“ADINI MÜXALİFƏT QOYUB hakimiyyətdən maliyyələşən PARTİYALARI...” – Elşad MUSAYEV

Müxalifət daxilində “hakimiyyətdən maliyyələşmə” ittihamı yenidən dövriyyəyə buraxılıb.

Yenicag.az xəbər verir ki, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin alternativlərindən biri olan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu hakimiyyətdən maliyyə dəstəyi alması haqda ittihamı siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Əslində, son 25 ildə müxalifət partiyaları arasında hakimiyyətdən maliyyələşmək ittihamı hər zaman aktual olub. Mövqeləri toqquşan partiyalar bir-birilərinə qarşı tutarlı arqument tapa bilməyəndə, qarşılıqlı surətdə məhz bu ittihamı irəli sürüblər.

O baxımdan, Həsənquliyevin öz rəqibini hakimiyyət tərəfindən maliyyələşməkdə suçlaması ciddi “silkələnmə” doğurmasa da, gündəmi müəyyən qədər dəyişdi.

Mövzu haqqında Yenicag.az-a danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, özünü müxalifət düşərgəsinə aid edən partiyalardan bir çoxunun haradan və necə maliyyələşdiyi hamıya məlumdur:

Görünən dağa bələdçi lazım deyil. Ölkə siyasətinə az-çox bələd olan hər kəs müxalifət partiyalarından hansının bu və ya başqa formada hakimiyyətdən maliyyələşdiyini yaxşı bilir. Burda qeyri-adi heç nə yoxdur.

O partiyalardan bir qismi parlament təmsilçiliyinə görə dövlətdən maliyyə yardımı alır, parlamentə düşməyənlərinə isə digər yollarla maddi dəstək verilir. Bu, hər kəsə məlumdur.

Təəssüf ki, yürüdülən siyasət nəticəsində Azərbaycanda maddi cəhətdən özünü təmin edə biləcək güclü partiya qalmayıb. Bu isə ümumilikdə siyasi institutların aradan qalxmasına səbəb olur.

Yenə deyirəm, adını müxalifət qoyub hakimiyyətdən maliyyələşən partiyaları biz də tanıyırıq, cəmiyyət də. Bu məsələdən danışmaqla yeni nəsə kəşf etmək mümkün deyil.

Mənim fikrimcə, ölkənin bu qədər problemlərinin olduğu halda, gündəmi kimin kimdən nə qədər pul alması kimi məsələlərə yönəltmək doğru deyil”.






Fikirlər