Artur Rasi-zadənin son hesabatı - Baş nazir vəzifəsi LƏGV EDİLİR?
Mart ayında Artur Rasi-Zadənin baş nazir kimi qalıb-qalmaması, ümumiyyətlə, Nazirlər Kabinetinin tərkibi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gələcək. AzerTaym.az xəbər verir ki, bu barədə "Yeni Müsavat” qəzeti yazıb. Xəbərdə deyilir ki, böyük ehtimalla mart ayında Artur Rasi-Zadə baş nazir kimi Milli Məclisdəki son hesabatını verəcək. Məlumata görə, fevralın 26-da 83 yaşı olacaq Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir. Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin. Belə olduğu halda Artur Rasi-Zadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək. Bu həm də o demək olacaq ki, Artur müəllimin baş nazir vəzifəsindən azad edilməsi barədə prezident fərmanı olmaya bilər. İslahatlar dalğasında baş nazir vəzifəsi də, nəqliyyat naziri vəzifəsi kimi sıradan çıxacaq. Məlumat üçün bildirək ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər edildikdən sonra onsuz da baş nazir postu ölkənin ikinci şəxsi statusunu itirib. İkinci şəxs bundan sonra birinci-vitse prezidentdir. Vitse-prezident təyinatlarından sonra isə Nazirlər Kabinetinin də yenidən təşkil ediləcəyi bildirilir. Bu qurumun funksiyalarının vitse-prezidentlərə ötürüləcəyi yayılan xəbərlər sırasındadır. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatının işlək institut olacağı və cari idarəetmə ilə məşğul olacağı da bildirilir. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur ki, bu məsələlər iqtisadi islahatların davamı olaraq həyata keçiriləcək.