"Ermənistan prezidenti Fransa şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir: "Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərini və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq. Beləliklə, bu təcavüz nəticəsində bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Onların da qeydinə qalmaq üçün çoxlu pul tələb olunur. Biz əsasən bu insanların sosial müdafiəsinə sərmayə yatırdıq və ötən illərdə onların arasından iki yüz əlli min nəfərə yeni mənzillər və evlər verildi. Beləliklə, biz bütün müasir infrastruktur ilə təchiz olunmuş böyük şəhər miqyasında evlər tikdik".
Prezident əlavə edib: "Mən münaqişə barədə danışarkən Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim".
İlham Əliyev bildirib ki, bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər: "Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sözümün yekununda, həmçinin bildirmək istərdim ki, bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar".
AzerTaym.az