4 günlük savaşla bağlı şimaldan təhlükəli gözlənti; Prezidentlər Əliyev və Ərdoğanın qarşılıqlı səfərlərinin gözlənildiyi apreldə, uydurma soyqırımın ildönümündə iki qardaş ölkə yeni sınaqla üzləşə bilər; türkiyəli analitik xəbərdarlıq edir: “Azərbaycan Türkiyəyə yaxınlaşdıqca Rusiya Qarabağ kartından daha güclü istifadə edəcək...”
Ötən sayımızda Azərbaycan ordusunun Qarabağdakı bllts-zəfərində “Türkiyə izi”ndən yazmışdıq. Söhbət iki qardaş ölkə arasında hərbi sahədə son illər dərinləşən əməkdaşlığın gətirdiyi ilk sanballı töhfədən, bölgədə həm Azərbaycan, həm də Türkiyənin nüfuzunun artmasından gedir - hansı ki, ən çox Rusiyanı narahat etməkdədir.
Moskvanın münaqişə zonasındakı son gərginliyə görə hələ də Ankaranı suçlu çıxarmasının əsas motivini də məhz bu amillə bağlamışdıq. Kreml xüsusən də 24 noyabr təyyarə insidentindən sonra Azərbaycan-Türkiyə yaxınlaşmasına əndişə ilə yanaşır, ona görə ki, bu yaxınlaşmanı ilk növbədə özünün Güney Qafqazdakı maraqlarına təhlükə sayır. Bir çox təhlilçilər Dağlıq Qarabağ konflikti zonasında yaşanan 4 günlük müharibənin əsas səbəbləri sırasında bu faktoru önə çəkməkdədirlər.
***
“Təmas xəttində ermənilərin son provokasiyasının arxasında Azərbaycanın Türkiyəyə yaxınlaşmasından dolayı Rusiyanın narahatlığı dayanır. Bu, atəşkəs rejiminin ermənilər tərəfindən pozulmasının əsas səbəbidir. Ancaq nə olur-olsun Türkiyə bundan sonra da Azərbaycanı müdafiə edəcək”. Bunu rusdilli vesti.az saytına türkiyəli analitik, Strateji Tədqiqatlar Mərkəzinin prezidenti Yusif Çinar bildirib.
Analitik daha sonra cəbhədəki situasiyanın ağırlaşması ərəfəsində Rusiya XİN rəsmisi Mariya Zaxarovanın“Türkiyə və Rusiya arasında böhran müvəqqəti xarakter daşıyır” bəyanatını xatırladaraq deyib: “Bunun ardınca Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan elədi ki, iki ölkə arasında gərginlik çox çəkməyəcək. Bu bəyanatların ardınca münasibətlərdə yumşalma gözlənilirdi. Lakin cəbhə xətindəki vəziyyətin qəfil pisləşməsi bu ehtimalı azaltdı. KİV-lərdə belə bir informasiya keçdi ki, Rusiya yaxın zamanlarda Ermənistanda öz hərbi mövcudluğunu artıracaq, onun ərazisində 5 min nəfərlik hərbçi və yeni silahlar yerləşdirəcək. Səbəb kimi də Azərbaycanın regional inkişaf sahəsində Rusiyanı ”bort arxasında" qoyması göstərilirdi".
“Xatırladım ki, birinci Qarabağ müharibəsi zamanı Rusiya işarə vurmuşdu ki, əgər Türkiyə ilə yaxınlaşan Elçibəy Rusiyanı qulaqardı etməsəydi, Azərbaycan Qarabağı itirməzdi. ”Su 24" təyyarəsi ilə bağlı insidentdən sonra isə Moskva Azərbaycanla Türkiyə arasında münasibətlərin necə güclü şəkildə yaxşılaşdığını qısqanclıqla müşahidə edir" - ekspert qeyd edib.
Onun sözlərinə görə, bu yaxınlaşma nə qədər dərin olsa, Rusiya bir o qədər tez-tez Qarabağ kartından istifadə edəcək. “Rusiya Azərbaycana təzyiq rıçaqı üçün Dağlıq Qarabağ münaqişəsi ilə spekulyasiya edir. Moskva Suriya böhranına müdaxilə etdikdən sonra Dağlıq Qarabağ probleminin həllinə öz təsirini nümayiş etdirmək istəyirdi. Ancaq gözləntilərində bərk yanıldı. Rusiya ermənilərin provokasiyasına Azərbaycanın belə sərt cavab verəcəyini gözləmirdi. Azərbaycan nəinki Ermənistanın hücumuna duruş gətirdi, eyni zamanda Qarabağ məsələsində öz qətiyyətini nümayiş etdirdi”.
***
Türkiyəli analitikin fikirləri gerçək olmaqla yanaşı, həm də narahatlıq doğurur və xəbərdarlıq xarakteri daşıyır. Bu xəbərdarlığın da mahiyyəti ondan ibarətdir ki, Moskva münasibətləri durmadan dərinləşən Azərbaycan və Türkiyəyə ermənin əli ilə, Qarabağ kartından istifadə eləməklə, habelə, 4 günlük savaşın revanşı kimi yeni sürpriz etmək istəyinə düşə bilər. Saxta erməni soyqırımının yaxınlaşan növbəti ildönümü bu ehtimalı gücləndirir ki, zəiflətmir.
Məsələ də ondadır ki, bu həftə prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak eləmək üçün Türkiyəyə səfər edəcək. Ayın sonlarında (aprelin 25-də) isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tədbirində iştirak üçün Bakıya gələcək.
Hər iki tədbir əslində beynəlxalq miqyaslı olsa da, aydın məsələdir ki, Ankara-Bakı müttəfiqliyinin dünyaya növbəti nümayişi ilə yadda qalacaq. Demək, yüzdə yüz Moskvada əlavə qıcıq doğuracaq. Bu mənada xüsusən də aprelin 24-də - uydurma “genosidin” ildönümü və Ərdoğanın Bakı səfəri ərəfəsində Kremlin Azərbaycanı ümidverici sülh danışıqları ilə “yuxuya verib” cəbhədə yeni bir təxribat hazırlamayacağına əminlik yoxdur - üstəlik, erməni də indi revanş istəyi ilə alışıb-yanırsa...
Onu da unutmayaq ki, qardaş ölkə liderinin Bakı səfəri son iki ayda iki dəfə terror aktları səbəbi ilə təxirə salınıb və bu olayların arxasında “rus barmağı” da görünüb. Yəni sürpriz Qarabağla bağlı olmaya da bilər...