Qarabağda ildırımsürətli MÜHARİBƏ ssenarisi: İRƏVAN qorxu içində

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlayacağından qorxur”.

 Publika.az xəbər verir ki, bu barədə “Arqumentı i faktı” nəşri yazıb.

Nəşr qeyd edir ki, Serj Sarkisyan Moskvada Putinlə görüşündə bu narahatlığını dilə gətirib.
“İrəvan Türkiyənin Azərbaycana ciddi dəstək verəcəyindən və rəsmi Bakının ərazilərin qaytarılması üçün ildırımsürətli hücuma keçəcəyindən qorxur. Sarkisyan müharibə olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ona dəstək verməyəcəyindən də narahatdır. KTMT nizamnaməsi bunu tələb etsə də, təşkilatın türkdilli ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını açıq şəkildə bildiriblər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyə-Rusiya qarşıdurmasında Ankaranı dəstəkləməsi də KTMT daxilində fikir ayrılıqlarının olduğunu göstərdi. Sarkisyan Moskvada KTMT haqda danışaraq, bundan narahat olduğunu bildirdi”, - deyə məqalədə qeyd olunur.

Rusiyalı politoloq Sergey Markedonov da Qarabağda müharibə riskinin artdığını bildirib: “Əgər Ermənistan-Azərbaycan müharibəsi baş verəcəksə, o zaman KTMT İrəvanı dəstəkləməlidir. Lakin təşkilat daxilindəki vəziyyət bunun əksini göstərir”.
 Qeyd edək ki, Azərbaycanın hərbi rəhbərliyinin işğal olunmuş ərazilərimizin qaytarılması ilə bağlı verdikləri sərt bəyanatları da İrəvanda ciddi təşvişə səbəb olub.

 Ermənistan mediası yazır ki, Rusiyanın başının Yaxın Şərq və Ukraynaya qarışması onun diqqətini Qarabağdan yayındırır. 

“Moskva əvvəlki iqtisadi gücdə də deyil. Bu isə Türkiyə və Azərbaycana şərait yaradır. Əgər müharibə olacaqsa, Rusiya Ermənistanı dəstəkləmək gücündə olmayacaq. Bu isə Azərbaycanın qələbəsi deməkdir. Bununla yanaşı, mövcud situasiyada Qərb də Azərbaycanın yanında görünür. Bizim hökumət isə hələ də Rusiyadan ona xeyir gəlməyəcəyini anlamaq istəmir”, - deyə düşmən ölkənin “mamul.am” kimi müxalif saytları Sarkisyanı tənqid edib.
 AzerTaym.az






Fikirlər