Elman Rüstəmov İlham Əliyevə qarşı: MƏRKƏZİ BANK prezidenti təkzib edir

qqq.jpg

Hər ötən gün bir daha təsdiqlənir ki, hökumətin inkişaf təbliğatı sadəcə bir nağıl imiş.

Zaman ötdükcə real vəziyətin nə qədər acınacaqlı olduğu, ölkənin bütün sahələrinin tənəzzülə uğradığı, böyük neft pullarının dövlətin güclənməsinə xidmət etmədiyi daha çılpaq görünür. Amma bu qədər şəffaf mənzərə də hökumətin yalan təbliğatını dayandırmır, asanlıqla ac xalqa uğurlu siyasətdən danışa bilirlər.

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev bildirdi ki, biz böhrandan şərəflə çıxmışıq: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilmişdir”- deyə ölkə başçısı bildirdi.

İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüşəndə də optimist çıxış etdi və problemlərin həll edildiyini bildirdi: “Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Bu günə qədər, fikrimcə, biz bütün vəzifənin öhdəsindən gəlmişik”.

Göründüyü kimi ölkə başçısı iqtisadi sahədə problemlərin olmadığını, qeyri-neft sektorunun inkişaf etdiyini, öhədliklərə əməl olunduğunu bildirir. Bundan əvvəlki çıxışlarında da ölkə başçısı büdcədə qeyri-neft sektounun gəlirlərinin üstünlük təşkil etdiyini bildirmişdi.

Əlbəttə, biz deyilənlərin reallığa uyğun olmadığını bilirik və ilərdi bunu yazırıq. Amma biz yazanda adımızı “ermənipərəst”, “inkişafı gözü götürməyənlər” qoyurlar. Bu dəfə isə real vəziyyəti Mərkəzi Bank ortaya qoydu və məlum oldu ki, vəziyyət biz düşündüyümüzdən də pisdir.

Bəli, Mərkəzi Bankın “Pul Siyasəti” icmalına görə bu ilin ilk rübündə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun ötən ilin analoji dövrünə nəzərən 34.2 faiz azalaraq 2.9 milyard manata düşdüyü bildirilir. Daha sonra bildirilir ki, neft sektoruna 2.3 milyard, qeyri-neft sektoruna isə 600 milyon manat investisiyalar yönəldilib. Cəmi investisiya qoyuluşlarının 15.1 faizi dövlət (2015 I rüb 30 faiz), 84.9 faizi özəl sektorun (2015 I rüb 70 faiz) payına düşür. Ardınca qeyd edilir ki, investisiyaların həcminin kənd təsərrüfatında 74.1, sənayedə 12.8, informasiya və rabitə sektorunda isə 87.6 faiz azalıb. Eyni zamanda tikintidə 48.3, nəqliyyat, anbar təsərrüfatında 46, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 29.2, ticarətdə 89.5, turistlərin yerləşdirilməsi və ictimai iaşədə isə 83.3 faiz azalma olduğu qeyd edilir.

Göründüyü kimi Mərkəz Bankın açıqladığı rəqəmlər İlham Əliyevin optimist fikirləri ilə daban-dabana ziddir. İlham Əliyev kənd təsərrüfatının inkişafından, Mərkəzi Bank bu sahəyə investisiya yatırımının 74 faiz azalmasından danışır. İlham Əliyev iqtisadiyyata investisiya qoyuluşunun artmasından, Mərkəzi Bank 34 faiz azalmasından xəbər verir. İlham Əliyev ticarət sahəsində uğurların olduğunu, Mərkəzi Bank bu sahəyə yatırımın 89.6 faiz azaldığını qeyd edir.

Görəsən, Mərkəzi Bankın açıqladığı rəqəmlərə İlham Əliyev hansı reaksiyanı verəcək? Bəlkə, Mərkəzi Bank da ermənipərəst qüvvələrin təsiri altına düşüb, yaxud ölkədəki inkişafa xor baxır? (azadlıq.info)






Fikirlər