Ermənistan şərtini açıqladı: 7 rayonun əvəzinə... – Qarabağla bağlı YENİ SİTUASİYA – Qarabağla bağlı YENİ SİTUASİYA
Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib. O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bir şərtlərinin olduğunu deyib.
“Hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər”, - deyə o qeyd edib.
Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan “Rusiya bu gün” agentliyinə müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd mövcud olub, lakin Bakı bununla razılaşmayıb.
Ermənistan rəhbərliyinin yenidən əvvəlki mövqelərinə qayıdaraq, sülh danışıqlarını dalana salmaq cəhdləri müşahidə olunur. Halbuki, aprel müharibəsindən sonra ərazilərin qaytarılması və münaqişənin həll olunması istiqamətində ciddi irəliləyişin olduğu deyilirdi.
Ermənistanın “lragir” saytı da V.Akopyanın bu açıqlamasının şübhəli olduğunu yazıb: “Əslində hakimiyyətin ərazilərin qaytarılmasını müzakirə etməyə razı olduğu məsələsi yeni deyil. Serj Sarkisyanın özü də təsdiq edib ki, 2011-ci ildə Kazanda razılaşmanı imzalayırdı, lakin sonda Bakı razılaşmadı. Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. Əgər aprelə qədər qaytarılacaq rayonların sayı 5, yaxud 3 idisə, apreldən sonra erməni tərəfi 7 rayon haqqında danışır. Akopyanın sözlərindən belə anlaşılır ki, aprel müharibəsindən sonra “Qarabağda əhalinin təhlükəsizliyini nəzərə alaraq, ətrafdakı ərazilərin qaytarılması” nəzərdə tutulur. Hətta o, Qarabağın statusunun müəyyən edilməsi məsələsini əsas tutsa da, görünən odur ki, Ermənistan rəhbərliyi ərazilərin qaytarılmasına razıdır”.
Erməni politoloq Riçard Kirakosyan isə qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda davam edir: “Bu, Qarabağ üçün təhlükəlidir. Xüsusilə ABŞ-la münasibətlərin yoluna qoyulması Rusiyanın əl-qolunu açacaq. Amerika və Rusiya qarşılıqlı güzəştə gedə və müəyyən ərazilərdə bir-birinin hakimliyini tanıya bilərlər. Əgər belə olarsa, Rusiyanın Cənubi Qafqazda təkbaşına hərəkət etməsinə Amerika razı olacaq. Bu isə Moskvanın Qarabağ məsələsində birtərəfli təşəbbüslərlə çıxış etməsinə imkan yaradacaq. Xüsusilə münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək istəyəcək. Son nəticə Azərbaycanın xeyrinə olacaq”.
R.Kirakosyan hesab edir ki, regionda yeni eskalasiya da baş verə bilər.
“Baş verənlər Ermənistanın regionda təklənməsinə səbəb ola bilər. Bu isə ərazilərin qaytarılmayacağı halda, müharibənin tezliklə başlanması deməkdir. Biz Qarabağda yeni müharibəni gözləməli və hazırlaşmalıyıq”, - deyə o bildirib.
ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur ekspert Stiven Blankın “cacianalyst” saytında dərc olunan məqaləsində irəli sürdüyü fikirlər də diqqət çəkir.
Amerikalı ekspert hesab edir ki, Rusiya Qarabağ münaqişənin həllinə start verəcək: “Sadəcə olaraq, müəyyən istəkləri var. Misal üçün, Azərbaycandan Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyə bilər, yaxud başqa bir şey. Lakin görünən odur ki, münaqişənin həlli qaçılmazdır və ruslar bunu edəcəklər”.