"Harada Türkiyə var, orada Azərbaycan var..."

AzerTaym.az xəbər verir ki, bu fikirlər Türkiyənin  93-cü  ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən mərasimdə qeyd olunub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın ev sahibliyi ilə “Flame Towers Fairmont” otelində təşkil edilən qəbula Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov, baş nazirin müavini Əli Əhmədov, diplomatlar, siyasətçilər, sənətçilər, media qurumlarının rəhbərləri və digər qonaqlar qatılıb.
Türkiyə və Azərbaycan himnlərinin  oxunduğu mərasimdə səfir Özoral, prezident Rəcəb Tayyib Ərdoğanın 29 Oktyabr Respublika Bayramı münasibətilə göndərdiyi mesajı oxuyub.
Baş nazir müavini Əhmədov mərasimdə etdiyi çıxışında, 20-ci əsrin əvvəllərində bəşəriyyət tarixində böyük bir möcüzə yaşandığını, parçalanmış bir ölkənin yenidən ayağa qalxdığını və möhtəşəm bir dövlət - Türkiyə Cümhuriyyətinin doğulduğunu söyləyib.
Türkiyənin zaman - zaman böyük sınaqlarla qarşı-qarşıya qaldığını xatırladan Əhmədov, "Türk xalqı bütün bu imtahanlardan üzü ağ çıxıb. Yaxın zamanlarda yenə bir imtahan yaşadı. 15 iyulda yaşanan zərbə cəhdindən Türkiyə daha da güclü, qüdrətli çıxdı" - deyə bildirib.
Türkiyənin daha da güclənəcəyinə əmin olduğunu, "bir millət, iki dövlət" olan Azərbaycan olaraq hər zaman Türkiyə ilə bir olduqlarını vurğulayan Əhmədov, "Harada Türkiyə varsa, orada Azərbaycan var, harada Azərbaycan varsa orada Türkiyə var"  - deyə çıxışında qeyd edib.

 






Fikirlər