Sürət Hüseynov sükutu pozdu - Pənah Hüseyn ağzından vurdu: iki sabiq baş NAZİR ÜZ-ÜZƏ...

Azad etdiyim torpaqları şərəfsiz ermənilərə satdınız”, iddiasına “Şərləmək üçün istifadə edilən, qullanılan biridir” , cavabı...

Son günlərdə mətbuatda yayılan fotoları və sosial şəbəkələrdə adına açılan profillə gündəmi zəbt edən sabiq baş nazir Surət Hüseynov sükutu pozub. Barəsindəki çoxsaylı sərt ittiham, təhqir və iddialarla bağlı eks-baş nazir ölkə.az saytına geniş müsahibə verib.

Müsahibədə əsas diqqətçəkən yer vaxtilə S.Hüseynovun qiyam qaldırdığı AXC-Müsavat hakimiyyəti ilə bağlı olan hissədir. Bu hissədə sabiq nazir o iqtidarda təmsil olunan şəxsləri ən ağır formada ittiham və təhqir edib, hətta özünün iddiasına görə, “azad etdiyi Azərbaycan torpaqları AXC-Müsavat iqtidarı tərəfindən ermənilərə satılıb”.

S.Hüseynovun AXC-Müsavat hakimiyyəti barədə dediklərini olduğu kimi təqdim edirik: “Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara şəxsi cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik, Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Surət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə. Ağıllarına gələni danışırlar. Bunları bazara çıxartsan, heç 3 qəpiyə də satmaq olmaz. Əvvəla, bu adamlar gedib öz keçmişlərinə baxsınlar ki, kim olublar. Sonra başqasına çamur atsınlar. Özlərinə düzgün qiymət verə bilmirlər, mənim haqqımda ”savadsız idi" və sairə fikirlər səsləndirirlər. Sual edirəm ki, siz savadlı olub nə etmisiniz? Bu millətə, dövlətə bağışlanmaz xəyanətlər etmisiniz. Vaxtilə Qarabağı ermənilərdən alırdım, nə qədər torpaqları azad etmişdim, AXC-Müsavat imkan vermədi, məni qısqandılar.

İndi gedib alın görüm, ala bilirsinizmi? Vaxtilə 220 yaşayış məntəqəsini ermənilərdən azad etmişdim. Bütün bu əməliyyatlara mən komandanlıq etmişdim. Mənim kimi adamları əllərinin içində qoruyub saxlamaq əvəzinə, baltalamağı üstün tutdular. Məni qısqanmağa başladılar, adımı “Vətən xaini” qoydular. Təsəvvür edin ki, milli qəhrəman birdən “vətən xaini” oldu. Xain sizsiniz, nəslinizdir. Ermənilərə qan udduran bir adam idim. Axı mən necə xain ola bilərdim? O vaxt mən də başqaları kimi cavanlıq edib kef çəkə bilərdim, pulum da, imkanım da var idi. Mənim peşəm də hərbçi deyil idi. Ancaq mən bunu Vətən və xalq üçün etdim. İnsanlar mənə inanıb komandan seçmişdi. Mən də onların etimadını doğrultmağa çalışırdım. Şəxsi cibimdən vəsait xərcləyirdim, dövlətdən kimsə mənə gətirib bir manat pul vermirdi... Məgər bu Vətən, dövlət tək mənim idi? Bəs o biri varlılar harada idilər? Həm kasıblara əl tuturdum, həm də müharibə edirdim. Müharibənin də xərcini özüm çəkirdim. O vaxt dövlətin də pulu yox idi. O zaman nə qədər desəm də, mənə bir təyyarə alıb göndərilmədi. Dedilər ki, dövlətin pulu yoxdur. Məni təhqir edən həmin alçaq adamlara sözüm odur ki, ay biqeyrətlər, mən müharibə edib, sənin namusunu qoruyanda, 220 yaşayış məntəqəsini azad edəndə, sən harada idin? Bunu dövlət etməmişdi, mən öz pulum və hörmətimlə etmişdim. AXC-Müsavat, bəs siz nə etdiniz? Mənim azad etdiyim torpaqları şərəfsiz ermənilərə satdınız! Sonra da mənə “vətən xaini” damğası vurmaq istədiniz".

Image result for Pənah Hüseyn

S.Hüseynovun fikirləri ilə bağlı AXC-Müsavat hökuməti dövründə baş nazir postunu tutmuş, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseynin mövqeyini aldıq. O, “Birdən-birə Surət Hüseynovun peyda olması və sizləri təhqir etməsinə cavabınız nədir” sualımıza bu cür cavab verdi: “Bilirsiniz, Surət Hüseynov adamların diqqətini ölkənin hazırkı olduqca ciddi və aktual sosial, siyasi və iqtisadi problemlərindən yayındırmaq , gündəmi dəyişmək və indiki iqtidara qarşı real müxalifətdə olan milli qüvvələrin diqqətini dağıtmaq, onlara qara yaxmaq, böhtan atmaq, şərləmək üçün istifadə edilən, kullanılan bir subyektdir. Son illərdə bizim çevrənin Surət Hüseynov adı və mövzusuna məqsədli şəkildə önəm verməməsi, qabartmağa çalışmaması bununla əlaqədardır.

Bu adam siyasi fəaliyyətlə məşğul olmur və siyasi müxalifətin rəqibi deyil. 1994-cü ilin məlum oktyabr hadisələrinə görə, haqlı və ya haqsız olmasını bir tərəfə qoyaq, şəxsən mənə görə haqsız olmayaraq, özünü və yaxınlarını, minlərlə tərəfdarını, necə deyərlər, ”ət maşını"ndan keçirmiş mövcud iqtidar və onların vəzifəli şəxsləri barədə qorxusundan cınqırını belə çıxartmayan, həbsxanalarda ölmüş silahdaşlarını xatırlamaqdan belə çəkinən, hətta fürsət düşən kimi onların hökmlərini verənlərə və cəlladlıq edənlərə yaltaqlanmaq fürsətini fövtə verməyən bu sındırılmış adamın bu gün də davasını davam etdirən, ideyaları uğrunda savaşan AXC - Müsavat hakimiyyətinə və onun xadimlərinə dil uzatmasını görüb eşidəndə adam iyrənir. Lakin digər tərəfdən, necə deyərlər, “it əl çəkir, motal əl çəkmir” misalına bənzər hal yaranır və onun hədyanlarını indi mənim məcbur olduğum kimi cavablandırmaq lazım gəlir.

Related image

Surət Hüseynov utanmadan deyir və onun bəzi muzdlu məddahları da təkrar edirlər ki, o, Qarabağın 220 yaşayış məntəqəsini azad edib. Belə də həyasızlıq olarmı? 1992-ci ilin yay-payız hərbi kampaniyası dövründə Azərbaycan ordusunun, əsgər və zabitinin, könüllünün, yüzlərlə və minlərlə şəhid qanı bahasına azad etdiyi nailiyyəti necə özününküləşdirmək olar? Məsələnin siyasi tərəfinə gəldikdə isə Surət Hüseynov AXC hakimiyyətə gələnə qədər və AXC hakimiyyətdən getdikdən sonra azad etdiyi bir metr vətən torpağını göstərsin, dediklərini qəbul edək.

Məhz AXC-nin hakimiyyətə gəlməsi və Elçibəyin prezident seçilməsi nəticəsində ölkədə yaranmış ümumi siyasi vəziyyət imkan vermişdi ki, Dağlıq Qarabağ və onun ətrafında düşmən əlində olan torpaqların əlli faizi azad edilsin. Surət Hüseynov şəxsinin bir əhəmiyyəti var idisə, 1993-cü ilin iyun qiyamında qalib gələndən və rəsmən ölkənin bütün silahlı qüvvələrinə rəhbərliyin həvalə edildiyi baş nazir postuna yiyələndikdən sonra Surət Hüseynovun nəinki bir qarış torpaq azad edə bilmədiyi, əksinə, daha beş rayonun işğal edilməsini necə izah etmək olar? Məhz Surət Hüseynovun rəhbərliyi ilə başlanan hərbi qiyam nəticəsində ölkədə yaranan siyasi xaos 1993-cü ilin yayında Kəlbəcərin və digər işğal olunmuş ərazilərimizin azad olunmasını nəzərdə tutan və ABŞ, Rusiya, Türkiyənin hazırladığı, ATƏM-in (indi ATƏT-red.) təsdiq etdiyi, Azərbaycan və Ermənistan Respublikasının qəbul etdiyi, hətta qondarma “DQR” “parlamentinin” 14 iyun 1993- cü il tarixində təsdiqləməyə məcbur edildiyi və müharibənin qurtarması demək olan siyasi planın gerçəkləşməsinin qarşısını aldı və düşmənin daha beş rayonumuzu işğal etməsinə şərait yaratdı. Bu, əsl milli xəyanət idi .

Surət Hüseynov deyir ki, o, cibinin pulu ilə Rusiyadan adam gətirib, bizim tərəfimizdə döyüşdürüb və guya buna görə ona Rusiyanın adamı deyirlər. Bu boş, mənasız cəfəngiyyatı o, hansı axmaqlar üçün nəzərdə tutur? Bəlkə Surət Hüseynova hansısa babası, ulu babasından xəzinə miras alıb? Bəzi sadəlövh adamlar deyir ki, Surət Hüseynov Yevlax Yun Zavodunda direktor olanda ordan oğurladığı varidatı nəzərdə tutur. Hələ Surət Hüseynov direktor olmazdan üç il əvvəl faktiki olaraq iflas edib, istehsal tənəzzülü keçirən Yevlax Yun Zavodunun daşını da satsaydı, 1992- ci ildə orduya sərf edilən vəsaitin heç milyonda bir hissəsini etməzdi. Fakt ondan ibarətdir ki, dövlətin öz vəsaiti və ayrı-ayrı mənbələrdən toplanmış, o dövr üçün kifayət qədər külli miqdarda olan vəsaiti Müdafiə Nazirliyi vasitəsilə sərəncam verən şəxslər bunu o vaxt da, indi də “şəxsi ” vəsaitləri kimi qələmə verirlər və indi də bunu belə qələmə verməyə cəhd edirlər.

Surət Hüseynovun sayıqlamalarında iqtidar da maraqlı ola bilər. Ancaq indi 1993-cü ilin iyununda xidməti vəzifəsini yerinə yetirən onlarla hərbçinin qətlində təqsirkar olan, qanuni prezidentə qarşı silah qaldırıb ölkədə xaos və qarışıqlığa səbəb olan və 5 rayonumuzun işğalında günahkar olan bu cürlərinin cəsarətlənib meydana çıxmasında milli qüvvələrin də günahı var. Belə görünür ki, bəzilərinin qulağına səs dəyib. Lakin əgər yenidən belə vəziyyət yaransa, milli qüvvələr 1993-cü ildə etməli olduqlarını etməyə hazır olmalıdırlar və mən hesab edirəm ki, hazırdırlar, belə də olacaq".

 






Fikirlər