıram. Siqaret çəkmirəm, içki içmirəm, pis vərdişlərim yoxdur. Yanımıza gələn xəstə deyəndə ki, siqaret çəkirəm və ya siqareti buraxa bilmirəm, mən adətən onlara deyirəm özünə hörmət edən həkim səni müalicəyə götürməz, əgər siqareti atmırsansa.

- Amma bəzən siqareti tərgitdiyinə görə xəstəliyinin şiddətləndiyini iddia edənlər də olur. Bunun əsası varmı?

- Yox. Bu halda fəsad olmur. Bu, onların dedikləridir, ay nə bilim darıxıram, ya nə olur... Belə sözlər, sadəcə, onların uydurmalarıdır. Düzdür, siqaret tərgitdiyinə görə bir az rahatsızlıq olacaq, amma o da keçib gedən bir şeydir. Nikotinin orqanizmə vurduğu zərəri heç nə vurmur. Nikotinin təsiri odur ki, damarları daraldır. Kardioloqun yazdığı müalicə odur ki, qanın yaxşı işləməsi üçün damarları genəldir və qanı duruldur. Siqaret isə ona daban-dabana mənfi təsir göstərən bir şeydir.

- Son illərdə toy mərasimlərində qəfil ölüm hallarının sayı da artmaqdadır. Reallıq budur ki, bizim toylarda zəngin menyu olur, yeyib-içib oynamaq bəzən faciə ilə bitir. Toylarda necə davranmalıyıq? 

- Kimsə artıqlaması ilə yeyir. Yeyib-içməkdə ifratçılığa varmaq da bir bəladır, gərək gündəlik yediyini yeyəsən. Toyların elə səs-küyü adama bəsdir. Toya gedirsən, iki gün özünə gələ bilmirsən. Şəxsən mən öz payıma deyirəm ki, o səs-küyün də mənfi təsiri var. Toyda fəsadlar nədən olur? Profilaktik müayinə keçməyən adam bilmir ki, oynaya, hoppana-düşə bilər. Məsələn, aylarla hərəkət etməyən adam birdən düşür ortaya, içkinin təsirindən başlayır oynamağa. Oynayır, oynayır, bədbəxt hadisə olur. Çünki mədə dolur, ürəyi sıxır yuxarı, əhval pisləşir. Elə mənim tanıdığım adamlar var, toyda o hallara düşürlər. Görürsən deyirlər ki, toyda yemək yeyəndə mədəmdə qıcqırma yaranır. Bu, yeməklə bağlı mədədəki qıcqırma deyil, çox güman ki, ürəklə bağlı məsələdir.

- Son vaxtlar bir neçə jurnalist həmkarlarımızın qəfil dünyadan köçməsi bizi sarsıtdı. Mütəxəssislər oturaq iş rejimində ölüm riskinin daha böyük olduğunu deyirlər. Gün ərzində insan nə qədər hərəkət etməlidir ki, risklərdən, qəfil ölümdən sığortalansın?

- Jurnalist saatlarla oturur kompüter qarşısında, vaxtında yeməyini yemir, stress içində... Ailə, ev-eşik, güzəran, çörəkpulu barədə düşünür. Bunlar hamısı mənfi təsir göstərir. Hərəkət belədir də... Əgər kardioloq müayinəsindən sonra pis göstərici yoxdursa, 1 saat ərzində gündə 5 km gəzmək lazımdır. Özü də sürətlə gəzmək lazımdır - əgər əks göstəriş yoxdursa. İndi hamıya, məsələn, ürəyində problem olan adama demək olmaz ki, sürətlə gəzsin. Amma normalda elə bil harasa tələsirsən, bax, həmin sürətlə gəzmək lazımdır. Yoxsa 3-3, 4-4 çıxıb bulvarda gəzir, xanım yerişi, ora-bura gedirlər, bu gəzmək deyil.

- Kompüterdə işləyənlərə məsləhətiniz nədir?

- Onun da profilaktikası var. Oftalmoloqlar daha yaxşı məsləhətlər verə bilərlər. Kompüter qarşısında ən çox iki saat işləmək olar. Hər iki saatdan bir 10 dəqiqə dincəlmək lazımdır. Orda bədənin məcburi vəziyyəti olur, qabağa əyilir, bu da onurğada problem yaradır. Kompüterin mənfi təsirlərindən biri oturaq şəraitdə yaranan fəsadlardır. Həm də gözə düşən yükdür.

- Stressdən, gərginlikdən, depressiyadan xilas olmaq üçün nələri təklif edirsiniz?

- İslamda stressi götürənin biri Quran oxumaqdır, digəri də səyahətdir. Həqiqətən də gəzintiyə çıxmaq stressi götürür. Mən özüm də əməl edirəm. Mən müsəlmanam, Quranda yazılanların hamısına əməl edirəm.

- Səyahət üçün daha çox haranı məsləhət görürsünüz, ölkə daxilini, yoxsa xarici?

- Kimin imkanı nəyə çatırsa. Lap həyətə də düşüb gəzsən, yenə də faydalıdır. İslamda deyir gəz, bütün dünyanı, bax gör Allah-tala nələr yaradıb. Məsələn, müsəlman baxır Niaqara şəlaləsinə, deyir, İlahi, sən nələr yaratmısan?!

- Ölkədə intihar hallarının da artan tendensiyası barədə nə deyə bilərsiniz? Həkim kimi intiharların səbəbini nədə görürsünüz?

 - Onu psixiatrlar yaxşı bilər. İntihar edənin psixoloji durumunda problem var. Sağlam adam canına qıymaz. Demək onun psixikasında pozğunluq var. Bu məsələ ilə bağlı da təbliğat yoxdur. Bir haşiyə çıxım. Yenə də İslama qayıdım. Əgər insanlar bilsələr ki, şəriətə görə, intihar edən cəhənnəmlikdir, bəlkə onda insanlar intiharlardan yayınarlar. Yoxsa özünü öldürən elə bilir ki, bununla canı qurtuldu.

- Ürək cərrahı, deputat Rəşad Mahmudov qəfil ölümlərin qarşısını almaq üçün çox maraqlı bir təklif verib. O, dünyanın bir sıra ölkələrində tətbiq olunan “stent for life” proqramının Azərbaycanda tətbiqini zəruri sayır. Hesab edir ki, bu proqramın tətbiqi ildə 15 minədək insanın ölümdən xilası demək olar. Siz bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, bunu tətbiq etmək olar. Amma bunun üçün dövlət proqramı olmalıdır. Bunun üçün hökumət o proqrama dəstək verməlidir. O səhiyyənin xaricində olan şeydir, çünki stendlərin alınması və s. üçün maliyyə məsələləri var. O da sığorta təbabətinə bağlanacaq.  Lakin sığorta təbabəti də hələ bizdə geniş yayılmayıb. Çünki heç bir ölkədə dövlət bütün səhiyyənin məsrəflərini boynuna götürə bilmir, elə dövlət yoxdur. Heç dünyanın ən qüdrətli ölkəsi olan Amerikada dövlət xəstənin bütün xərclərini çəkmir. Bizdə ancaq tələb edirlər. Xəstə gedir xəstəxanaya, deyir mənim filan dərmanlarımı ver.

- Azərbaycanda ürək-damar xəstəliklərinin qarşısını almaq istiqamətində kardioloqların bir araya gələrək tədbirlər görməsi, təbliğat istiqamətində addımlar atması mümkündürmü?

- Təbliğatdan söhbət gedirsə, elə qoy “Yeni Müsavat” təbliğat aparsın, maarifləndirsin. Sizin qəzeti və saytı hamı oxuyur. Bir bölmə yaradın, alimləri dəvət edin, orda yazsınlar, hər nömrənizdə biri bir yazı yazsın, ürək-işemik xəstəliyi, hipertoniya xəstəliyi, ürək çatışmazlığı-filandan. Həkimlər bunların profilaktikası və müalicəsi barədə fikirlərini yazsınlar. Bu istiqamətdə maarifləndirmə olsa, şübhəsiz ki, ürək-damar xəstəliklərinin faizi aşağı düşər. Çox təəssüf ki, biz daha çox lazımsız şeyləri təbliğ edirik, istər televiziyada, istər qəzetlərdə, istərsə saytlarda.

- Siz də razılaşarsınız ki, ölkədəki ölümün 57,8 faizinin məhz ürək-damar xəstəlikləri nəticəsində baş verməsi barədə statistika heç də kiçik göstərici deyil...

- Əlbəttə, kiçik göstərici deyil. Müəyyən proqramlar var dünyada. Məsələn, ruslar 10 il əvvəl federal proqram qəbul etdilər, hökumət işlərin aparılmasına dəstək verir. Elmi-tədqiqat işlərinin aparılmasının maliyyələşdirilməsi lazımdır. Tutaq ki, biz rayonbarayon gəzirik, xəstələri tapırıq, bunun profilaktikasını həyata keçiririk. Buna xərc lazımdır. Müayinələri aparmaq, digər məsələləri reallaşdırmaq... Bunun pulunu kim verəcək? Bununçün proqramlar olur, qrantlar ayrılır. QHT-lər maliyyə ayıra bilər. Yəni maliyyəyə bağlı bir şeydir.

- Sonda əhaliyə sözünüz, məsləhətinizi bilmək istərdik.

- Hər kəs gedib heç olmasa ildə bir dəfə müayinə olunsun. Poliklinikalarımız var, Azərbaycanda pulsuz müayinə mövcuddur. Mövcud səhiyyənin quruluşuna görə hərənin sahə həkimi, kardioloqu var, getsin müayinə olunsun, kardioqramasını keçsin, qan analizini versin, ona nə pul lazımdır, nə filan. Getsin, həkimi nə desə, onu etsin. Ola bilər yüz, ya min nəfərdən beşini həkim seçsin və desin ki, sənə əlavə müayinələr lazımdır, gərək instituta, başqa yerə gedəsən, hansı ki, poliklinikalarda yoxdur. Ən azından bunu etmək lazımdır. Axı, sağlamlıq qurtaran kimi xəstəlik başlamır. Sağlamlıq qurtarandan xəstəliyə qədər ara vəziyyət var. O ara vəziyyətdə olanlarda profilaktik tədbirlər aparmaq lazımdır. Burada da maarifləndirmə çatışmır. Media camaatı maarifləndirsin, yazsın ki, ay camaat, həkimə gedin, müayinə olunun! Media bu məsələlərdə kömək edə bilər. Burada da pul-para lazım deyil ki...

AzerTaym.az






Fikirlər