Milli Məclisdə Baş nazirdən milyonları soruşdular

“Yəqin xatırlayırsınız ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər də tikilirdi.

Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla kompensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu”. 

Bu sözləri Milli Məclisin dekabrın 8-də keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib. 
Bəxtiyar Əliyev deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonların hara getdiyini Baş nazir Artur Rasizadədən soruşub: 
“Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait hansısa şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkətlər hələ də bu mənzilləri tikib insanlara verməyib. Ona görə də mən Baş nazirə burada müraciət edirəm: Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların  10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb və bu istiqamətdə işlər görülməyib. Bunun araşdırılmasına göstəriş verin. Nədənsə bu məsələ indiyə kimi öz həllini tapa bilmir”. 
Spiker Oqtay Əsədov isə Bəxtiyar Əliyevin müraciətinə belə reaksiya verib: 
“Bəxtiyar müəllim, siz 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanın tikintisini başa çatdırırlar. Bina başa çatanda kimin ki orada mənzili var, onu da alacaqlar. Orada problem olmayıb”. 

 






Fikirlər