MİR ŞAHİN AGAYEV - Erməni budaq cümləsi + VİDEO
24 ildə ilk dəfə Şuşanın işğal tarixini tam matəm ovqatı ilə yaşamadıq. Görünür, buna Azərbaycan ordusunun aprelin əvvəlində cəbhədə əldə etdiyi nəticələr səbəb oldu. Geri alınan yüksəkliklərdən Cəbrayıl, Fizuli və başqa yaşayış məntəqələrinin dumanlı da olsa boy verən mənzərələri Azərbaycan vətəndaşını ümidləndirdi. Bu vətəndaş çoxdan idi, hündürdən baxmırdı. Yüksəkliyə yox, alçaqlığa qondurulmuşdu. Bu il aprelin əvvəlində vəziyyət köklü dəyişdi. Ona görə də mən Şuşa haqqında ilk dəfə keçmiş zamanda danışmaq istəmirəm. Elə bunu istəmədiyim üçün də, ümumiyyətlə, danışmıram. 1992-ci ildən başlayaraq ermənilərin hər il qələbə günü keçirdiyi 8 may bu gün daha çox özünün təvazökar təqvim tarixini yaşadı. Çünki çaşıblar. Ermənistanda əməlli başlı krizisidir. Və bu böhranın da səbəbi Sarqsyandır. O öz xalqı üçün uzun müddət idi ki, miflər yaratmışdı, xalqı bu miflərə özü qədər inandırmışdı və o miflər bu gün darmadağın olub gedir… Bir tərəfdə erməni ordusunun qələbəsindən bəhs edirlər, başqa tərəfdə isə ordunun yüksək vəzifəli generallarını işdən qovurlar… Bəyan edirlər ki, qələbə qazanmışıq, o biri tərəfdən də məğlubiyyətlərinin acığını Rusiyanın Ermənistdandakı səfirliyi qarşısında bayraq yandırmaqla söndürürlər. Qəzəblərindən Putinə terrorçu deyirlər. Belə də qələbə olar?! Əvvəl dedilər ki, heç bir mövqe-filan, yüksəklik-beşməkan itirməmişik. Bir az sonra düzəliş etdilər ki, itiriblər e… Amma bir az, belə də , cüzi... Lap axırda isə qəti və qatı şəkildə bildirdilər ki, gərək aprelin 1-nə qədər olan vəziyyətə qayıdılsın, çünki itirilmiş nöqtələr onlara ciddi problemlər yaradır. Deməli, heç də cüzi deyilmiş ki… Sonuncu sirk nömrəsi isə Qarabağın tanınması temasına tryuk oldu. Gah dedilər tanıyırıq, gah dedilər tanımırıq, tanıyırıq, tanımırıq. Hamını çaşdırdılar… Tanıyırsan, rus demişkən, duxun var tanı da… Azərbaycan tərəfi isə özünü son dərəcə təmkinli apardı. Bircə dəfə danışdı və onda da, qısa, soyuqqanlı. Bildirdi ki, danışıqlar prosesi dayansa, Azərbaycanın məsələni hərbi yolla həll etməkdən başqa yolu qalmayacaq. Amma danışıqları dayandıran Ermənistan dayandırdıqlarını elan etdikləri danışıqlar barədə danışıqları davam etdirməkdə və prinsipial mövqelərinə yeni düzəlişlər etməkdə idi. Məsələn deyirdilər: Yox, biz deməmişik ki, Qarabağın müstəqilliyini tanıyacağıq, biz demişik ki, Azərğbaycan bir də müharibəyə başlasa, tanıyıcağıq. Bax belə. Əslində isə bu yolla Ermənistan özünü tələyə salır. Çünki ermənilərin növbəti təxribatının cavabında Azərbaycan ordusu irəli şığıyanda Ermənistan öz ərazisindən Azərbaycan ordusunu vurmalıdır. Dağlıq Qarabağı tanımağa məcbur olmuş və onunla müxtəlif, o cümlədən hərbi -texniki yardım müqaviləsi imzalamış respublika kimi. Bax o zaman Azərbaycanın Qarabağ məsələsini birdəfəlik həll etmək imkanı yaranacaq. Əlbəttə, ola bilər ki, bəzi ağzıgöyçəklərdə belə bir sual yaransın: bəs heç rus qoyar? Mənim də onlara sualım var: bəs onda aprelin 2-dən 5-nə kimi Rusiya harda idi və ya yəni sual müəllifləri doğrudanmı inanırlar ki, Rusiyanın aprelin əvvəllərində baş verənlərdən xəbəri yox idi… Bax elə bu da prezident İlham Əliyevin diplomatik gedişlərinin nəticəsi idi ki, bəhrəsini gördük. Ermənistanın qəfil hücumu zamanı İlham Əliyev Amerika Birləşmiş Ştatlarında idi. Biz dəqiq bilirik ki, dövlət başçısı Amerikadan Fransaya uçub və Azərbaycana da elə Parisdən gəlib. Təfərrüatları sonadək bəlli olmayan məsələlərdir əlbəttə. Amma İlham Əliyev işini bərk tutan siyasətçilərdəndir, o, avantüraya getmir, ən xırda riski belə nəzərə alaraq addım atır. Elə buna görə də icazə verin belə düşünüm ki, Putinin 3 günlük susqunluğunda da prezident İlham Əliyevdən nəsə var. Bütün müşahidələr belə deməyə əsas verir ki, Ermənistan lazımi istiqamətə getmir. Adam demək istəyir ki, ay qonşu, əvvəlcədən görürdün ki, vəziyyət ağırdır, axı Azərbaycan deyirdi. Deyirdi ki, orduya bütün Ermənistanın büdcəsindən artıq pul xərcləyirik. Hövsələmizin dibi suda deyil! Bax elə o zaman anlamaq lazım idi ki, sonrası yaxşı olmayacaq. Bu minvalla Ermənistan özünə yaxşı gələcək hazırlamır. Uçmağa getməklə uçuruma getmək fərqli anlayışlardır! Ermənilər üçün Sarqsyan onsuz da siyasi meyitdir. Erməni xalqı aprel rüsvayçılığını ona heç vaxt bağışlamayacaq. Ona görə də Sarqsyandan ötrü ən yaxşı yol o olardı ki, ağıllı məsləhətçilərinin sözünə baxıb danışıqlara getsin, 5 rayonu qaytarsın və ondan sonra istefa versin. Qalan məsələlər barədə gələnlə danışılar. Sarqsyan isə elə aciz hala düşüb ki, əlimyandıda, aqoniyada hətta ağır xərçəng xəstəsini - zavallı Ter Petrosyanı prosesə qoşub. Yeni geosiyasi, yeni hərbi-psixoloji vəziyyəti yenidən qiymətləndirmək əvəzinə, yenə də Ermənistanda türklərə, azərbaycanlılara nifrət aşılanır. Sarqsyan bu yolun prespektivsiz olduğunu gərək anlasın. Bəlkə də anlayır e, amma onu o vəzifəyə məhz ona görə qoyublar ki, istənilən barışığa getməsin. Bununla da Sarqsyan böyük bir şansı itirir. O indi vəziyyəti doğru təhlil edib, dürüst qərar qəbul etsə, sonra da qonşularla dinc yanaşı yaşamaq siyasəti yürütsəydi, bəlkə ona elə öz vətənində heykəl də qoyardılar. Amma indi o sadəcə canlı meyitdir. Təkrar edirəm. Ermənisanda heç kim ona bir şeyi bağışlamayacaq. Miflərin yaradılmasını və bu miflərin dağıdılmasını! Erməniliyi öyrənən sosioloqların gəldiyi belə bir qənaət var ki, bu xalq nifrət ətrafında birləşir. Və onların nifrətini də əbədi edən hədəf miflərdir. Onlar miflərin dağılmasını məhz buna görə sevmirlər. O saat günahkar axtarırlar. İndiki halda da bir günahkar var. Sarqsyan. Çaşqınlıqdan danışırıq. Ən gülməli vəziyyət bilirsiniz hansıdır. Bu saat ermənilərin ağlamaqları. Qəribə bir poza seçiblər, ay aman başımızı kəsdilər, ay haray, qulağımızı kəsdilər-deyə haray salırlar. Və o saat da qarşılarında belə bir sual görürlər: bəs Xocalı? Xocalıdakı insan şumunu axı nə Azərbaycan, nə də dünya unudub. Bir də ki, mən bu ağlaşmanı, total şivən-şikayəti başqa səbəbdən də başa düşmürəm. Heç görmüsünüz ki, İŞİD şikayətlənsin ki… Rusiya bizi filan silahlarla vurdu, Amerika, ya da Türkiyə bizim anamızı elə ağlatdı, atəş nöqtələrimizi belə dağıtdı! Bizə kömək edin! Çatmır mənə. Ya vuruşun, ya da təslim olun!