Əli Həsənov: "Con Kerrinin səsləndirdiyi fikirlər təəssüf doğurur" - VİDEO

b_550_325_16777215_00_images_xeber_sekilleri_1iyul2016_li_Hsnov.jpg

ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir.

Missiya.Az-ın məlumatına görə, Azərbaycan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Xəzər Xəbər"ə açıqlamasında belə deyib.

Dövlət rəsmisi bildirib ki, bu açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə, BMT Təhlükəsilik Şurasının daimi üzvü kimi qurumun çıxardığı 4 qətnamənin icrasından irəli gəlir. Digər tərəfdən, Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürüb".

Əli Həsənov bildirib ki, Con Kerrinin açıqlaması bu statuslara ziddir: "Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikdən və bu öhdəliyin məsuliyyətindən müəyyən mənada boyun qaçırmaqdır. Məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Bu, yolverilməzdir. Yolverilməzdir ona görə ki, beynəlxalq hüquq norması var. Beynəlxalq hüquq normasına dövlətlərin əməl etməsinə məcbur edən beynəlxalq hüququn çərçivəsi var".

Əli Həsənov deyib ki, ABŞ dövləti, o cümlədən bu ölkəninin prezidenti status-kvonun qəbuledilməzliyi ilə bağlı rəsmi bəyanat verib.

Con Kerrinin səsləndirdiyi bu fikirlər elə həmin bəyanatın özü ilə də ziddiyyət təşkil edir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır.

"Əgər beynəlxalq hüququn normalarını hansısa dövlətin başçısı görməzdən gəlirsə və yaxud onu bilərəkdən pozursa, qulaqardına vurursa, onun nə vaxt buna hazır olacağını gözləmək lazım deyil. Bu dövlətlərin statusu onu tələb edir ki, onlar həmin dövləti beynəlxalq hüquq normalarına əməl etməyə məcbur etməlidirlər, ona təsir göstərməlidirlər, təzyiq göstərməlidirlər",-deyə Əli Həsənov bildirib.

Con Kerrinin bəyanatının ardından Dövlət Departamentinin "münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik" açıqlamasına da münasibət bildirən Əli Həsənov bunu adi növbətçi bəyanat adlandırıb və bildirib ki, bu cür bəyanatları biz çox eşitmişik.


 






Fikirlər