Avropa İttifaqı şirkətlərinə xəbərdarlıq etdi – Qarabağda KOMMERSİYA FƏALİYYƏTİ…

millixeber_33341

Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət ilə bağlı xəbərdarlıq yerləşdirilib.

Sözügedən xəbərdarlıqda deyilir:
Azərbaycan qanunvericiliyinə əsasən Dağlıq Qarabağ və/və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı (Aİ) şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”a açıqlamasında bildirib ki, bu xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəlir.

Onun sözlərinə görə, Avropa Komissiyasının bu xəbərdarlığı Aİ fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır: “Aİ ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda Aİ üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə Müştərək Komissiyalar çərçivəsində məsələ ilə bağlı prinsipial mövqeyimizin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında mühüm rol oynamışdır. Bu tendensiyanın saxlanılması gələcəkdə Aİ tərəfindən növbəti və daha təsirli tədbirlərin görülməsini istisna etmir”.
Onun sozlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Aİ tərəfindən Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (Aİ üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır.
Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq yuxarıdakı xəbərdarlığa bütün Aİ üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi-ticarət fəaliyyətindən çəkindirilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər”, – deyə, Hikmət Hacıyev bildirib.

 






Fikirlər