ABŞ-da səsləndirilən fikirlər AZƏRBAYCAN diplomatiyasının uğurudur

 Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da keçirilən Nüvə sammitində iştirak üçün bu ölkəyə səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşdü. 

Görüş zamanı Co Bayden vurğulayıb ki, İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verir və bu görüşlər Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət edir. ABŞ rəsmisi onu da bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu, Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıyır.

Bir çox ekspertin də vurğuladığı kimi, İlham Əliyevin ABŞ-a səfəri və orada keçirdiyi görüşlər son zamanlar nisbətən gərginləşən Azərbaycan-ABŞ münasibətlərinin yenidən yaxşılaşmasına təkan verəcək. Bəs ABŞ rəsmisinin görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər bu problemin həllinə hansısa formada təsir edə bilərmi?

Politoloq Ərəstun Oruclu virtualaz.org-a açıqlamasında bildirib ki, ABŞ rəsmisinin səsləndirdiyi fikirləri pozitiv hal kimi qiymətləndirmək olar:

 

“Artıq bu, ABŞ rəsmilərinin dilindən davamlı olaraq səsləndirilən fikirdir. Təxminən bir ay bundan əvvəl də ABŞ-ın Azərbaycandakı səfiri bəyanatında Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyi haqqında danışdı. Bundan sonra ATƏT-in Minsk qrupundakı həmsədri eyni fikir səsləndirib. Amerika Konqresi Qarabağdakı separatçı rejimə maliyyə yardımını dayandırdı. Con Kerri də bu fikri səsləndirdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə statusundan çıxarılmalıdır və onun həlli istiqamətində fəaliyyət görülməlidir. Və nəhayət, Co Baydenin fikirləri. Deməli ABŞ-Azərbaycan münasibətləri, müttəfiqliyi yeni mərhələyə keçə bilər və bunun keçməsi üçün də ABŞ açıq şəkildə bildirir ki, Azərbaycanın bu mövqeyini tanımağa, bunu qorumağa hazırdır”.

Ə.Oruclu hesab edir ki, Azərbaycan bu imkandan istifadə etməlidir:

“Dünyada Azərbaycan kimi ABŞ-ın tərəfdaşlıqda, müttəfiqlikdə marağı olan kiçik ölkələr o qədər də çox deyil. Düşünürəm ki, bu, bizim üçün şansdır. Bundan yararlanaraq ilk növbədə ərazi bütövlüyümüzün təmin olunması istiqamətində ABŞ-ıln, beynəlxalq birliyin dəstəyindən istifadə etməliyik”.

Politoloq Fikrət Sadıqov da Co Baydenin səsləndirdiyi fikirləri müsbət hal kimi qiymətləndirsə də, münqaişənin tezliklə həll olunacağını düşünmür:

“Con Kerri, Co Bayden və ABŞ-ın digər ictimai-siyasi xadimləri Azərbaycanın ərazi bütövlüyün barədə bəyanatı təsdiqləyib və bu da Azərbaycan üçün önəmli amildir. Belə rəsmilərdən Azərbaycanın ərazi bütövlüyünün tanınması çox müsbət siyasi amildir. Amma eyni zamanda bu heç də o demək deyil ki, münaqişə yaxın zamanlarda avtomatik həll olunacaq, ABŞ da bizim yanımızda olub ərazilərimizi azad etmək üçün hansısa güc istifadə edəcək, ya da addım atacaq. Sadəcə olaraq, bu onlar tərəfindən siyasi addımdır. Bu mərhələdə isə bu, kiçik addım deyil. Düşünürəm ki, bu, Azərbaycan diplomatiyasının müəyyən mənada uğurudur. Bizim xarici siyasət idarəmiz, diplomatik idarəmiz bu istiqamətdə ardıcıl addımlar atacaq.






Fikirlər