Rusiya televiziyalarında erməni “SİYASİ xoru”...
Tofiq Abbasov: “Solovyovun verilişi Karen Şahnazarovun direktoru olduğu kinostudiyanın pavilyonunda hazırlanır” Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasov ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub. Buna səbəb də erməni ekspertin Türkiyə ilə bağlı təhqiramiz fikirlər səsləndirməsidir. Aparıcı tərəfləri zorla sakitləşdirib. Qeyd edək ki, son zamanlar ermənilər rus telekanallarında kök salıblar. Tez-tez canlı yayıma çıxan erməni ekspertlər Türkiyə və Azərbaycanla bağlı təhqirlərlə dolu fikirlər, şər-böhtanlar səsləndirirlər. Rusiya KİV-ləri onlara həvəslə geniş meydan verirlər. Amma nədənsə, Azərbaycan və Türkiyə tərəfi Rusiya KİV-lərin məlum siyasətinə diqqətçəkən etiraz nümayiş etdirmirlər. Bu da hər iki dövlətin ictimaiyyətində müəyyən etirazlar doğurur. Xüsusilə, 3 milyon azərbaycanlının yaşadığı, çoxsaylı təşkilatlarımızın fəaliyyət göstərdiyi bir ölkədə ermənilərin Rusiya mətbuatında bizdən daha öndə olmaları ilə bağlı ən müxtəlif fikirlər var. Onların qarşısını almaq üçün Azərbaycan hökumətinin, şimal qonşumuzda yaşayan azərbaycanlıların, səfirliyimizin müxtəlif qurumlarımızın hansı fəaliyyəti göstərmələri barədə çoxsaylı fikirlər var. Azərbaycanın rusdilli mediasında müntəzəm çıxışlar edən politoloq Tofiq Abbasov Rusiyada yayımlanan bu tipli verilişlərdə özlərinə məxsus prodüserlərinin, təşkilatçılarının olduğunu bildirdi: “Özlərinə məlum olan səbəblərdən bu və ya digər eksperti çağırırlar. Bu şouların bəzilərində Bakıda oturaraq iştirak etmişəm, ora dəvət almamışam. Bir faktı nəzərə almaq lazımdır ki, erməni ekspertlərin sayı Türkiyədə çoxdur. Onlar özlərini rusiyalı kimi qələmə versələr də, onlar xislət, daxildə olan məzmun etibarı ilə özlərini həm erməni sayırlar, həm də ermənipərəst xətt yürütməkdə davam edirlər. Biz Vladimir Solovyovun tok-şoularında çox şeyin şahidi oluruq. Rusiyanın Dmitri Kiselyovla əyani söhbətim olub.
Mən ona öz etirazımı bildirib dedim ki, necə olur Rusiya televiziyasında, dövlət kanalında sionistlərlə daşnakların təbliğatına belə geniş meydan verirsiniz, axı bu düzgün deyil. O mənə dedi ki, sizinlə razıyam. Amma onun sözlərindən belə çıxdı ki, Solovyovun verilişi prodakşında hazırlanır, özü də Karen Şahnazarovun direktoru olduğu kinostudiyanın pavilyonunda. Onun özü ona görə tez-tez tok-şoularda iştirak edir. Düzdür, Azərbaycan və Türkiyə ilə bağlı təhqiramiz fikirlərinə rast gəlməmişəm. Amma bir neçə dəfə vurğulayıb ki, onun kökü-əsli Qarabağdandır. Bunun özü də təbliğatın bir formasıdır. Ola bilər ki, onun dədə-babası Qarabağdan çıxıblar. Bu elə də problem deyil. Dmitri Kiselyov mənə onu da demişdi ki, bizim o verilişə müdaxilə etməyə haqqımız da yoxdur. Onu pavilyonda çəkir, Kremllə razılaşdırır və özü bildiyi versiyanı, fərziyyəni efirə verir. Sionistlərin və daşnakların təbliğatı ilə bağlı iradıma tam haqq qazandırmışdı”.
Politoloq onların qarşısını almağın yollarından da söz açdı: “Bu məsələni ilk həmkar deyilsiniz qaldırırsınız. Rusiyada lap 10 milyon azərbaycanlı yaşasa da, gərək Azərbaycanın səfirliyi, müxtəlif təşkilatları orada fəal olsunlar. Əgər onların özləri orada ola-ola ciddi iş görmürlərsə, nəticədə belə vəziyyət yaranır. Gərək onların əlaqələri olsun. Madam ki, nüfuzlu kanallarda belə verilişlər gedir, birtərəfli mövqelər əks olunur, gərək səfirliyimiz, təşkilatlarımız məsələyə münasibət bildirsinlər. O məsələni ictimailəşdirib deməlidirlər ki, siz ümumiyyətlə, diskussiya mədəniyyətini pozmuş olursunuz. Çünki birtərəfli təbliğat gedir. Əgər orada iki erməni varsa, ən azından bir və ya iki azərbaycanlı, türk də olmalıdır. İştirakçıların sayı etibarı ilə bərabərlik olmalıdır, əgər bu yoxdursa, deməli birtərəfli təbliğat gedəcək. Biz Bakıda otura-otura nə edə bilərik? Dəfələrlə məktublar yazmışam, Azərbaycan mətbuatında çıxışlar edirəm, xüsusilə, Azərbaycanın rusdilli mediasında. Bilirəm ki, onlar rusdilli mediamızı oxuyurlar. Dəfələrlə mənə təhqiramiz şeylər yazırlar. Erməni mətbuatında daim məni hallandırırlar. Azərbaycanda mətbuata nəzarət edən, prezidentin inandığı məsul şəxslərin də buradakı fəaliyyətləri çox önəmlidir. Mənə dəfələrlə hədələr olub, zənglər olub ki, məni soyublar, facebook səhifəmi iki dəfə dağıdıblar, elektron poçtumu da iki dəfə dağıdıblar. Demirəm ki, mən qəhrəmanlıq edirəm, xeyr, bu bizim borcumuzdur. Dövlətimizin, tariximizin, xalqımızın keşiyində durmalı, həqiqətimizi müdafiə etməliyik. Burada qüvvələri səfərbər etmək lazımdır”.