“Qarabağda TÜRKİYƏ-RUSİYA müharibəsi başlayır” – KƏŞFİYYAT mərkəzi

“Yaxın Şərqdə baş verən proseslər və Türkiyə-Rusiya münaqişəsi Dağlıq Qarabağda müharibənin alovlanması ehtimalını gücləndirir”.

 

 AzerTaym.az xəbər verir ki, bu barədə “Cənub cəbhəsi” (South Front) kəşfiyyat və analitik mərkəzinin təhlilində deyilir.
 

Mərkəz Prezident İlham Əliyevin Türkiyəyə səfərinə diqqət çəkərək, regionda gizli şəkildə mübarizənin getdiyini qeyd edir: “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya gələcəkdi. Lakin Ankarada törədilən terror aktı türk liderin Bakı səfərini ikinci dəfə təxirə düşməsinə səbəb oldu. Azərbaycan lideri İlham Əliyev isə bu dəfə gözləmədi və özü Ankaraya baş çəkdi. Görünür, qan bağlılığı olan iki dövlət həm də atdıqları siyasi addımları razılaşdırıblar. Bu səfər bir çox aspektdən diqqət çəkir. Eyni zamanda, Dağlıq Qarabağda artan gərginlik fonunda da İlham Əliyevin səfəri xüsusi olaraq şərh edilməlidir”.
 

Mərkəz Prezident İlham Əliyevin Ankara səfərindən öncə Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərini xatırladır: “Sarkisyanın Moskvadan əliboş qayıtdığına dair iddialar var. Lakin bağlı qapılar arxasında nələrin müzakirə edildiyini demək çətindir”.


“South Front” yazır ki, regionda baş verən siyasi proseslər Qarabağda müharibənin alovlanması üçün münbit şəraitin olduğunu göstərir.
 

“Türkiyə Rusiya ilə mübarizə aparır. İlham Əliyev Ankaraya gedir, Sarkisyan Moskvaya çağırılır. Azərbaycan Dağlıq Qarabağı qaytarmaq üçün müharibəyə hazır olduğunu bəyan edib. Amma indiki halda ağıllı Bakı müharibənin Rusiyaya qarşı elan etmək olduğunu da yaxşı anlayır. Ona görə də gözləmə mövqeyindədir. Bakı Ermənistanın müharibəyə səbəb verməsini gözləyir. Lakin o da dəqiqdir ki, Qarabağda müharibə təkcə Azərbaycan-Ermənistan deyil, Türkiyə-Rusiya müharibəsi deməkdir. Belə görünür ki, Ankara Bakıya müharibə olacağı təqdirdə tam olaraq dəstək verəcəyi sözünü verib. Bunu Ərdoğan da, Davudoğlu da açıq şəkildə bəyan edib. Amma Ermənistan Rusiyaya tam bel bağlaya bilmir. İrəvanda qorxu var ki, müharibə olacaqsa, Rusiya öz maraqlarını təmin etmək üçün onları sata bilər. Çünki müharibə olacaqsa, Rusiya Ermənistanı dəstəkləməyə məcburdur. Amma bu, Moskvanın Bakını tamamilə itirməsi deməkdir. Ona görə də Rusiya münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasını istəyir”, - deyə təhlildə bildirilir.
 

Mərkəz əlavə edir ki, Azərbaycan hazırda Türkiyə ilə Rusiya arasında vasitəçi olmaq üçün də addımlar atır: “Bakı iki tərəf arasında qalmamaq üçün tərəfləri barışdırmaqda maraqlıdır”.






Fikirlər