Ermənilər ruslardan qopurlar; təcavüzkar ölkədə Türkiyə ilə barışıq yolunda olan Rusiyaya qarşı münasibət tamam dəyişib
Son aylarda Ermənistanda anti-Rusiya təbliğatı güclənib. Tarixdə indiyə qədər görünməmiş dərəcədə güclü olan bu təbliğatın tərəfdarlarının da sayı getdikcə artmaqdadır. Buna səbəb isə aprel döyüşlərində darmadağın olan ermənilərin şimal qonşumuzdan gözlədikləri dəstəyi ala bilməmələridir.
Ötən həftə Rusiya ilə Türkiyə arasında tarixi barışıq yolunda atılan önəmli addımlar da təcavüzkar ölkədə rəsmi Moskvaya olan nifrəti daha da çoxaldıb. Artıq açıq şəkildə Rusiyanın əleyhinə tənqidlər, təhqirlər səslənməyə başlayıb. Görünən odur ki, erməni hökuməti də yavaş-yavaş Rusiyadan qopub, İrana, eləcə də Vatikana tərəf meyl edir. Bunu dövlətlər arasında bir ayda cərəyan edən hadisələrdən sezməmək mümkün deyil.
Məsələnin görünən tərəfi odur ki, bütün tarix boyu daim rusların dəstəyi ilə məkrli siyasətlərini həyata keçirməyə çalışan, bu dəstəyin nəticəsində türklərə bəla olan, məhz rusların arxalarındakı dəstəyini hiss edərək Azərbaycan torpaqlarını işğal edən, bu ərazilərdə qondarma dövlətlərini quran ermənilər bir anda Rusiyanı silə biləcəklərini büruzə verdilər. Maraqlıdır ki, ermənilərdən fərqli olaraq, başımıza gələn oyunların birbaşa iştirakçısı olmasına baxmayaraq, Azərbaycanda daim şimal qonşumuza qarşı münasibət stabil olub. Yəni nə nifrət, nə də rəğbət bəsləyənlərin münasibəti o qədər də güclü olmayıb. Bunu ölkəmizdə rus dilində danışanların, eləcə də çoxsaylı rusdilli məktəblərin sayından açıq şəkildə duymaq olur. Hətta aylar öncə Rusiya prezidenti Vladimir Putin Azərbaycanda rus dilinə önəm verildiyini vurğulayaraq, yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkür etmişdi.
Politoloq Qabil Hüseynli Ermənistanda Rusiyaya qarşı nifrət toxumlarının cücərməsinə bu cür aydınlıq gətirdi: “Bu, erməni xislətidir. 2500 il ərzində bunların dövlətçiliyi olmamışdı. Məskunlaşdıqları yerlər bəlli ərazilər deyildi. Məhz Rusiyanın sayəsində Türkmənçay və Gülüstan müqavilələrinə əsasən, Pyotrun vəsiyyətinə uyğun dövlət qurdular. Rus ordusunun köməyi ilə təkcə Dağlıq Qarabağı deyil, onun ətraf rayonlarını da istila etdilər. Ruslar bu qədər ermənilərə yardım etdilər, onlara dövlət qurdular, dəfələrlə pulsuz silah ötürdülər. Kredit adı altında bu prosesin dəfələrlə şahidi olduq. Amma indi Ermənistanda anti-Rusiya meyllərinin artması mənə təəccüblü gəlir. Bəzən məndə belə düşüncə yaranır ki, bu hər iki tərəfdən əvvəlcədən razılaşdırılmış ssenaridir və hər iki tərəf gözəl rol oynayır. Məqsəd də Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycana sərf etməyən variantı bizə qəbul etdirmək ola bilər. Türkiyə ilə Rusiyanın münasibətləri yaxşılaşandan sonra ermənilər dəli olublar. Rusiyaya qarşı siyasət idarə edilən forma alıb. İş o yerə çatıb ki, Vladimir Jirinovski deyir ki, türklər bizə qədir bilməyən ermənilərdən daha yaxın dost olacaqlar. Halbuki dünənə qədər bu şəxs türkləri təhqir edirdi. Bu bir faktdır ki, Ermənistanda anti-Rusiya meylləri güclənib. Bunun kökündə xəstə təxəyyülün məhsulu olan müxtəlif miflər dayanır. Azərbaycana Rusiyanın silah satması, eləcə də Qarabağ problemini bizim xeyrimizə həll edəcəyi ilə bağlı Ermənistanda fikirlər dolaşır. Düşünmürlər ki, silahları bizə pulla, onlara isə pulsuz satırlar. Problemin həlli istiqamətində isə Rusiyanın irəli sürdüyü təklif bizə sərf etmir. Ermənilər haqqında mütəfəkkirlərin dediklərinin hamısı doğrudur. Bu baxımdan onların ruslara qarşı münasibətlərinin dəyişməsi məni təəccübləndirmir. Onlar yaxşılığa yamanlıq etməyə öyrəşiblər”.
Politoloq Azərbaycanda Rusiyaya münasibətin stabil olmasının səbəblərindən söz açdı: “Bu, Azərbaycanın siyasi rəhbərliyinin yeritdiyi siyasətlə bağlıdır. Rusiya ilə yaxın qonşuyuq. Bu dövlətin regionun ən güclü ölkəsi olduğunu dana bilmərik. Dünyada gedən siyasi proseslərə təsir etmək gücündə olan dövlətdir. Bu ölkə ilə dost olmaqdan başqa çarəmiz qalmayıb. Tale bizi Rusiyaya qarşı yaxşı münasibətə məhkum edib. Bu həm də Azərbaycan xalqının tolerantlığından irəli gəlir. Sovet dövründə, indinin özündə xalqımız Rusiyaya qarşı daim humanist mövqe sərgiləyib. Bu gün Azərbaycanda keçmiş postsovet ölkələrinin hamısından daha çox rus yaşayır. Azərbaycan rus dilinin, adət-ənənələrinin qorunub saxlanıldığı bir məkandır. Azərbaycanda bir çoxları başa düşür ki, Rusiya ilə yaxın münasibətlər ölkəmizin siyasəti baxımından çox önəmlidir. Rusiyada 2.5 milyondan çox azərbaycanlı yaşayır. Onların hər biri Azərbaycanda yaşayan ailələrinə maddi köməklik göstərə bilirlər. İçərilərində dövlətə xeyri dəyən azərbaycanlılar da var. Taleyimiz Rusiyadan bir növ asılı kimi görünür. Əlaqələrin qırılmasının bizə heç bir xeyri ola bilməz. Xalqımızın humanistliyi, ruslara olan münasibəti, dövlətin bu yöndə apardığı siyasət hər iki ölkə arasında münasibətlərin yaxşı olmasına yardımçı olur”.