NƏM kamerada ACLIQ və İŞGƏNCƏ ilə ÖLƏN CUMHURİYYƏT NAZİRİ -AXC- 100
Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. "AzerTaym.az" bildirir ki, Modern.az bu şanlı tarixlə bağlı hazırladığı “AXC-100” yazılar, araşdırmalar silsiləsini davam etdirir. Bu dəfə Azərbaycan Cümhuriyyətinin poçat və teleqraf naziri vəzifəsində çalışan Camo bəy Hacinskinin faciəvi həyatı barəsində bir neçə faktı təqdim edəcəyik. "Azərbaycan Cümhuriyyəti sənədlər və materiallar 1918-1920-ci illər” məcmuəsində Camo bəy haqqında yazılır: “Camo bəy Süleyman oğlu Hacınski (1888-1942) - AR-in dövlət və siyasi xadimi. Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət “Kaspi” qəzetinin müxbiri olub. 1914-1915- ci illərdə Batumda və Bakıda qaçqın müsəlmanların işi üzrə komitənin səlahiyyətli nümayəndəsi kimi çalışıb. 1917-ci ilin aprel-iyul aylarında OZAKOM-un səlahiyyətli nümayəndəsi. Zaqafqaziya seymində Müsəlman sosialist blokunun və Azərbaycan parlamentində sosialist firqəsinin üzvü olub. ADR zamanında - F.Xoyski kabinetində Dövlət nəzarətçisi (iyun 1918), N.Yusifbəylinin birinci və ikinci hökumət kabinəsində poçt və teleqraf naziri (aprel 1919 - mart 1920) kimi vəzifələrdə çalışıb. Sovet Azərbaycanında xalq ədliyyə komisarlığında işləyib, “Köybirliyi”, “Azərittifaq”da. 20-30-cu illərdə siyasi motivlərə görə həbs olunub. Həbsdə ölüb." Onu qeyd edək ki, Camo bəy Cümhuriyyətin ən gənc nazirlərindən biri olub. O, həbsdə çox ağır məşəqqətlər yaşayıb. Faciəvi şəkildə də dünyasını dəyişib. Bu barədə bir qədər sonra… Hələlik isə, ADR-in süqutundan sonra Camo bəyin həbs olunması və dəmir məngənələr arasında sorğu-sual edilməsindən danışaq. Maraqlıdr ki, Camo bəyin həbsinin ADR ilə bağlı olması kimsədə şübhə doğurmur. Amma dindirilmələr zamanı onun əsasən, AXC-dən əvvəlki fəaliyyətinə, eser-menşeviklərlə ortaq işlərinə toxunublar.
Camo bəy Hacınski ilk dəfə 29 may 1922-ci il Az.SSR FKnın müvəkkili Valik tərəfindən dindirilir: Sual: - Ötən il sentyabr ayında Səfikürdskinin mənzilində SİP-in Bakı təşkilatının nümayəndələri ilə sizin, Feyzullayevin, Səfıkürdskinin iştirakı ilə yığıncaq olubmu? Cavab: - Bəli, biz Səfıkürdskinin mənzilində Krestovski, Osintsev və soyadını bilmədiyim bir nəfərlə görüşmüşük. Mən oraya gələndə artıq bütün adı çəkilənlər oturub çay içirdilər. Mənə qədər nə barədə danışmışdılar, bilmirəm. Mənim yanımda SİP- də təmayüllər barədə söhbət getdi. Bizdən, ümumiyyətlə, Azərbaycanın qəzalarında əhalinin ovqatı barədə souşdular. Dedilər ki, fəhlələr arasında vəziyyət eserlərin xeyrinədir, ancaq onlar indi adamlar çatışmadığı üçün işləyə bilmirlər. Konkret iş barəsində danışmadılar, çünki bizə inanmırdılar. Onlar bizə ədəbiyyat təqdim etdilər. Sual: - Bundan sonra toxunulan məsələlər barəsində ancaq müsəlmanların ayrı yığıncağı keçirildimi? Cavab:- Bəli, Qaraşarlının mənzilində biz dördümüz toplaşdıq. Mənə və Feyzullayevə həvalə edildi ki, eserlərin konkret nə təklif etmək istədiklərini aydınlaşdıraq. Mən Feyzullayevə dedim Krestovskiyə çatdırsın ki, hələlik, onunla görüşmək istəmirəm. Görünür Feyzullayev çatdırmışdı və daha heç kim mənə müraciət etmədi. Sual: Sizin müsəlman qrupu yaratmaq niyyətiniz olubmu? Cavab: Azərbaycanın iki sosialist partiyasının çoxdan mövcud olmasını nəzərə alaraq vahid partiyanın yaradılmasını məqsədəuyğun hesab etdilər. Deyəsən, bu barədə Pepinov və Ağamalıoğlu danışdılar. Sual: Sizə Lənkəranda müsəlman eserlər qrupunun fəaliyyət göstərdiyi məlumdurmu? Cavab: Mən Feyzullayevdən eşitmişdim ki, Krestovski orada hansısa müsəlmanlarla əlaqəyə malikdir. Orada hansı işləri, kimin bayrağı altında görüblər mən bilmirəm. Sual: Siz Moskvadan ədəbiyyatı necə əldə etmisiniz? Cavab: Təqribən 1921-ci ilin sentyabr-oktyabr aylarında yanıma komissarlığa türk təbəəsi Behcət Abaşidze adlı birisi gəlib, məni tapmamışdı. İşdə mənə bu barədə dedilər və mən onun mənzilinə getdim. O, qəzetə bükülmüş zərf, Şterninin mənə yazdığı şəxsi məktubu, Olqa Stepanovnanın adıma iki məktub. “Doktor”a məktub və içində pul olan məktub verdi. Həbs ediləndən sonra bildim ki, Olqa Stepanovna elə Samorodovadır. Sual: Sizə eserlərin həbs ediləcəyi məlum idimi və bunu haradan bilirdiniz? Cavab: Mən Feyzullayevə dedim ki, Krestovskiyə görüşdən imtina etdiyimi və eserləri həbs edilə biləcəklərini çatdırsın ki, qoy onlar ehtiyatlı olsunlar.” (mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”)
Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Lətif Şüküroğlu C.Hacınskinin arxivini araşdırarkən çox faciəvi faktların şahidi olub: “Onun arxiv-istintaq işində birinci dəfə həbs olunduğu dövrlə əlaqədar maraq doğuran sənədlər arasında biri diqqətimi xüsusilə cəlb etdi. Sosialist inqilabçılar partiyası Zaqafqaziya təşkilatının işi üzrə məhkum edilmiş və Butırsk həbsxanasında saxlanılan 12 nəfər məhbus tərəfindən yazılmış həmin Ərizə bu şəxslərin ən ağır şəraitdə belə öz hüquqlarını müdafiə etməkdən çəkinmədiklərini göstərməklə yanaşı sovet rejiminin demokratik düşüncə tərzinə malik insanlara qarşı hər cür təzyiq üsullarına əl atdığını üzə çıxarmaq baxımından da əhəmiyyətlidir: “10 dekabr 1922-ci ildə biz Azərbaycan Ali İnqilabi Tribunalı tərəfindən müxtəlif müddətlərə sərt təcridetmə tətbiq olunmadan azadlıqdan məhrum edilmişik. 11 aprel 1923- cü ildə biz doğma şəhərdə verilmiş müddəti başa çatdırıb ailələrimizdən ayırılıb Moskvaya Butırsk həbsxanasına göndərildik. Burada həbsxananın müdriyyəti mövcud rejimin onsuz da sərt olmasına baxmayaraq, bizə münasibətdə göstərilən sərt mövqeni gündən-günə daha da sərtləşdirməkdədir və bunu guya həbsxananın istintaq üçün nəzərdə tutulduğu ilə izah edir. Bizə bayırdan heç bir barat çatdırılmır. Bizə iki həftədir ki, verilməli olan ərzaqlar belə çatdırılmır, halbuki müəyyən olunmuş qaydaya görə hər beş gündən bir ərzaq verilməlidir, həm də həmin ərzaqların öz vəsaitimizlə alınması üçün şərait yaradılmır. Yalnız həkimin xəstələrin vəziyyəti ilə bağlı yoxlamasından sonra, özü də təkcə xəstələrə şəxsi vəsaitləri ilə ağ çörək almağa icazə verildi. Bizə az-çox yararlı yemək verilməli olduğu halda, çoxsaylı bəyanatlarımıza baxmayaraq, bu sahədə heç bir dəyişiklik baş verməyib. 22 gündür ki, heç bir yağlı yemək almırıq, halbuki bizim üçün mətbəxdən yağ ayrılır. Sizdən aşağıdakı məsələlərin yerinə yetirilməsini xahiş edirik:
l. Uzun müddətə məhkum edilmiş şəxslər kimi bizi hər birimizin məşğul olmasının mümkün olduğu və quru kameralarda yerləşdirsinlər, indi hamımız nəm kamerada saxlanılırıq. 2. Biz burada saxlanılan sosialist yoldaşlarımızla birləşdirilməyi tələb edirik. 3. Gəzinti müddəti uzadılmalıdır, indiki 1 saat kifayət deyil. 4. Ərzaq təminatının yaxşılaşdırılmasını tələb edirik. 5. Həbsxana müdiryyətinin bizimlə nəzakətlə davranmasını tələb edirik. 6.Tamamilə yolverilməz və qəzəbləndiricidir ki, zəruri ehtiyacların ödənməsi üçün çıxmağa da icazə vermirlər. 7. Bizə həqiqi tibbi xidmət göstərilməsini tələb edirik. 8. Məktub, baratın ayda bir dəfə göndərilməsi bizi qane etmir, büna görə də onların sayının artırılması arzu olunur. Bütün bu tələblərin yerinə yetirilməsi ona görə vacibdir ki, iki il ərzində bu həbsxanada sağlamlığını xeyli dərəcədə itirmiş bizlər əlil olmayaq. Bizim 11 may 1923-cü il bəyanatımıza cavab olaraq bizə baş çəkəcəyinizə, qeyri-müəyyən vəziyyətimizi aydınlaşdıracağınıza vəd vermişdiniz, ancaq vədinizi yerinə yetirmədiniz. Mayın 15-nə qədər də gəlmədiniz. Buna görə də bu gün səhərdən (15 may) biz tələblərimizin yerinə yetilmədiyi vaxta qədər aclıq elan edirik. 12-ci dəhliz, otaq 52.” Bu şəxslərin arasında Hacinski və Səfıkürdski də vardı… "AzerTaym.az"