Xalq nə istəyir: müharibə yoxsa sülh? - Qarabağla bağlı sorğunun NƏTİCƏLƏRİ

"Atlas” Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ mövzusunda 500 respondent arasında sorğu keçirib.

BakiPost.az xəbər verir ki, "2017-cı ildə sülh danışıqlarından irəliləyiş gözləyirsinizmi” sualına respondentlərin 92%-i "xeyr”, 8%-i "bəli” cavabını verib. Ötənilki sorğuda isə eyni suala respondentlərin 86%-I "xeyr”, 14%-i "bəli” cavabını vermişdi.

Mərkəzdən bildirilib ki, bu nəticə vətəndaşların sülh danışıqlarına inamının ilbəil azaldığını göstərir: "2016-ci ildə bütün səviyyəli danışıqların nəticəsiz qalması da bunun əyani sübutudur”.

Ötən il "2016-cı ildə müharibə başlaya bilərmi” sualına respondentlərin 56 faizi "müharibə mümkündür”, 23 faizi "müharibə ehtimalı azdır” cavabını vermiş, 21 faiz isə cavab verməkdə çətinlik çəkdiyini söyləmişdi. 1 il sonra keçirilən sorğunun nəticəsinə görə isə cavablardakı nisbət xeyli dəyişib. "2017-cı ildə müharibə başlaya bilərmi” sualına bu dəfə respondentlərin 82% "müharibə mümkündür”, 11% "müharibə ehtimalı azdır” cavabını verib. Cəmi 7% suala cavab verməkdə çətinlik çəkib.

"Böyük ehtimalla bir il ərzində cavabda nisbətin dəyişməsi 2016-cı ilin aprelindəki 4 günlük savaşla əlaqəlidir. Digər tərəfdən böyük dövlətlərin il ərzində Ermənistan hakimiyyətinə təzyiq etməməsi amili də müharibə ehtimalının artması cavabına təsir göstərib”, - deyə mərkəzdən verilən şərhdə qeyd olunub.

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir imkanlarını necə qiymətləndirirsiniz” sualına respondentlərin cavabları belə olub: "Təsir imkanları böyükdür – 95%”, "təsir imkanları yoxdur və ya azdır – 5%”.

Cavabdakı fərqin böyük olmasının səbəbini isə belə əsaslandırıblar: "Ermənistanın 2016-cı il ərzində Rusiyadan siyasi və hərbi nöqteyi-nəzərdən asılığının daha da artması ilə bağlıdır. Bu cavab həm də Azərbaycan vətəndaşlarının münaqişənin həllində Rusiyanın kifayət qədər böyük imkanlara malik olduğuna inandığını göstərir”.

"Münaqişənin ədalətli həllini hansı amil sürətləndirəcək” sualına verilən cavablar bunlardır: "Azərbaycan güc tətbiq edəcəyi halda (72%)”, "Ermənistan mərhələli həll” planını qəbul edəcəyi halda (16%)" və "Rusiya Ermənistana təzyiq edəcəyi halda (12%)”.

 






Fikirlər