17.09.2014- «Mən Yaqub Eyyubovu tanıyıram» - Vəfa Quluzadə
«Biz Avropa Birliyi, ABŞ və Rusiya arasında yaranmış vəziyyəti başa düşürük. Rusiyanı heç kim sındıra bilməz, o, heç vaxt əyilməyəcək, əksinə, bu, onu daha da möhkəmləndirəcək».
İTAR-TASS Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovun belə söylədiyini yazıb. Xəbərdə daha sonra Azərbaycan rəsmisi adından deyilir: «Avropa Birliyi də, ABŞ da başa düşməlidirlər ki, Rusiya ilə danışıqları sanksiya dilinə gətirməklə yanlışa yol veriblər». Xəbər Agentliyinin məlumatına görə, Eyyubov bunu Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycanla Rusiya hökumətlərarası komissiyanın iclasında söyləyib.
Azərbaycanda xəbər agentliyinin yazdığını şübhə altına alan da var, baş nazirin müavininin dediklərinin şəxsi fikir olduğunu, hətta onun sifarişlə danışdığını söyləyən də...
ZƏRDÜŞT ƏLİZADƏ: «BU TAPŞIRIĞI KİMSƏ ONA YUXARIDAN VERİB»
Politoloq Zərdüşt Əlizadə düşünür ki, Azərbaycanda təcrübəsiz məmurlar vəzifə borcları ilə siyasətşünaslıq missiyasını qarışdırırlar. «Rusiya sarsılmayacaq» fikrini siyasətşünas, fərz edək Vəfa müəllim, Rasim müəllim desə anlamaq olar. Onların dövlət vəzifəsi yoxdur, biri deputatdır, o biri təqaüdçü, istədiklərini deyə bilərlər. Rəsmi icra hakimiyyəti strukturunda yüksək vəzifə tutan adamın siyasətşünas kimi proqnoz verməsi o zaman baş verir ki, bu tapşırığı ona kimsə yuxarıdan verib. Yaqub Eyyubov kifayət qədər təcrübəli adamdır və o bəyanatı bədahətən verməyib. Görünür, rəhbərlik deyib ki, biz demirik, sən de ki, Azərbaycan hökumətinin siyasi mövqeyi, kimin tərəfində durması bəlli olsun. Bu da tapşırığı yerinə yetirib. Qərbin isə Bakının nə dediyi vecinə deyil. Mühüm olan Bakının Krımla bağlı mövqeyi idi».
Politolq deyir ki, Azərbaycanın iqtisadi-siyasi maraqları Rusiya ilə sıx bağlanıb: «Azərbaycan siyasi hakimiyyəti Rusiya hakimiyyətindən fərqlənmir, avtoritar, korrupsioner, inhisarçı, anti-demokrat hakimiyyətdir və həmrəylik göstərirlər».
RASİM AĞAYEV: «HESAB ETMİRƏM Kİ, DÖVLƏTİN MESAJIDIR»
Deputat Rasim Musabəyova görə, bu baş nazirin və ya prezidentin bəyanatı deyil və baş nazirin müavininin söylədiyini fərdi bəyanat kimi qəbul etmək lazımdır: «Baş nazirin müavini olsa belə bu özəl mövqeyidir. Hesab etmirəm ki, dövlətin mesajıdır».
VƏFA QULUZADƏ: «MƏN YAQUB EYYUBOVU TANIYIRAM»
Sabiq dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan rəsmisinin bu bəyanatı məcburiyyətdən verdiyini düşünür: «Mən Yaqub Eyyubovu tanıyıram. Vaxtilə bir komandada işləmişik. Mən hesab edirəm ki, Eyyubov dediyi kimi düşünmür. O bütün azərbaycanlılar necə düşünürsə o cür düşünür. Birincisi, göz qabağındadır ki, Rusiyaya sanksiyalar nəticəsində böyük zərbələr dəyir, birjalar çökür, rublun məzənnəsi, neftin qiyməti düşür. Bunu göyərti satan da başa düşür və o cür yüksək vəzifə tutan adam belə düşünə bilməz. Birdə, bütün azərbaycanlıların istəyi odur ki, Rusiya çöksün, Azərbaycan torpaqları işğaldan azad olsun. Ancaq indiki şəraitdə Rusiya Azərbaycana böyük maraq göstərir. Nəyə görə? Rusiya sanksiyalardan əziyyət çəkdiyi üçün Azərbaycandan meyvə-tərəvəzin, ərzağın getməsinə ehtiyacı var. Azərbaycanın da başqa çıxışı yoxdur. O bacardığı qədər Rusiyaya xoş münasibət sərgiləyir. Başqa cür olsa Azərbaycan cəzalandırıla bilər. Gördünüz ki, atəşkəs xəttində od püskürdü, itkilər oldu, yəni yenidən müharibə alovlana bilər. Bu səbəbdən Azərbaycan Rusiyadan hər gələni ən yüksək səviyyədə qəbul etməyə, Moskvaya dəstək nümayiş etdirməyə məcburdur».
ELDAR NAMAZOV: «GƏLİN, BİR BALACA ŞÜBHƏ İLƏ YANAŞAQ»
Başqa bir sabiq dövlət müşaviri Eldar Namazov da Yaqub Eyyubovun adından yayılan fikirləri onun şəxsi proqnozu sayır. Onun qənaətincə, bir dövlət başqa dövlətə tətbiq olunan sanksiyalarla bağlı proqnoz verə bilməz. «Bu şəxsi fikirlərdir. İkincisi də, Rusiyanın özündə tanınmış alimlər, ekspertlər həmin sanksiyalardan narahatdırlar. Xaricdəsə düşünürlər ki, belə sanksiyalar nəticəsində SSRİ iqtisadiyyatı dağıldı, ardınca da siyasi böhran başladı və bununla ölkə çökdü. Bu sanksiyalar da Rusiya iqtisadiyyatına ciddi təsir etməyə başlayıb...»
Eldar Namazov Yaqub Eyyubovun adından yayılan məlumata ehtiyatla yanaşmağa çağırır:
«Bunu Rusiya mətbuatı yayıb. Rusiya bu məlumatları yaymaqda indi çox maraqlıdır. Belə qapalı iclasdan məlumat sızdırmaq protokola uyğun deyil. Gəlin bir balaca şübhə ilə yanaşaq deyilənlərə».
AZƏRBAYCAN HÖKUMƏTİ İSƏ...
Nazirlər Kabinetinin mətbuat xidmətinə zəng vurduq. Xidmətin rəhbəri Akif Əli köməkçisi vasitəsilə AzadlıqRadiosuna bunları çatdırdı: «Bizdə belə məlumat yoxdur. Məlumatı İTAR-TASS-la dəqiqləşdirin».
Sayt isə məlumatı hələ də səhifəsində saxlayır.
(Azadlıq radiosu)