Fərman Kərimzadənin qızı: `Atamı KQB öldürüb`

“Andranik haqqında yazılan əsəri evimizdən oğurladılar”

“Anam nişan üzüyünü satıb, pulunu atama göndərmişdi”
Tanınmış yazıçı Fərman Kərimzadənin qızı, yazıçı-jurnalist Yeganə Kərimzadənin AzVision.az-a müsahibəsi:
-Yeganə xanım necəsiniz? Hazırda hansı işlərlər məşğul olursunuz? 
- Hər şey yaxşıdır. Çalışırıq, çabalıyırıq. Əgər işləyirsənsə, deməli yaşamağa dəyər. Ömrü boyu çalışmaq, yazmaq, yaratmaq lazımdır. Hazırda böyük layihə üzərində işləyirəm. Bundan əlavə Azərbayacan tarixi ilə bağlı bədii- sənədli filmlər silsiləsi hazırlayıram. Demək olar ki, çəkilişlərə başlamışıq. Filmin 30-dan çox bölmü olacaq.
-Gördüyünüz işlər sizi çoxmu yorur?
-Mən yorulmağı hiss etmirəm. Əksinə dayananda yoruluram. 
-Övladınız varmı? 
-Bir oğlum var, adı Muraddır. Dünyaya gec gələn övladdır, 15 yaşı var. Ağıllıdır, anasına hörmət qoyur. Onunla fəxr edirəm. 
-Ananız Xalidə xanım necədir? 
-Anamın hazırda 75 yaşı var, bizimlə birlikdə yaşayır.

 
-Bacılarırnız Aybəniz ,Sevinc bir də Qəmər xanım necədirlər? 
- Onlar sosial, ictimai həyatadan bir az uzaqdırlar. Ailə, şəxsi işləri ilə məşğul olurlar. Qardaşım Əzizin isə məhkəməsi hələ də davam edir. O, atama layiq övladdır. 
-Atanızın ailəsi haqda danışmaq istərdik.
-Məmin babam, atamın atası İsmayıl Şeyx Əlioğlu sırf kommunist olub. Mahal üzrə milis rəisi işləyib. 30-cü illərdə döyüşüb. Anam gəlin olanda bir dəfə Teodor Drayzerin “Kerri bacı” əsərini oxuyurmuş. Babam kitabı onun əlindən alıb və böyük bir kitabı, Karl- Marks və Engelsin həyatı ilə bağlı hekayələr toplusunu gətirib verib ki, bunu oxu. Babam saf kişi idi. Qəmər nənəmin isə ali təhsili olmasa da, sinəsi bayatılı, söhbətli olardı. O, qeyri-adi qadın idi. Mahnılardan belə səhvlər tutardı. 

 
Nənəm 1968 ci ildə vəfat edəndə altı yaşım var idi. Onun dediyi bayatıladan yazılarımdan birində istifadə etmişdim. Onlar müharibələr, qaçqınlıq görmüş insanlar idilər. 3 qardaş olublar. Böyük əmim Rəşid 1945-ci ilə qədər döyüşlərdə olub. Müharibədən sağ-salamat qayıdıb. Telman əmim atamdan da böyük ziyalı insan idi. Əkiz bibilərim Sara və Zəhra müəllimə olublar.
-Görünür, atanız sözə vurğunluğunda nənənizə oxşayıb.
-Mən də elə düşünürəm. Bu gün atamın davamçısı mənəm və məndən sonra nəvəsi balaca Fərmandır. 
-Atanızın tələbəlik illəri, gəncliyi haqda nə bilirsiniz?
-Atam 12 yaşında olanda Ermənistandan Beyləqana köçüb. 10-cu sinfi bitirəndən sonra ayağında qaloşla Bakıya gəlib. Atamın bir şəkli var, onu görəndə tanımdım. Atamın istedadı rəssamlıq məktəbində oxuduğu vaxtdan üzə çıxıb. 1963-cü ildə artıq ilk hekayəsi ilə tanınmağa başlayıb. Eyni zamanda Moskova Kinomotoqrafiya İnstitunda ssenaristliyi bitirib. Ömrünün sonuna kimi dssenarist kimi fəaliyyət göstərib.

 
-Yazıçı xanımı, övladı olmaq çətin deyildi ki? 
-Yazıçının həyat yoldaşı olmaq asan deyil. Orada qısqanmaq da var. Ancaq anam elə bir şərait yaratmışdı ki, əgər atam yazırdısa, 4 uşağın səsi gəlməzdi. 
Ananız atanızı qısqanmırdı? 
-Anam qısqanc idi. Ancaq atam üçün şəraiti yardırdı. Ona dəyər verirdi.
- Onlar necə tanış olublar? Bu haqda sizə heç danışıblarmı?
-Bakıda tanış olublar. Anam Tibb Universtteində təhsil alıb. Anamla birgə oxuyan bir xanım atamın kəndçisi olub. Atam öz qohumu ilə görüşməyə gəlirmiş, anamı görüb, həmin anda vurulub. Bir neçə günün içində elçilərini göndərib. Anamgil imkanlı olduğuna görə qızı vermək istəməyiblər. Bəhanə gətiriblər ki, qız yemək bişirə bilmir, onu edə bilmir, bunu edə bilmir. Atam Məmməd Aslanla elçiliyə gedib, deyib ki, oğlanın dostuyam. Onlar da deyiblər ki, dur ayağa, sizə yaxşı yol. Atam axırda görüb ki, başqa yol yoxdur, maşın tutub, qızı götürüb qaçırıb. Analma atam bir-birlərini çox seviblər. O, anamın şıltaqlıqlarına dözüb. Anam şıltaq, firon qadın olub. Onlar ailə qurandan sonra çox kasıb olublar. Anam nişan üzüyünü belə satıb atama göndərib. 


-Fərman Kərimzadə xaraktercə necə insan idi?
-Əsil kişi idi. O, mənim üçün etalon idi. Uşaqlara ömründə kəm baxmazdı, vurmazdı. Acı söz işlətməzdi. O, ayağa dururdusa, biz heç vaxt oturmazdıq. Atam bizimlə dost kimi idi. Gecə saat üçdə hamını yuxudan oyadardı ki, yazını bitirdim, gəlin sizin üçün oxuyum. Gözümüzü ovmadan ona qulaq asardıq. “Axrıncı aşırım” filmini götürün. Orada bir dənə artıq söz görmərsiniz. Sözlərin ağırlığı var. Kişi sözüdür.


-Atanızın Bakıya gəlişi necə olub? 
- “41 nömrəli ayaqqabı” əsəri və “Sonuncu eksponat” kitabı artıq işıq üzü görmüşdü. Həmin dövrdə onu Bakıya dəvət edirdilər. O vaxt atam qəzetdə, anama isə xəstəxanada işləyirdi. Həmin vaxt üç yaşım olmazdı. Qardaşım yenicə dünyaya gəlmişdi. Anam atama deyirdi ki, sən burada inkişaf edə bilməyəcəksən, rayon mühiti səni sıxacaq. Anamın sözündən sonra Bakıya köçdük. O günlər hələ də yadımdadır.


-O zaman kinostudiyanın binasında sizə ev vermişdilər. O evin aqibəti necə oldu?
İndi orada yaşamırıq. 1974-cü ildə vermişdilər. Adil İsgəndərov elə şərait yaratmışdı ki, Fərman yalnız onlar üçün işləsin. Ancaq atam bir yerdə oturan adam deyildi. Gəzməyi, səyahətləri sevirdi. Televiziyadan görürdük ki, atam harasa gedib. Yəni xəbər vermədən gedə bilərdi. 
- Atanız “Axrıncı aşırım”ı qulaq yaddaşı əsasında yazıb? 
-Yox, boş söhbətdir. Babamgil ona danışıblar, hadisələri bilib. Oradakı obrazlar kimlər idi? Qohumlar, yaxın adamlar. Xəlil obrazı atamın doğmaca dayısı oğlu idi. Nənəm ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirdi. Abbasqulu bəy atasının ən yaxın silahdaşı, qohumu, dostu idi. Kərbəlayi İsmayıl da uzaq adam deyildi . 


-Atanız Nəsrəddin Tusi haqqında əsər yazmaq istəyirdi, o əsəri yazıb bitirdimi? 
-Əsəri yazıb bitirdi. Ancaq əsər evdən yoxa çıxdı. Andranik haqqında yazılan əsərinin əl yazması da oğurlandı. Mən balaca idim, onda həyət evində qalırdıq. Gecə yatanda qapılar açıq qalmışdı. Birdən səs oldu. Qəfildən ayıldım. Gördüm evdə tanımadığım bir qadın var. O qadının görünüşü hələ də yadımdadır. Tez anamı çağırdım, bu zaman qadın evdən qaçdı. Səhərə yaxın idi. Heç kim oyanmadı. Sabah bunu evdəkilərə danışanda mənə gülüb inanmadılar. Sonra məlum oldu ki, evdən əsər oğurlanıb. Mənim romanımın itməyi hardasa 1993-cü ilə təsadüf edir. Yuqaslaviya müharibəsi ilə bağlı roman idi. Öyrəndim ki, KQB tərəfindən götürülüb. 
-Atanızın əsərlərini də KQB oğurlamışdı?
-Andranik haqqında olan əsər KQB-nin əli ilə oğurlanıb. Digər əsərinin oğrusunu dəqiq bilmirəm. Bəlkə də oxucu tərəfindən sevgidən olub. Atamın martın 3-də ad günüdür. Hər il qəbrinin üstünə gedirik. Görürük ki, bir dəstə gül var. Sonradan bildim ki, bir nəfər atamın məzarını ziyarət edib, üstünə gül dəstəsi qoyur. elə bilirdim ki, yəqin atamın gizli sevgilisi olub. Sonradan öyrəndim ki, gülü qoyan şəxs atamın sevimli oxucularından biridir. 
- Atanızın məzarı Bakıdadır?
- Binəqədidədir. 

 
- Atanızın ölümünü necə xatırlayırsınız? 
-1988-ci il hadisələrində Vəzirov atamı yanına çağırıb deyib ki, sən o bölgədənsən, adamların yerləşdirilməsi ilə məşğul ol. Atam evdən pul aparıb camaata paylayırdı. Onlara geyim alırdıq. Yadımdadır, insanlar Qərbi Azərbaycandan köçəndə ermənilər onları tutmasın deyə qamışlıqda gizlənmişdilər. Atam Naxçıvandan olan əsgərlərlə birlikdə onlara kömək edib. Atamın dilində bir söz var idi: “El içində, öl içində”. 
Atam böyük ürəkli insan idi. O, Tərtərin və ətraf bir neçə kəndin köçürülməsində atamın böyük rolu olub. Atam insanları Tərtərdə yerləşdirdikdən sonra Kələcərə gedirdi. Yenidən Tərtərə, kəndə qayıdanda görüb ki, bir qadın 5 uşağı ilə ortalıqda qalıb. Atamı görən kimi qadın ütsünə qaçıb, ağlamağa başlayıb ki, mən küçələrdə qalmışam. Atam əsəbləşərək deyib: “Kişi olun, bir qadını 5 uşaqla ortalıqda qoymusunuz?!”. Bu vaxt atamı insult vurub. Gecə saat 4-də həkimin evində dünyasını dəyişib. 


-Bu acı xəbəri sizə kim çatdırdı?
- O zaman 26 yaşım var idi. Anamla axır çərşənbədə şirniyyat bişirirdik. Birdən zəng gəldi ki, atanın təzyiqi qalxıb. Yaxın adamlar, qardaşım yığışıb Respublika xəstəxanasından vertalyotla kəndə həkim apardı. Sən demə, atam keçinib, amma bizə deməyiblər. Özümüzü itirdik. Yazıçılar İttifaqından Lida xanıma zəng edib dedi ki, “Yeganə nəsə lazımdır?”, Dedim, yox, qayıtdı ki, “Allah rəhmət etsin”. Həmin an ayağım və dilim tutuldu. Qonşumuz Xumar xala məni atamın yazı otağına saldı, dedi, səsin çıxmasın, anan atanın meyiti gələnə kimi bilməsin, o da ölər. 
- Ataniz “Azadlıq” radiosunda Mirzə Xəzərlə nədən danışmışdı ki, KQB onu rahat buraxmırdı? 
-Atam Azadlıq hərəkatında iştirak edirdi. Ona görə onu izləyirdilər. Anama demişdi ki, əgər məni tutsalar, özümü öldürəcəyəm, uşaqlarıma baş aşağılığı gətirməyəcəm. Mən müsahibələrimdə də demişdim ki, atamı KQB öldürüb. Onun durduq yerdə ölməyinə inanmıram.

 
-Atanız rəhmət getdikdən sonra vəziyyətiniz necə oldu? 
-Ali təhsilim olsa da, dövlət işində işləmədim. İş üçün müraciət etdik, alınmadı. Öz işimi qurdum. Yazıçıyam. Yazılarımla pul qazanıram. Həyatımdan narazı deyiləm. 
Atamla bağlı xatirələrim çoxdur. O, qəribə insan idi. Ailə ilə birlikdə yemək yeməyi sevirdi və bunu qanun kimi formlaşdırmışdı. Ancaq qəfildən durub öz otağına çəkilə də bilərdi. 

 
“Çaldıran döyüşü”nü yazarkən, gördüm ki, otaqdan çıxmır, gecəni səhərəcən yatmayıb. Kabinetini qapısı bağlı, işıq yanırdı. İçəri girib çayını təzələdim. Qayıtdım ki, ata çayını iç. Çöndü, mənə qəribə şəkildə baxdı. Gözləri qan çanağı idi. O, məni nə gördü, nə də eşitdi. Onda gördüm ki, atam necə gözünün nuru ilə bizim üçün çörək pulu qazanır.
- Atanız yazıçılardan kimlərlə dostluq edirdi? 
-Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Hidayət Orucovla yaxın dost idi. Hamı onun dostu idi. Onun düşməni yox idi. Atamın Əziz Nesinlə də yaxşı münasibəti olub. 






Fikirlər