“Ulduz” olan kimi Azərbaycanı BƏYƏNMƏYƏNLƏR...

Tənzilə Rüstəmxanlı: “Onlar Azərbaycan dövlətinə, millətinə münasibətdə xəyanətkar düşüncəyə sahibdirlər”

Zaman-zaman tanınmış azərbaycanlıların məşhurlaşandan sonra millətinə, dövlətinə dönük çıxdıqlarının şahidi olmuşuq. Xüsusilə xaricə gedən, yaxud orada doğulan məşhurların sırasında belə hallara çox rast gəlirik. Sanki onlar özlərini azərbaycanlı adlandırmağa utanırlar. 
Son olaraq, Rusiya millisinin əslən azərbaycanlı olan üzvü Aleksandr Səmədov komandasının Konfederasiyalar kubokunda Yeni Zelandiya üzərində 2-0-lıq qələbəsindən sonra verdiyi müsahibədə qafqazlı olduğunu deməyə sanki utanıb. O, rusiyalı aktrisa və teleaparıcı Alla Mixiyevanın “Mən sizi tanıyıram, siz qafqazlısınız” sözlərinə belə reaksiya verib: “Sizə kim dedi ki, mən qafqazlıyam? Mən Moskvada doğulmuşam, sadəcə, qafqazlıya oxşayıram”.

Qeyd edək ki, bundan öncə Amerikada yaşayan dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin oğlu Norman Zadə verdiyi müsahibədə “Azərbaycanı özünüzə vətən hesab edirsinizmi” sualına “xeyr” cavabı verərək, demişdi ki, ora atamın doğulduğu yerdir.

Göründüyü kimi, “ulduz xəstəliyi”nə tutulan bu tipli şəxslər öz ölkələrinə dönük çıxmağa hər an hazırdırlar. Hətta zaman-zaman onun da şahidi olmuşuq ki, bəzi xarici ölkələrdə Azərbaycan əleyhinə xüsusi bir kampaniya aparılanda, yaxud əleyhimizə qərarlar veriləndə, belə şəxslərin səsləri çıxmayıb. Digər millətlərə baxdıqda isə əksərən bunun əksinin şahidi oluruq. Təkcə ölkəmizdə yaşayan qeyri-millətlərdən olanların timsalında bunları qeyd edə bilərik. İstər öz ölkələrində, istərsə də başqa ölkələrdə doğulanlar olsun, daim öz ölkələrinin təəssübkeşliyini çəkirlər. Bizə gəldikdə isə vətən, millət anlayışını ölkədən kənardakı bəzi azərbaycanlı məşhurlar unudurlar. Bunu ən müxtəlif sahələrin təmsilçilərinin simasında görürük.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında belə şəxslər barəsində kifayət qədər sərt danışdı: “İnsanlar var ki, Azərbaycanda olanda azərbaycanlı olduqlarını, bununla fəxr etdiklərini deyirlər. Elə ki ölkədən kənara çıxdılar, fərqli millətdən olduqlarını dilə gətirirlər. Bircə ”türkük" dedikdə kimlərsə bundan narahat olurlar, xüsusilə azərbaycanlı olduqlarını deyənlər. Belə şəxslər ölkədən kənara çıxan kimi azərbaycanlı olmaqdan da imtina edirlər. Ermənilər və gürcülər isə belə etmirlər, ölkələrindən kənarda da erməni və gürcü olduqlarını deyir, öz ölkələrinin milli maraqlarından çıxış edirlər. Məsələn, “erməni soyqırımı”, Qarabağ məsələsində bir yumruq kimi birləşir, erməni millətinin maraqlarını önə çəkməyə çalışırlar. Biz isə başqa xalqlara qucaq açmışıq, heç bir fərq qoymamışıq. Rusların dilində onlardan yaxşı danışırıq, bəzən rusdan çox rus oluruq. Amma bizim humanistliyimizə baxmayaraq, Azərbaycanda olan qeyri-millətlər ölkədən kənara çıxan kimi öz xalqlarının adını dilə gətirir, ölkəmizin milli maraqlarından çıxış etmirlər. Ona görə hər zaman deyirik ki, bu millətin, dövlətin milli maraqlarına xəyanət etməyəcək düşüncədə, milli şüurda olan insanları yetişdirməliyik. Milli şüur çox önəmlidir. Biz türk milli şüurunu orta məktəblərimizdə uşaqlarımıza vermədiyimizə görə bu gün ordumuzun daxilində, kənarda sıralama xəyanətlər üzə çıxır. Onlar Azərbaycan dövlətinə, millətinə xəyanət edəcək fikirlərə sahibdirlər. Lütfi Zadənin oğlunun dediklərini kənara qoyun. Milli şüuru olmadığı üçün elə deyir. Yaxud da Səmədovun qafqazlı olduğunu danmasını bir kənara atın. Orada doğulub, rus olduğu üçün də onların milli maraqlarından çıxış edəcək. Belə şəxslərə bir söz demək istəyirəm: Azərbaycanın haqlarından dövlətimizin sizlərə verdiyi imkanlardan istifadə edərək, daha çox bəhrələnmisiniz. Unutmayın ki, bu millətin sizlərə verdiyi çörək gözünüzdən gələr".

T.Rüstəmxanlı şahidi olduğumuz bu tipli məsələlərdən dərs çıxarılmasının vacibliyini vurğuladı: “Bu xəyanətlərdən dərs çıxarmaq lazımdır. Ötənlərdə Bakıda metroda da baş verən məlum faciəni azərbaycanlı adı ilə türk olmayan, erməni xüsusi xidmət orqanlarına çalışan xəyanətkarlar həyata keçirdilər. Bunlardan dərs almağın zamanı çoxdan keçib. Bunlar birinci və sonuncu hadisə deyil. İçimizdə yaşayıb, azərbaycanlı, türk olub, ermənilərə qələmi, sözü, hissi, pulu ilə xidmət edənlər var. Elələri var ki, onları bilirlər, amma həmin şəxslər ölkədə yaşamaqda davam edirlər. Onlar rahat şəkildə gəzirlər. Bir şey baş verəndə də deyirlər ki, biz dünyaya ermənilərdən humanist xalq olduğumuzu göstərəcəyik, aqressiv ola bilmərik. Yəni biz hətta erməniyə də beləyik. ”Hansı xəyanətlər olursa-olsun üstündən keçməliyik, dünyaya humanist olduğumuzu göstərmək çox vacibdir" kimi düşüncədə olanlar içimizdə az deyil. Belə davam edərsə, azərbaycanlı, türk adından imtina edənlər yenə olacaq. Düşüncəmə görə, dövlətin bu məsələlərdə mili şüur proqramı olmalıdır. Belə olaylar ciddi nəzarətə götürülməlidir. Bu da bağçalardan, məktəblərdən başlayır. Kiməsə ayrı-seçkilik edilməməlidir. Amma istənilən halda gözümüzlə gördüklərimizdən dərs çıxarmalıyıq".

 






Fikirlər