PUTİN AĞ YALAN DANIŞIR:Yeni nüvə silahları onun UYDURMASIDIR - TƏHLİL
Maşa Gessen “Newyorker” Vladimir Putin daim yalan danışan liderlərdən biridir. Onun yalanları amerikalı vəzifədaşında olduğu kimi, parlaq olmaya bilər, ancaq hiyləgərlikdə Trampın sözlərindən fərqlənmir. Federal Məclisə müraciətdə Putin demoqrafiya, sosial təminat şəbəkəsi və Rusiyanın hərbi qüdrətindən ağız dolusu danışdı. Xüsusilə, təpədən-dırnağadək silahlandığı indiki halda artıq dünyanın Rusiyanı dinləmək məcburiyyətində olduğu barədə sözləri sürəkli alqışlarla qarşılandı. Rusiyanın bütün siyasi mərasimlərində olduğu kimi, bu çıxış adı ilə üst-üstə düşmürdü və ya düşənə oxşayırdı. Ölkənin konstitusiyası prezidentin parlamentə illik hesabat verməsini tələb edir. Amma ötən il Putin bunu ümumiyyətlə etmədi. Builki çıxış hesabat deyildi. Sanki Putin yox, parlament ona hesabat verirdi. Martın 18-də Rusiyada “seçki” adlandırılan tədbir keçiriləcək. Onun icrası sıx nəzarət altına baş tutacaq və nəticəsi öncədən bəllidir. Lakin "seçki günü" Putinin davamlı hakimiyyətinə qarşı ehtimal olunan təhdidlər Rusiya siyasətinə və ya siyasətdə baş verənlərə diqqətin cəmləşdirilməsinə imkan yaradır. Belə təhlükə nədən qaynaqlanır? Aydındır ki, rus seçicilərindən deyil; onların əsl səsləri yüksək nəticələrindən fərqlidir. Təhlükə rus müxalifətinin fəallarından da gəlmir, çünki onların əksəriyyəti öldürülüb, həbs olunub və ya mühacirətə məcbur edilib. Putinin çıxışına istinadən, təhdid ABŞ-dan gəlir. Çıxışının ilk bir saat on dəqiqəsi boyu Putinin danışığı darıxdırıcı idi: hazırlanmış mətnə baxaraq, anlamadığı sözlərə düzəliş verərək, onları tez-tez təkrarlayırdı. Ancaq söhbət təhlükəsizlik məsələlərindən getdikdə, Putin cizgi filmi qəhrəmanı olma qabiliyyətini itirdi və canlandı. Növbəti qırx yeddi dəqiqədə, rus silah sənayesinin uğurlarını göylərə qaldırdıqda, Putin tez-tez tamaşaçılara baxırdı, vurğu üçün bəzi sözləri əlavə edirdi, bir video klipdən sonra digər video klipi göstərdirdi və tez-tez alqışlarla nitqini dayandırırdı. Bu, sözünün məhəyi idi. Nəql etdiyi hekayət çoxdan məlumdur. Bu hekayətdə Rusiya sovet müstəmləkələrini itirərək ağır yaralanıb; onu ciddi qəbul etməkdən imtina edən Qərbin münasibəti daha məyusedici olub; amma indi Rusiya fövqəlgücdür. Bəzi detallar yeni idi: Putin Rusiyanın nüvə silahları da daxil olmaqla, bir neçə növ silah hazırladığını və sınaqdan keçdiyini iddia edir; guya dünyanın qalan hissəsi bunu hələ də yalnız ən dəhşətli yuxularında görür… Bunu əyani göstərmək üçün Putin Florida sahillərinə vuran raketlərin kompüter animasiyasını göstərdi (Bu video, bəzi rusiyalı jurnalistlərin qeyd etdiyi kimi, yeni deyildi və televiziyada nümayiş olunmuşdu). Əslində, onlar gizli olduğuna görə Putin əsl raketlərin şəkillərini göstərmədi. Atlantik okeanın hər iki tərəfindəki hərbi ekspertlər bunu belə izah etdilər: bu raketlər mövcud deyil, ona görə də, həqiqi şəkilləri göstərilmir. Ancaq bu silahın olub-olmamasının mətləbə birbaşa aidiyyəti yoxdur. Seçki ərəfəsində Rusiya Federasiyasının durumu barədə, müxtəlif mövzularda yanlış ifadələrlə dolu, saxta hesabat reallığı təsvir edən kimi görünə bilmir; əksinə, bu, natiqin təxəyyülünü əks etdirir. Putinin sözlərindən belə çıxır ki, Rusiya ekzistensial təhdidlə üzləşir və bu təhlükə ABŞ-dan gəlir. Onun sözlərinə görə, son aylarda bu təhlükə artıb. Amerikalılar müzakirələrində öz prezidentlərinin Rusiya prezidentinin kuklası olmasını çək-çevir edərkən, Putin Trampı təcavüzkar və gözlənilməz davranışlı rəqib hesab edir. Tramp prezident olandan bəri ABŞ-ın sanksiyalar altında olan rusların sayını artıb; iki ölkə arasındakı funksional diplomatik əlaqələr minimuma endirilib; Amerikanın nüvə mövqeyi daha da təcavüzkarlaşıb. Putin prezident Trampın milli təhlükəsizliyə dair strategiyasını xatırlatdı və onu ilk nüvə zərbəsinin endirilməsi kimi səciyyələndirdi. (Bu, mübahisəli məqamdır.) Putin, əvvəllər olduğu kimi, Rusiyanın özünü daha güclü və daha böyük dərəcədə nüvə silahı ilə müdafiə etməkdən çəkinməyəcəyini vurğuladı. Başqa sözlə, Rusiya prezidenti nüvə silahı ilə məhv etmək müstəvisində kampaniya yürüdür. Yeni silahlar barədə qəribə danışıq önəmli deyil, elə köhnələrlə də nüvə soyqırımı yaratmaq olar. Strateq.az