ƏRDOĞAN PLANLARINI GERÇƏKLƏŞDİRƏ BİLMƏYƏCƏK- POLİTOLOQ

Türkiyədə koalisiya hökuməti yaradılsa, hakim partiya planlarını həyata keçirə bilməyəcək.

Bunu Sherg.az-a politoloq İlqar Vəlizadə deyib. 
Ekspertin sözlərinə görə, Türkiyədə partiyaların arasındakı fikir ayrılıqları koalisiya yaradılmasına maneələr törədir: 
"Bu hal kənardan qardaş ölkədə avtoritar meyllərin artmasını düşündürə bilər. Ötən il baş verən hadisələr Türkiyədə partiyaların koalisiya yaratmaq niyyətlərinin olmadığını qabarıq şəkildə göstərdi. Yalnız hakim partiya Ədalət və Rifah Partiyası (AKP) deyil, digərləri də bu düşüncədədir. Koalisiya yaradılması barədə danışıqlar aparılıb. Lakin bu danışıqlar lazımi nəticə vermədi. Son nəticə etibarilə təkrar seçkilər keçirildi. Prinsipial fikir ayrılıqları aparılan islahatlara, dövlət quruluşunun seçiminə təsir göstərir. Belə ki, müxalifət partiyaları Türkiyənin arlamentli respublika, iqtidar isə prezidentli respublika olmasına üstünlük verir”.
İ. Vəlizadə bildirib ki, Türkiyədə hakim partiya 2023-cü ilə qədər konstitusion islahatları başa çatdırmağı məqsəd qoyub:
"Bu tarix ona görə belə seçilib ki, Türkiyənin yaranmasının 100 illiyi qeyd olunur. Əsas məqsəd respublikanın siyasi quruluşunda köklü islahatlar aparıb, müəyyən mənada "ikinci respublika” qurmaqdır. Yaxın gələcəkdə idarəçilik üçün koalisiya yaradılması fikri ortaya atılarsa, AKP-nin planlarına ciddi əngəllər yaranacaq, islahatları həyata keçirə bilməyəcək. Türkiyədə keçirilən parlament seçkilərində üstünlük qazanan partiya təxmini 5 il müddətinə hakimiyyətdə qalacaq. Bu səbəbdən yaxın 5 ildə bu fikrin gündəmdə olacağını demək çətindir. Güman ki, 2020-ci ildən sonra müzakirə oluna bilər. Bu fikri ortaya atmaqda Binəli Yıldırımın əsas hədəfi partiyanın seçicilərini əsas hədəflərdən yayındırmamaqdır”.
Qeyd edək ki, bu günlərdə Türkiyə baş naziri Binəli Yıldırım Türkiyədə təkpartiyalılığa keçmək istədiklərini bəyan edib.

 






Fikirlər