Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokolun MSK-ya daxil olduğunu və 1 milyon 861 min 728 bülletenin hesablandığını bildirib.
MSK sədrinin sözlərinə görə, bütün seçki məntəqələtində bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib və 1607 bələdiyyəyə seçilənlər müəyyən edilib. M. Pənahov deyib ki, namizədlərin ümumi sayı da nəzərə alınsa, bələdiyyə seçkilərinə marağın böyük olduğunu demək olar. M.Pənahov seçicilərin fəallığınin 39 faizə yaxın olduğunu deyib: "Seçkidə 1 milyon 876 min 14 nəfər iştirak edib. Bu, ötən bələdiyyə seçkiləri ilə müqayisədə 6-7 faiz çoxdur".
M. Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan kadrlar da MSK-da araşdırılacaq. Seçki Məcəlləsinin tələbinə əsasən MSK 20 gün ərzində daxil olacaq müraciətləri araşdıracaq və yekun protokollarla seçkilərə yekun vuracaq: “Seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin də aktivliyi nəzərə alsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətlərinə etimadının göstəricisidir. Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Qısa müddətdə seçkiyə yekun vuracağıq”.
Qeyd edək ki, dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib.