“Prezidentin səfərindən sonra ABŞ QARABAG münaqişəsinin həllində aktivləşəcək” – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-da keçirdiyi mühüm görüşlər ikitərəfli əməkdaşlıq, həmçinin, bir sıra aspektdən diqqət çəkir. Keçmiş təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev Publika.az-a müsahibəsində Azərbaycan liderinin okeanın o tayına səfərini şərh edib.
- Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizlik Sammitinə dəvəti nədən qaynaqlanırdı?
- Nüvə təhlükəsizliyi dünyada getdikcə daha aktuallıq kəsb edən bir məsələyə çevrilib. Xüsusilə dünyada münaqişələrin sayının artması, terror hadisələrinin çoxalması və terrorçuların nüvə silahı əldə etmə cəhdləri nüvə təhlükəsizliyinin vacibliyini xeyli dərəcədə artırıb. Bu baxımdan, Azərbaycanın indiyə qədər dünyada təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr nəzərə alınaraq, ölkəmizin nüvə təhlükəsizliyinin təmin edilməsində də rolu yüksək qiymətləndirilib və Azərbaycan da bu mötəbər sammitə dəvət alıb. Eyni zamanda bu, Azərbaycanın dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut edir. Düşünürəm ki, Azərbaycan Prezident İlham Əliyevin sammitdə iştirakı buradan qaynaqlanır.
- Prezident İlham Əliyevin Dövlət katibi Con Kerri ilə birgə keçirdiyi birifinqdə Kerri Azərbaycana dair bir çox müsbət açıqlamalar verdi. Bundan sonra Bakı və Vaşinqton əməkdaşlığının yeni mərhələsinin başlanacağını demək mümkündürmü?
- Prezident İlham Əliyevin Con Kerri ilə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq. Bu isə anti-Azərbaycan qüvvələrinə, eyni zamanda Ermənistana və onun havadarlarına bir mesajdır. Yəni, Azərbaycan istər daxildə, istərsə də xaricdə dini dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər, öz dünyəviliyinə də sadiqdir. Bu istiqamətdə öz müstəqil siyasətini yürüdür.
- Əgər ikitərəfli əməkdaşlıq daha geniş vüsət alarsa, bundan hansısa regional gücün, konkret desək, Rusiyanın qıcıqlanacağı və bu əməkdaşlığa qarşı hansısa addım atacağı gözləniləndirmi?
- Qeyd etdiyim kimi, biz müstəqil siyasət yeridirik. Lakin Rusiya və ABŞ regionda nüfuz savaşı da aparır. Ola bilsin ki, atəşkəs pozulsun, Dağlıq Qarabağda və sərhəd rayonlarda təxribatlar artsın. Lakin biz bunu gözləyirik və qarşısının alınması üçün müvafiq tədbirlər görülür. İstər Rusiya, istərsə də ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi münaqişənin həllində daha maraqlı olmalıdırlar. Bu, gələcəkdə iqtisadi layihələrdən divident götürmək üçün də onlara lazımlı məsələdir.
- Prezidentin səfəri zamanı Kerri Qarabağ münaqişəsinin tezliklə həll olunmasının istədiklərini bildirdi. Daha sonra ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bəyanat yayıldı. Hesab etmək olarmı ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həlini sürətləndirməsi ilə nəticələnəcək?
- ABŞ başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda meqalayihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi baxımından çox mühüm bir addımdır. Məhz buna görə də Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır. Eyni zamanda, ABŞ-da növbəti prezident seçkilərinin keçirilməsinə hazırlıq gedir. Bu komanda özündən sonra bir sıra münaqişələrin həllini müsbət mənada miras kimi qoyub getməyə çalışır. Düşünürəm ki, məhz buna görə də bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət artacaq. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri məhz ABŞ-dır. Bundan sonra münaqişənin həlli istiqamətində müəyyən aktivlik gözləmək olar. Lakin onu da unutmamalıyıq ki, ermənilər və onların havadarları Dağlıq Qarabağ münaqişəsinin həllini ümumiyyətlə istəmir. Münaqişə nə qədər çox uzanarsa, bu, Serj Sarkisyan rejiminin hakimiyyətdə qalmasına bir o qədər şərait yaradacaq. Buna görə də ermənilər və onların havadarları çalışacaq ki, bu ərəfədə də atəşkəs pozulsun, həmçinin, digər addımlar atılsın.