Bakı əhalisi üçün pulsuz yerlər ayrılacaq - Prezidentdən FƏRMAN

Bakı əhalisi üçün pulsuz yerlər ayrılacaq -

“Avtomobillər üçün nəzərdə tutulan yeraltı və yerüstü dayanacaqlardakı qiymətlər sadə azərbaycanlının yaşayışına, gəlirlərinə, məskunlaşma səviyyəsinə görə çox bahadır”.

Bunu İstiPess-ə nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, avtodayanacaqlar sahəsindən, tələbatından asılı olaraq fərqli qiymətlər olmalıdır.
“Standart tariflər ola bilməz, qiymətlər dəyişkən olmalıdır. Bəzi yerlərdə baha, bəzi yerlərdə isə ucuz qiymətlər məqsədəuyğundur. Məsələn, Əhmədli və Yasamalda 1 saatı 1 manata çox bahadır. Və ya Bakının bəzi yerlərində avtodayanacağın qiyməti 1 saatdırsa, 5 saatı 5 manata olması düzgün deyil. Saat artdıqca qiymət düşməlidir”, - deyə Ərşad Hüseynov bildirdi.
Yeraltı dayanacaqlarda maşın saxlayan bəzi sürücülər də mövcud qiymətlərdən narazıdırlar. Onların sözlərinə görə, yeni tikilən yeraltı dayanacaqlar şəhərin ümumi görkəminə bir yaraşıq gətirsə də sürücülərin ciblərinə heç də yaraşıq gətirmir, çünki hazırkı Azərbaycan reallığına görə qiymətlər bu dayanacaqlarda çox baha qoyulub.
Düzdür, yeraltı dayanacaqlardakı qiymətlərdən razı olanlar da az deyil. Belə sürücülərə 4500 tutumu olan “Qış bulvarı” deyilən dayanacaqda rast gəlmək olar. Burada 1 saata kimi maşın saxlayanlar 50 qəpik ödəyir. “GARAGE” Fəvvarələr meydanında isə əhalinin gurluğunu və mərkəzdə olduğunu nəzərə alaraq 15 dəqiqəyədək kassaya pul ödəmirsən. Belə sürücülər daha çox yol kənarında dayanmamaq üçün bura daxil olur və “Torqovı”da alver edən və yaxud gəzən tanışını götürüb aparır.
Adları çəkilən yeraltı dayanacaqlarda digər saatların qiymətləri də bir-birindən çox fərqlənir. Belə ki, az gediş-gəliş yeri hesab edilən “Qış bulvarı”nda 1 saatdan 2 saatadək 1 manat, 2-4 saat ərzində 2 manat, 4-8 saat ərzində 3 manat, 8-12 saat ərzində 4 manat, 12-16 saat ərzində 5 manat, 16-24 saat ərzində isə 6 manat ödəməlisən.
Hər yerdə olduğu kimi, burada da sürücülər üçün aylıq abunə haqqı yaradılıb. Əgər yaxınlıqda yaşayan sakin öz maşını burada saxlamaq fikrinə düşsə, ayda 120 manat ödəməlidir.
Bəlkə də qiymətlərə görə, sürücülər bu avtodayanacaqlardan çox istifadə etmir. “Beşmərtəbə” və Heydər Əliyev Sarayına yaxın olan yeraltı ərazilər istisna olmaqla digər bölümlərdə, demək olar ki, maşın gözə dəymir. Məsələn, Hökumət evinin qarısındakı yeraltı böyük avtodayanacaqda maşınların sayı həddindən artıq çox azdır.
Yeraltı dayanacaqlar Bakı şəhərinin tıxacını qismən aradan qaldırır, ancaq bütün bunlar küçə və səkilərdə dayanan maşınların sayını heç də azaltmır. Bunun özü də istər sürücülərə, istərsə də şəhər sakinlərinə ciddi problem yaradır, həm də şəhərin ümumi mənzərəsini pozur. Səkilərdə və qadağan olunmuş yerlərdə saxlanılan maşınların hər biri istənilən an evakuatorla cərimə meydançalarına aparılır və sürücülərin ciblərinə ziyan vurur.
Bakının bu problemini həll etmək üçün ötən gün Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" fərman imzaladı.
İlham Əliyev Nazirlər Kabinetinə tapşırıb ki, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği Prezidentlə razılaşdırmaqla təsdiq edilsin.
Bundan başqa, nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinin ünvanı göstərilməklə parklanma yerlərinin siyahısı hazırlanıb Prezidentə təqdim edilsin.
Bundan başqa, Prezident tapşırıb ki, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən pulsuz parklanma yerlərinin ayrılması təmin edilsin.






Fikirlər