“Biz dostumuzu da, düşmənimizi də tanıyırıq” – Türkiyə PREZİDENT

erdogan

“Türkiyə xalqı dünyaya necə bir millət olduğunu göstərdi”

“15 iyul hərbi çevriliş cəhdi Türkiyənin yaxın tarixində ən böyük xəyanət idi. Bu xəyanəti dəf edilməsində iştirak edən hər bir şəxsə, xalqıma təşəkkür edirəm”.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin mərasim meydanında 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı aksiyada bildirib.

Türkiyə prezidenti deyib ki, keçən il iyulun 15-də Türkiyə xalqı dünyaya necə bir millət olduğunu göstərdi: “Bu xalq 1 əsr əvvəl hər kəsi təəccübləndirən bir zəfərə imza atmışdı. 15 iyulda da bu xalq böyük bir zəfər qazandı. Millətimin əlində silahmı vardı? Millətim o xainlərə qarşı əlindəki bayrağı və ürəyindəki imanı ilə mübarizə apardı. Dünyada tankı yumruqla dayandıran, hərbi təyyarəni, vertolyotu dayandırmağa çalışan bir millət də yoxdur. Belə bir millətin, ölkənin övladı olduğum üçün fəxr edirəm. 15 iyul hərbi çevrilişdən də öncə xəyanət adlandırmağımızın bir səbəbi var. Bu gün qarşısında durduğumuz Türkiyə Böyük Millət Məclisi qazi bir parlamentdir. Ancaq istiqlal savaşı zamanı da bu müqəddəs parlamentə əl uzatmağı düşünməyib. Ancaq 15 iyulda Türkiyə Millət Məclisi bombalandı”.

Ölüm hökmü barədə parlamentdə qərar qəbul edilərsə, bu qərarı təsdiqləyəcəyini bir daha bəyan edən R.T. Ərdoğan Fətullahçı Terror Təşkilatı və onun lideri Fətullah Gülənin əməllərinin ifşa olunduğunu vurğulayıb. 15 iyulda hərbi çevriliş cəhdi zamanı Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun bir bələdiyyə sədrinin evində olduğunu qeyd edən Türkiyə prezidenti K. Kılıçdaroğlunun 15 iyul hərbi çevriliş cəhdinin nəzarətdə olan hərbi çevriliş cəhdi kimi qiymətləndirilməsini yolverilməz sayıb: “250 vətəndaşımız şəhid olub, 2193 vətəndaşımız yaralanıb. Belə olan halda bu hərbi çevriliş cəhdinin belə qiymətləndirilməsi qəbul edilə bilərmi?! Millətimiz meydanlarda xainlərə qarşı mübarizə apararkən millət vəkilləri də parlamentdə toplaşaraq, mövqelərini ortaya qoydular. Millət vəkilləri parlamentimizə sahib çıxdılar və bunu dünyaya nümayiş etdirdilər. Həmin gün parlamentə gələn 106 millət vəkilinin hər birini ayrılıqda təbrik edirəm. Xainlər parlamenti bombalamaqla nə qədər alçaldılarsa, millət vəkilləri o qədər ucaldılar. Belə millətə belə parlament yaraşır. İnsan olan Vətənini satarmı?! O xainlər bu Vətənə, millətə necə qıydılar?! FETÖ bu milləti parçalamaq üçün çalmadığı qapı qalmadı, indi FETÖ Pensilvaniyadan prosesləri idarə etməyə çalışırlar. 15 iyulda bu Vətənə xəyanət edənlər indi məhkəmələrdə bunun cavabını verirlər. Biz Türkiyənin inkişafı ilə bağlı 2023-cü il hədəflərinə nail olacağıq. 15 iyul milli birlik və demokratiya günüdür. Bu ruh, cəsarət olduğu halda heç kim bu dövləti yıxa, milləti əsir edə bilməz. 15 iyul bizə dostumuzu, düşmənimizi də göstərdi. Dərhal dəstəyini bildirən dostlarımız, günlər sonra üzlərindən riyakarlıq tökülənlər də mövqeyini bildirdilər. Millətimizi yıxa, ölkəmizə diz çökdürə, yolumuzdan geri döndərə bilməyəcəklər. Biz dostumuzu da, düşmənimizi də tanıyırıq. Biz bir olacaq, qardaş olacaq, güclü olacaq və birlikdə Türkiyə olacağıq”.

Bununla da aksiya başa çatıb.

 






Fikirlər