Sərkisyan prezidentlikdən gedir, QARABAG danışıqlarını KİM APARACAQ?
Politoloq: “Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz şəxsin bu danışıqlara buraxılması inandırıcı görünmür” Ermənistanda seçkiqabağı gərginlik davam edir. Mart ayında işğalçı ölkədə keçiriləcək prezident seçkilərində hakim Respublikaçılar Partiyasının namizədinin Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanın olması gözlənilir. Sözsüz ki, A.Sərkisyanın hakim partiyanın namizədi olması halında onun parlament çoxluğunun səsini alaraq prezident kürsüsünə oturması çətin olmayacaq. Ancaq Ermənistanın yeni prezidentinin dönəmində Qarabağ danışıqlarını kimin aparacağı sual doğurur. Hazırda S.Sərkisyanın əsas hədəfi konstitusiya ilə geniş səlahiyyətlərə malik olan baş nazir kürsüsünü ələ keçirməkdir. Müşahidəçilər hesab edir ki, S.Sərkisyan növbəti mərhələdə də Qarabağ danışıqlarında tərəf olaraq iştirak etməkdə maraqlıdır. Doğrudur, hələlik Rusiyanın adamı olan Kren Karapetyanın və ya XİN başçısı E.Nalbəndyanın iddialarını da unutmaq olmaz. Ancaq istənilən halda, onların yüksək post tutması halında ənənəvi kursun dəyişəcəyini güman etmək olmaz. Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə Dağlıq Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağını deyib. Novator.az-ın məlumatına görə, yanvarın 24-ü Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən Serj Sərkisyan Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, sülh danışıqlarının qarşısında əsas maneə Azərbaycanın maksimalist və qeyri-real gözləntiləridir: “Beynəlxalq ictimaiyyət Azərbaycanıt illüziyalardan qurtularaq reallığa dönməsinə kömək etsə, çox qısa müddətdə böyük uğur qazanmaq mümkündür. Bu münaqişəni həll etmək zəruridir. Münaqişə xalqlarımızın inkişafını əngəlləyir, adamlarımız həlak olur, böyük maddi ehtiyatlar itiririk”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov Serj Sərkisyana sərt cavab verib. O, Ermənistan prezidentinin çıxışının yalanla dolu olduğunu, onun dünya ictimaiyyətini aldatdığını bildirib və dövlət başçısına müraciətlə deyib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Ermənilər Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla, 600-dən çox insanı öldürüb. Niyə etnik təmizləmə barədə danışmadınız? Siz hazırda beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğal olunduğunu bəyan edib. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”. Səməd Seyidovun sualını cavablandıran Serj Sərkisyan Ermənistanın və ermənilərin Xocalı qırğınında heç bir rolunun olmadığını iddia edib. Ermənistan prezidenti Azərbaycanın ermənilərsiz Qarabağ arzuladığını vurğulayıb: “Siz maksimumu, mümkünsüzü - Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytarmağı istəyirsiniz. Bu mümkün deyil. Heç vaxt olmayacaq”. “Sərkisyan sayıqlayır, dediklərinin hamısı absurddur”. Bunu virtualaz.org-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib. Xatırladaq ki, Xocalı hadisələri ilə əlaqədar Serj Sərkisyan Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibova işarə edərək bildirib ki, “o, çox ətraflı şəkildə həmin qırğının kim tərəfindən təşkil edildiyi barədə faktları sadalayıb”. “Köçəryan və Sərkisyan kimdirlər ki, mənim adımı çəkirlər? Onlar Xocalı soyqırımında günahkar olan cinayətkarlardır. Belə əsəbi reaksiya verirlərsə, görünür, mənim müsahibələrim və çıxışlarım erməniləri çox narahat edir. Rusiyanın ”Memorial" hüquq müdafiə təşkilatı bu hadisələri sənədlərlə qeydə alıb və günahkarları müəyyənləşdirib. Sərkisyan oxumağı bacarırsa, həmin hesabları bir də oxusun. Adımı çəkməklə Sərkisyan nə əldə edir? O, törətdiyi cinayətlərə görə məsuliyyətdən qaçıb qurtarmaq istəyir. Amma alınmayacaq: bütün dünya Sərkisyanın və onun cinayət ortağı Köçəryanın kim olduğunu bilir", - Mütəllibov deyib. Göründüyü kimi, S.Sərkisyan ənənəvi cani obrazındadır və işğalında iştirak etdiyi Qarabağla bağlı danışıqlardan da uzaqlaşmaq niyyətində deyil. Ancaq hesab olunur ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Qarabağ danışıqlarında yeni prezidentin iştirakı da pozitiv dəyişikliyə səbəb olmayacaq.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Qarabağ danışıqlarında kimin iştirak edəcəyi ilk növbədə kimin prezident və baş nazir olacağından asılıdır: “Yəni Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz şəxsin bu danışıqlara buraxılması inandırıcı görünmür. Digər tərəfdən, hətta belə bir hal yaransa da, burada birmənalı şəkildə siyasi gediş ola bilər. Yəni mahiyyətlə tanış olmaq üçün vaxt almaq, bununla da status-kvonun ömrünü uzatmaq kimi addımlar atıla bilər. Lakin görünür ki, istər Sərkisyan, istər Karapetyan və ya Nalbəndyan bu məsələlərdən xəbərdardırlar və növbəti proseslər də buna hesablanıb”. Politoloqun fikrincə, bu məsələdə kimlərinsə hazırkı kursdan və ya xətdən kənara çıxacağı, yaxud danışıqlarda başqa kurs sərgiləməsi inandırıcı görünmür: “Dağlıq Qarabağ münaqişəsi hazırkı və gələcək iqtidar üçün hakimiyyəti əldə saxlamaq imkanıdır... Danışıqlar naminə danışıqlara getmək təbii ki, Azərbaycana lazım deyil. Eyni zamanda Rusiya da cavabdehliyi öz üzərindən atmağa çalışır və son zamanlar rəsmi və qeyri-rəsmi bəyanatlarla gündəmdədirlər. Lakin hakimiyyətə gələn və danışıqlar üçün müvəkkil ediləcək şəxsdən çox məsələlər asılıdır və aprel ayının 9-dan sonra bu bilinəcək”.