Əli Əhmədov Putinin köməkçisinin açıqlamasını tənqid etdi

Əli Əhmədov Putinin köməkçisinin açıqlamasını tənqid etdi

"Minsk Qrupunun həmsədri olan dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür”.

Baş nazirinin müavini Əli Əhmədov Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir neçə gün əvvəl Dağlıq Qarabağ münqişəsinin nizmalanması barədə açıqlamasını şərh edərkən belə deyib.
Turan xəbər verir ki, Ə.Əhmədova görə, münaqişənin həll edilməsi üçün yaradılmış qurumun həmsədr ölkələrinin rəsmiləri tərəfindən belə bəyanatların səsləndirilməsi Minsk qrupunun həmsədrlərinin öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmamaları anlamını doğurur.
O, bir qədər əvvəl ABŞ dövlət katibinin də bənzər açıqlamasının olduğunu yada salıb.
"Bu bəyanatlara kifayət qədər sərt reaksiyalar oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayır. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir”, baş nazirin müavini bildirirb.
"Bu qurumun kifayət qədər səylər göstərdiyini də qeyd etmək istəyirəm. Amma səsləndirilən bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinin üzərinə istər-istəməz kölgə salır”, Ə.Əhmədov əlavə edib.
Rusiya prezidentinin köməkçisi Y.Ushakov bir neçə gün əvvəl bildirib ki, Moskva yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı böyük nikbinlik keçirmir. O, bununla belə, ölkəsinin Yerevan və Bakı ilə işi davam etdirəcəyini vurğulamışdı.
Azərbaycan XİN-i həmin bəyənatı təəssüflə qarşıladığını bəyan etmişdi.






Fikirlər