Artur Rasi-zadə üçün bəlkə də sonuncu HESABAT hazırlığı
Ermənistan baş naziri ilə danışıqlarda Azərbaycanı yeni baş nazirin təmsil etməsi istisna deyil Milli Məclis martın 16-da hökumətin son bir illik fəaliyyətinə qiymət verəcək. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini baş nazir Artur Rasi-zadənin edəcəyi gözlənilir. Böyük ehtimalla bu, Artur Rasi-zadənin baş nazir kimi Milli Məclisdə son hesabatı olacaq. “Yeni Müsavat”a daxil olan məlumata görə, 11 apreldə keçiriləcək prezident seçkisindən sonra yeni formalaşdırılacaq hökumətin tərkibində baş nazir Artur Rasi-zadə daxil olmaqla, bir neçə indiki nazir yer almayacaq. Artur Rasi-zadənin öz istəyi ilə fəxri təqaüdə göndəriləcəyi, bir neçə nazirin isə köhnə vəzifələrinə bərpa edilməyəcəyi bildirilir. Mənbə Artur müəllimin baş nazir vəzifəsindən gedəcəyinin tamamilə dəqiq olduğunu vurğulayıb. Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında da göstərilir ki, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması istiqamətində mütəmadi olaraq işlər aparılır. Son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib. Bundan əlavə, aparılan islahatlar sırasında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına xidmət edən bir sıra digər tədbirlərin də icrası nəzərdə tutulur. Seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə yenidən nazir vəzifəsinə təyin edilməyəcəyi gözlənilən şəxslərin də adı məlumdur. Sadəcə olaraq, onların məsələsi hörmətli Artur Rasi-zadənin məsələsi qədər yüz faiz qətiləşmədiyi üçün hələlik yazmağı məqsədəuyğun hesab etmirik. Baş nazir vəzifəsinə YAP-ın icra katibi Əli Əhmədovun təyin ediləcəyi deyilir. Qeyd edək ki, Əli Əhmədov 2013-cü il prezident seçkisindən sonra formalaşdırılan hökumətin tərkibinə baş nazirin müavini olaraq daxil edilib. Hazırda o, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsidir. Yayılan xəbərlərdə həmçinin bildirilir ki, seçkidən sonra baş nazir vəzifəsinin əhəmiyyəti artacaq. Burada Ermənistanda baş nazirin aprelin 2-dən sonra səlahiyyətlərinin fantastik həddə artması və Qarabağ danışıqlarını baş nazirin aparacağı faktorunun da müəyyən qədər rol oynayacağı ehtimal edilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki gün öncə açıqlamasında deyib ki, hər iki ölkədə hökumətlər formalaşandan sonra sülh danışıqları başlayacaq. Nazirin bu açıqlamasından bu qənaətə də gəlmək olar ki, Ermənistan baş naziri ilə danışıqlarda Azərbaycanı da yeni baş nazirin təmsil etməsi istisna deyil. Həmin baş nazirin isə fevralın 26-da 84 yaşı olan Artur Rasi-zadənin olmayacağı dəqiqdir. Xatırladaq ki, hörmətli Artur Rasi-zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün bir neçə dəfə ölkə rəhbərliyinə müraciət etdiyi haqda indiyə qədər mediada bir neçə dəfə xəbərlər yayılıb.