Deputatlar niyə “pul atır”? – ONLARI ELƏ YAXŞI PUL OĞURLADIQLARINA GÖRƏ “SEÇİBLƏR”

Bəzi millət vəkillərinin qanunsuz əməllərinə dair mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur.

Vəziyyət o həddə çatıb ki, parlament üzvlərinin başıpozuq davranışları sanki bir "ənənə"yə çevrilib. Savash.org xəbər verir ki, deputat Rüfət Quliyevin sələmə pul verməsi məsələsindən sonra başqa bir millət vəkilinin də adı pul qalmaqalında hallanıb.

Belə ki, Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Elxan Məhəmməd oğlu Nəbiyev bu şəhərdən seçilən millət vəkili Aydın Mirzəzadədən şikayətçidir. Şkayətçi qeyd edib ki, millət vəkili onun pulunu qaytarmır: "A.Mirzəzadəyə məxsus “Firəngiz” şadlıq evində şəkil çəkmək üçün qoyduğum 10 min manatlıq depozitimi geri ala bilmirəm".

Vəziyyəti dəyərləndirən tanınmış jurnalist Zamin Hacı Savash.org-a bildirib ki,bu deputatlar Yeni Azərbaycan Partiyası(YAP ) tərəfindən təyin olunduqlarından cammatın başına belə oyunlar açırlar:

"Onları elə bu cür qanunsuz hərəkətlərinə, pul oğurlamalarına görə, deputat seçiblər. Həmin adamlar deputat olmazdan əvvəl də, bu işlərlə məşğul olublar. Onlar məhz bu "meyarlar" əsasında seçiliblər. Azərbaycanda qanunverici orqan üzvünün qanunla fəaliyyət göstərməsi heç kimə lazım deyil. Nə cəmiyyət bunda maraqlıdır, nə də hökumət. Cəmiyyət ona görə maraqlı deyil ki, dəfələrlə seçkilərdə iştirak etsələr də nəticələrin saxtalaşdığının şahidi olublar. Ona görə də insanlar seçkilərə maraq göstərmirlər. Dövlət büdcəsindən maliyyələşən təşkilatlardakı işçilər- müəllim, polis, jek işçilərinin əlilə saxta parlament formlaşır".

Bununla yanaşı həmkarımız hesab edir ki, deputatlar qanuni yolla seçiliblərsə, o zaman qanun yaradıcılığı ilə məşğul olmalıdırlar: "Cəmiyyətdəki müzakirələri parlamentə daşımalıdırlar. Amma indiki halda onlara diskusiya aparmaq, qanun yaratmaq imkanları verilmir. Bütün qanunların hamısı Prezident Aparatından gəlir. Deputatlara parlamentdə düymə basma səlahiyyəti ayrılıb. Bəzən heç ona da imkan vermirlər. Parlamentin texniki işçiləri deputatların əvəzinə düymələri basır. Bu adamların seçilməsi və fəaliyyəti qanunsuzdur. Onlara parlamentdə düymə basmağa belə icazə verilmir. Bu adamlar başqa nə işlə məşğul olmaldırlar? Ya gedib, dükan açıb alverlə məşğul olacaq, ya da dələduzluq edib, kimlərinsə pulu əlində alacaq. Yəni onlar deputatın fəaliyyətinə dəxli olmayan işlərlə məşğul olurlar".

Dosye.org






Fikirlər