Həmsədrlərin 2017-ci ilüçün uğursuz “AKKORDLARI”
Vasitəçilərin dişsiz diplomatiyası nəticəsində daha bir itirilmiş il tarixə qovuşur; erməni politoloq: “Qarabağ konfliktinin açarı daha Moskvada deyil...” ATƏT-in Minsk Qrupunun həmsədrləri bu il üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşünü təşkil etməyə çalışırlar. Bunun ardınca isə onlar prezidentlərin növbəti görüşünü baş tutacağına ümid edirlər. Sanki təqvim ilinin son “akkordları”nı vurmaq, “quş” qoymaq istəyirlər. Son vaxtlar həm də vaxtaşırı Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə istinadla nikbin fikirlər səsləndirilir. Guya Cenevrədə hansısa mühüm anlaşma əldə edilib, tərəflər hansısa bir öhdəlik götürüblər. Bununla da bir növ həm ictimai rəyi, xüsusən də Azərbaycan ictimaiyyətini çaşdırmaq, sülh danışıqlarının getdiyi görüntüsünü yaratmaq, həm də təbii ki, müharibə riskini azaltmağa çalışırlar. Ancaq çətin ki, söz oyunu sülhün alternativi ola bilsin. Sülhün tək alternativi əlbəttə ki, müharibədir, hərbdir. Müharibə gələndə nə vasitəçilərdən soruşacaq, nə də işğalçıdan. Əfsus ki, hərb variantını etibarlı şəkildə uzaqlaşdırmaq üçün vasitəçi dövlətlər bu il heç bir ciddi iş görmədilər. Məsələ də ondadır ki, əgər bu ilə təsadüf edən yeganə yüksək səviyyəli təmas - Cenevrə görüşlərində irəliləyiş əldə olunmadısa, tələm-tələsik daha bir belə görüş təşkil eləməyə dəyərmi? ***** Bu arada bəzi erməni politoloqlar guya Ermənistan Avropa Birliyi ilə çərçivə sazişi imzalamaqdan imtina etməsə, noyabrın 22-23-də Moskvanın Qarabağ haqqında yeni “Putin planı”nın Azərbaycana təqdim ediləcəyi ilə bağlı informasiya yayıblar. Belə bir plan varmı, mümkünmü və Azərbaycana nə vəd edir? Politoloq Elçin Mirzəbəyli bütün bunları Rusiya və Ermənistanın müvafiq qurumlarının Azərbaycanın ictimai rəyinə ötürdüyü əsassız və təxribat xarakterli məlumatlar hesab edir (axar.az).
“Mənim ”Putin planı" adlanan bir sənəddən məlumatım yoxdur. Əgər söhbət Lavrovun haqqında söz açdığı həll variantından gedirsə, bunun da yalnız bəzi detalları ekspertlər tərəfindən açıqlanıb. Həqiqəti nə dərəcədə ifadə etdiyini söyləmək çox çətindir. Əgər söhbət problemin 5 rayonun azad edilməsi, digərləri ilə bağlı məsələlərin isə yol xəritəsində öz əksini tapmadan “həllindən” gedirsə, həmçinin bunun qarşılığında Rusiya regionda öz mövqelərini daha da möhkəmləndirmək üçün əlverişli imkanlar və Ermənistan da müəyyən iqtisadi dividentlər əldə edəcəksə, bu həll deyil, indikindən daha ağır şərtlər altında əzilməklə barışmaqdır" - ekspert qeyd edib. Lakin o, Azərbaycan hökumətinin milli maraqlarımıza ziddi, ərazi bütövlüyümüzü şübhə altına alan hansısa bir anlaşmaya qol qoya biləcəyini tamamilə istisna edəcəyinə əmindir: “Həmçinin hesab edirəm ki, ölkəmizin bəzi KİV-ləri də Rusiyanın və Ermənistanın təxribat xarakterli məlumatlarını Azərbaycanın ictimai rəyinə təqdim edilməsi kimi yanlış və təhlükəli istiqamətdən imtina etməlidirlər. ”Putin Qarabağı qaytarır", “Rusiya Ermənistanı geri çəkilməyə məcbur edəcək” və s. bu kimi Rusiya prezidentinin, Moskvanın imicinin, fövqəlgüc statusunun təbliğinə xidmət edən təqdimatlardan əl çəkmək lazımdır. Oxucu cəlb etmək üçün Qarabağ məsələsində Azərbaycanın ictimai rəyinin bölünməsinə xidmət edən təqdimatlar çox yanlış, zərərli yoldur". Politoloqa görə, “Putin planı” deyilən və münaqişənin həllinə xidmət edən heç bir plan yoxdur. “Ortalıqda icrasını gözləyən BMT qətnamələri var. Rusiya da bu qətnamələrə səs verib. Çalışmaq lazımdır ki, bu qətnamələrin icrası adıçəkilən sənədlərdə qeyd olunduğu kimi qeyd-şərtsiz həyata keçirilisin”, - deyə politoloq əlavə edib. ***** Problem də elə Dağlıq Qarabağa dair beynəlxalq hüququn diktə elədiyi həll yolunu tapmaq, BMT TŞ-nin, digər mötəbər təşkilatların bu xüsusda ədalətli qərar və qətnamələrinin icrasını təmin eləməkdir. Bu isə xeyli dərəcədə BMT TŞ-nin 5 daimi üzvündən üçündən - Rusiya, ABŞ VƏ Fransadan asılıdır - hansı dövlətlər ki, eyni zamanda Minsk Qrupunun həmsədrləridir. Ələlxüsus da Moskva hələ ki problemin nizamlanmasında real təşəbbüs göstərmək istəmir. Halbuki belə bir daşlaşmış rəy var ki, Dağlıq Qarabağ münaqişəsinin həll açarı məhz Moskvadadır. Hərgah, bu fikri bölüşməyən ekspertlər də var. “Dağlıq Qarabağ konflikti həqiqətən də uzun tarixə malikdir və mövcud ziddiyyətlər ondan xəbər verir ki, sürətli həlli gözləməyə dəyməz”. Musavat.com-un məlumatına görə, bu sözləri erməni politoloq Qaqik Ambaryan lragir.am nəşrinə açıqlamasında Qarabağa dair mümkün həll modeli haqda danışarkən söyləyib.
“Bu illər ərzində Azərbaycan tərəfinin də mövqeyi sərtləşib. Bu da situasiyanı daha da ağırlaşdırır. Ən maraqlısı odur ki, Azərbaycan KİV-ləri rusiyalı siyasətçilərə istinadla iddia edir ki, tezliklə nizamlamaya ümid yoxdur. Eyni şeyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Putinlə görüşdükdən sonra, Sergey Lavrov isə Bakıda və İrəvanda bəyan edib. Odur ki, bu, hamıya məlumdur. Qarabağ konfliktinin açarı daha Moskvada saxlanılmır. Moskva əlbəttə ki, münaqişəyə təsir imkanına malikdir. Ancaq açar heç də onda deyil”. - deyə erməni şərhçi əlavə edib. ***** Əlbəttə, bu fikirlə mübahisə eləmək olar. Ən azı onu qeyd eləmək olar ki, işğalçı Ermənistanı öz hərbi istehkamına çevirmiş, onun hava məkanına nəzarət edən, xarici sərhədlərini qoruyan və onunla ortaq hərbi qruplaşma yaradan Rusiya Qərbdən fərqli olaraq İrəvana həlledici, unikal təsir rıçaqlarına malikdir. Yəni faktiki surətdə Ermənistanın, bu adda simvolik dövlətin taleyi bütünlüklə Kremlin əlindədir. İrəvan hətta xarici siyasət tezislərini də Moskvadan alır, xarici siyasət kursunu onun izni ilə müəyyənləşdirir. Bütün bunlar da o anlama gəlir ki, Moskva istəsə, gerçəkdən də Dağlıq Qarabağ probleminin nizama salınmasına çox böyük töhfə verə bilər. Bunu da hamı bilir. Başqa sözlə, münaqişənin çözümünü qəlizə salıb mürəkkəbləşdirən, illərlə uzadan tək ünvan bəlli - Rusiya. O da bəllidir ki, postsovet məkanındakı bütün etnik-ərazi konfliktlərinin arxasında məhz Moskva dayanır.