Savaş heç bir dövlətə gərək deyilsə, sülh danışıqlarının “donu” niyə açılmır? Rusiyalı tanınmış ekspert Azərbaycan ordusunun potensialını yüksək qiymətləndirdi; Müdafiə Nazirliyi: “Düşmən öz canlı itkilərini gizlədir...”
Ermənistanın öz əsas havadarı Rusiyaya arxalanaraq Qarabağ danışıqlarında yenidən qeyri-real, təxribatçı mövqe tutması müharibə mövzusunu təzədən gündəmə gətirib. Artıq Qərb analitikləri də bunu görür və həyəcan təbili çalırlar.
O sırada britaniyalı jurnalist, Vaşinqtondakı Kornegi Fondunun Qafqaz məsələləri üzrə aparıcı eksperti, “Qara Bağ” kitabının müəllifi Tomas de Vallın fikirləri ilə razılaşmamaq çətindir. Müharibə riskləri baxımından 2016-cı ili “pis” adlandıran ekspert 2017-ci ilin daha pis ola biləcəyinin anonsunu verib. Aprel döyüşlərindən sonra hər şeyin köhnə məcrasına qayıtdığını qeyd edən de Vaal deyib: “Artıq qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub. Əlbəttə ki, yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır, amma Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər”.
Ekspertin fikrincə, münaqişə tərəfləri bütün hallarda müharibə yolunu seçə bilərlər.
“1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir” - Tomas de Vall qeyd edib. Onun sözlərinə görə, hərbi vəziyyət indi təhlükəlidir, amma siyasi vəziyyət də ondan heç də az təhlükəli deyil.
De Vall Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaətləri də bölüşmür. “Qısası, Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün önləyici diplomatiyaya ehtiyac var”, - britaniyalı analitik sonda qeyd edib.
*****
Ekspertin fikirləri ilə razılaşmamaq çətindir. Doğrudan da ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi - Rusiya ABŞ və Fransa Qarabağda yeni müharibə istəmirsə, müharibə heç kimə sərfəli deyilsə, o zaman sual ortaya çıxır ki, sülh danışıqlarının “donu” niyə açılmır? Başqa sözlə, savaş riskini gündəmdən çıxararaq Qarabağa dair önləyici diplomatiya niyə gecikir?
Sözsüz ki, əsas səbəblər böyük güclərin münaqişə ilə bağlı toqquşan maraqları, Kremlin Güney Qafqazla bağlı həlli reallaşmayan planları, habelə Dağlıq Qarabağ məsələsinin dünyanın gündəmində yer almamasıdır. Azərbaycan təbii ki, bu kimi nüansları ciddiyə alır və gərəkəni yapır. Söhbət Silahlı Qüvvələrimizi günü-gündən gücləndirməkdən gedir. Çünki müharibə olsa da, olmasa da, gerçək belədir ki, hərbi qüdrəti böyük olan dövlətlə həmişə hesablaşılır.
Bu xüsusda rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsovun Azərbaycan ordusunun imkanları haqda qeydləri diqqət çəkir. Analitik deyir: “Azərbaycan prezidenti İlham Əliyev tamamilə haqlıdır deyəndə ki, hərbi texnikanın alınması, ordunun yenidən texniki təchizatı və təzədən silahlandırılması davamlı prosesdir. Bu gün dünyanın əksər ölkələrinin orduları üçüncü nəsil hərbi texnikadan ibarətdir, halbuki indi beşinci, hətta altıncı nəsil silah nümunələri yaradılır. Ötən il Ukraynanın şərqindəki döyüşlər bunu əyani göstərdi: Ukrayna və Polşanın üçüncü nəsil tankları beşinci nəsil tank əleyhinə sistemlər vasitəsilə asanca məhv edildi. Analoji mənzərəni ötən ilin aprelində Dağlıq Qarabağda gördük: Azərbaycanın T-8O tankları ermənilərin T-68/72 tanklarının öhdəsindən asanca gəldi. Bu iki konflikt bir daha əyani şəkildə nümayiş etdirdi ki, bu gün döyüş meydanında əsgərin şücaəti və igidliyi yox , hərbi-texniki üstünlük qalib gəlir. Mənəvi-iradi faktor yalnız rəqiblər bərabər hərbi gücə malik olduqda əhəmiyyət daşıyır”.
Ekspertin qənaətincə, hazırda Azərbaycan ordusu öz silahlı qüvvələrinin texniki-təchizat göstəricisinə görə bir çox dünya ölkələri ilə müqayisədə daha əlverişli vəziyyətdədir: “Azərbaycanın siyasi və hərbi rəhbərliyi bu məsələyə daima ən ciddi diqqət yetirir, ordu üçün daima yeni silahlar alır. Buna görə də Azərbaycan hərbçiləri döyüş hazırlığı və təchizat səviyyəsinə görə ya zamanla ayaqlaşır, ya da 2-3 il geri qalır ki, bu da faciə deyil. Azərbaycan ordusu bütövlükdə dördüncü nəsil hərbi texnika ilə təchiz edilib. Bu səbəbdən öz qonşularını xeyli üstələyir. Ona görə də beşinci nəsil silahlanmaya keçmək üçün böyük maddi xərclərə və hərbi qulluqçulara total şəkildə təzədən təhsil verməyə lüzum yoxdur. Üçüncü nəsil silahlanmaya malik Ermənistan ordusu haqda isə bunu demək olmaz. Erməni ordusunun beşinci nəsil silahlardan istifadəyə keçməsi üçün təkcə bütün texnikanı dəyişmək yetərli deyil, eyni zamanda şəxsi heyət bütünlüklə təzədən öyrədilməlidir. Bunun üçün isə Ermənistanın nə vəsaiti, nə də vaxtı var. Hətta bunu edincə, Azərbaycan hərbçiləri altıncı nəsil silahlar alacaqlar - hansılar ki, artıq Rusiyada hazırlanmaqdadır”.
*****
Azərbaycan ordusunun döyüş ruhu və potensialı, Ermənistan ordusundan üstünlüyü özünü ötən ilin aprelindəki 4 günlük müharibədə əyani göstərdi. Həmin üstünlük hesabına cəmi bir neçə günə işğal altındakı ərazilərimizin 2000 hektarı düşməndən geri alındı.
Əcnəbi hərbi ekspertlər səviyyəsində də etiraf edilən hərbi üstünlüyümüz, həmçinin aprel döyüşləri zamanı erməni tərəfinin qat-qat çox canlı və texniki itki verməsində özünü göztərdi. Hərçənd işğalçı ölkə rəsmiləri real itkilərini günü bu gün də gizlətməyə çalışırlar.
“Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir”.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən şərhdə bildirilib. “Yalnız aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin daha çox həqiqətə uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər”, - deyə şərhdə vurğulanır.
“Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir. Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib”, - deyə Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib.
Əlbəttə ki, Ermənistan Dağlıq Qarabağ məsələsinə yanaşmasını konstruktivliyə doğru dəyişməsə, bu itkilər yüz, min dəfələrlə arta bilər. Böyük savaşı deyirik. Hərçənd, işğalçı ölkə indinin özündə həm də orduya çağırışçı problemi yaşayır.