AYAZ Mütəllibov: “AZƏRBAYCAN yaranmış yeni geosiyasi vəziyyətdən İSTİFADƏ ETMƏLİDİR”
“Ermənistan Qərblə münasibətlərini genişləndirməklə və NATO-nun təlimlərində fəal iştirak etməklə Rusiyanı şantaj edir. Bununla Yerevan Qərbin Rusiyaya qarşı sanksiya siyasətinin özü üçün ağır nəticələrini mümkün qədər azaltmağa çalışır”, - bunu son zamanlar Rusiya-Ermənistan münasibətlərinin pozulması barədə çoxsaylı ekspert rəylərini şərh edərək virtualaz.org-a eksklüziv müsahibəsində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib. Onun sözlərinə görə, Ermənistanın xarici siyasətindəki yeni dönüş bir daha göstərir ki, onlar üçün müqəddəs heç nə yoxdur və istənilən vaxt hətta ən yaxın müttəfiqlərini belə sata bilərlər. Ayaz Mütəllibov qeyd edib ki, Azərbaycan yeni tarixi şansdan istifadə etməlidir: “Biz yeni geosiyasi vəziyyətdən istifadə etməli və Rusiya ilə münasibətlərimizi daha da artırmalıyıq, lakin bununla birlikdə, Ermənistanın Qərblə münasibətlərində bütün hərəkətlərini izləməliyik”. Eks-prezident xatırladıb ki, məhz Moskvanın dəstəyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycan Qarabağ ətrafında işğal olunmuş ərazilərinin bir hissəsini düşməndən təmizləyə bilmişdi: “Çoxları məni tənqid edir ki, 1991-ci ildə SSRİ-nin qorunub saxlanması üzrə referendumun keçirilməsinə razılıq vermişdim, ermənilər isə bunu etməmişdilər. Guya geosiyasi səhvə yol vermişəm. Əslində isə, n=biz həmin vəziyyətdən mümkün olan qədər yararlandıq – “Mühasirə” əməliyyatı gözəl həyata keçirildi, nəticədə, Xanlar rayonu erməni quldur dəstələrindən büsbütün təmizləndi, Gəncənin üzərini almış təhlükə sovuşdu, Xankəndində bayrağımız dalğalanırdı və Qarabağ münaqişəsinin həllinə çox yaxın idik. Lakin Qorbaçovun məsuliyyətsiz siyasəti işi başa çatdırmağımıza mane oldu”. Ayaz Mütəllibov əmindir ki, Ukraynanın, Gürcüstanın və Moldovanın siyasətində qərbyönümlü meyllər həmin dövlətlərin ərazi bütövlüyünün pozulmasını şərtləndirdi: “Ərazilərimizin işğaldan azad edilməsində Qərb bizim ölkələrə kömək etdimi? Xeyr. Buna görə də, Rusiya ilə münasibətlərimizi daha da möhkəmləndirməliyik. Heç kim demir ki, müstəqilliyimizdən əl çəkək – o, bizim böyük və toxunulmaz dəyərimizdir. Lakin biz hər bir vəziyyətdən siyasi dividendlər qazanmalıyıq. O ki qaldı ermənilərə, heç bir şey olan deyil – sadəcə olaraq, şantaj onların əsrlər boyu münasibətlərdə istifadə etdikləri sevimli metoddur. Son nəhayətdə anlayacaqlar ki, regionda birgə yaşayış düsturu olmadan stabil və dayanıqlı sülhə nail olmaq mümkün deyil”.