“Dərin dövlət”in adamı efirdə açıqladı - Afrin BAZARLIĞI
Afrindəki PYD terrorçuları Bəşər Əsəd rejimi ilə bazarlıq edirlər və təslim olmağa hazırlaşırlar. Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır - red.) “Habertürk” kanalında “Türkiyənin nəbzi” proqramında çıxış edib. O, informasiyanı Suriyanın təhlükəsizlik mənbələrindən aldığını bildirib. Qeyd edək ki, daha əvvəl irəli sürülən iddiaya görə, Afrinin mərkəzində PYD rəhbərliyi Rusiya və Suriya nümayəndələri ilə 4 görüş keçirib və şəhəri rejim qüvvələrinə təhvil verə biləcəklərini bildiriblər. PYD-nin Dəməşqə “Afrini birlikdə müdafiə edək” təklifi etdiyi, lakin Suriya hakimiyyətinin təklifə müsbət yanaşmadığı deyilir. PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndəsi Sihanok Dibo isə iki gün əvvəl RBK agentliyinə açıqlamasında deyib ki, Moskva Türkiyənin “Zeytun budağı” əməliyyatına başlamadan əvvəl kürdlərə Afrini Dəməşqin nəzarətinə verməyi təklif edib. PYD-nin isə Moskvanın təklifini qəbul etmədiyi bildirilir. Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) yanvarın 20-dən Afrində “Zeytun budağı” əməliyyatını keçirir.