MHP liderindən Kılıcdaroğluna şok ittihamlar – “O, YA İSTİFADƏ OLUNUR, YA DA…”
Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula doğru bugünlük böyük etiraz yürüşü digər müxalif partiya olan – MHP liderinin qəzəbinə səbəb olub. Strateq.az Türkiyə mediasına istinadla xəbər verir ki, MHP lideri Dövlət Baxçalı CHP-li deputat Enis Bərbəroğlunun həbsindən dərhal sonra ayağa qalxanları pisləyib: “Deputatla bağlı qərarın ardından CHP tələsik ayağa qalxıb, qiymət qoparıb. Ədalət Ankara və İstanbul arasındakı uzun yolda deyil, birbaşa millətimizin iradəsindədir, Türk dövlətinin ruh kökündədir”. MHP lideri deyib ki, Türkiyə hazırda bitmək bilməyən hücumların, dərin tələlərin, maskalı əməliyyatların hədəfindədir: “Baxın, Misir prezidenti Sisinin təklif və çağırışı ortadadır. O, “Türkiyəyə də Qətər kimi sanksiya tətbiq edilsin” deyir. Bu çevrilişçi prezidenti belə əsassız çağırışına görə şiddətlə qınayıram. Bəli, elə bir gün yoxdur ki, millətimizi qayğılandıran, pessimizmə yuvarlayan hadisə və oyunlar olmasın. Kriz tətikçiləri, xaos həvəsliləri davamlı fəaliyyətdədirlər. Belə bir zamanda küçələrin nəbzinə oynamaq, ədalət bəhanəsi ilə pusquda dayanan bəzi qaranlıq şəbəkələrə fürsət vermək Türkiyənin məhvinə dəstək olmaq, göz yummaqdır. Bu gün haqq axtarışı, hüquqi mübarizə zamanı duyğusal təpki və şüursuz aksiyalardan qaçmaq əsas şərtdir. Ədalət yolda tapa biləcəyimiz itmiş əşya, gəzərkən ayağımıza dəyəcək kömür deyil. Bunu bilməmək isə cəhalətdir. Atalarımız boşuna deməyib ki, ağılsız başın cəzasını ayaqlar çəkər. Hər kəs səbrli, soyuqqanlı olmalıdır”. MHP lideri daha sonra deyib ki, seçkidə arzuladığı nəticəni ala bilməyənlərin küçələrə çıxması məkrli plandır: “15 iyuldan sonra milli müqaviməti yıxmaq, parlayan millətin dirəncini qırmaq və revanşı almaq üçün bugünkü yürüş qaranlıq mərkəzlərdə planlanıb. Ankaradan İstanbula ədalət üçün yürüyən cənab Kılıcdaroğlu ya istifadə olunmaqdadır, ya da ölkəmizə qarşı qurulan tələnin aktiv iştirakçısıdır…”.