"AZƏRBAYCAN VƏTƏNDAŞI BUNDAN YALNIZ QÜRUR DUYA BİLƏR" - VÜQAR RƏHİMZADƏ
“11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi". Publika.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə, bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Ərazi baxımından kiçik olan bir dövlətin bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Dövlətimizin başçısı cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bu reallığa yönəltmişdir: «Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.» 11 aprel prezident seçkilərində xalqımızın fəal iştirakı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə dəstəyi görülən işlərə verilən yüksək qiymət, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə dəstək kimi də dəyərləndirilir". Vüqar Rəhimzadə qeyd edib ki, andiçmə mərasimində seçkilərdə göstərilən etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu dəstəyin ona güc verdiyini, bu dəstəyə arxalandığını bildirərək əminliklə qeyd etmişdir ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcək: “Dövlətimizin başçısınınqeyd etdiyi kimi, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin reallığa çevrilməsinə yol açır.” Siyasi Şurasının üzvü vurğulayıb ki, son 15 ildə sabitliyin, təhlükəsizliyin təminatı əsas məsələ kimi öndə olub: “Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən cənab İlham Əliyev daim diqqəti dünyada cərəyan edən proseslərə yönəldərək, müqayisəli təhlil əsasında Azərbaycandakı mövcud sabitliyi möhkəm təmələ əsaslanan siyasətin nəticəsi kimi qeyd edir. Son 15 ildə dünyanın müxtəlif bölgələrində, Avropada çox təhlükəli proseslər baş verib-qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Bu fonda Azərbaycanın sabitləşdirici faktor kimi möhkəmlənən mövqeyi daha aydın görünür və dəstəklənir. Sabitlik olmadan hansısa inkişafdan söhbət gedə biməz. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə sabitlik faktorunun nə kimi rola malik olduğu daha aydın görünür. Məhz bu sabitliyin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardan artıqdır. Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gələn bu addım, eyni zamanda, həyata keçirilən siyasətə dəstəkdir. Andiçmə mərasimində dövlətimizin başçısı cənab İlham Əliyev bildirmişdir: «Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk çağlarında söylədiyi «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir» fikirləri artıq reallıqdır.” Ümummilli lider Heydər Əliyevin bu fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, ən əsası Heydər Əliyev siyasəti bu əbədiliyin təminatçısıdır. Vüqar Rəhimzadəəlavə edib ki,son 15 ildə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir: “Dövlət siyasətinin əsasını təşkil edən insan hüquq və azadlıqlarının təminatı, azad mətbuatın inkişafı, siyasi partiyaların normal fəaliyyəti ilə üçün yaradılan əlverişli şərait eyni zamanda, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Konstitusiyamıza son 15 ildə iki dəfə əlavə və dəyişikliyin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, cəmiyyətin idarə olunmasında əsas rola malik olan qanunlarımızın təkmilləşdirilməsi insan amilinə verilən dəyərin təsdiqidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq jurnalistlər üçün artıq iki bina tikilib istifadəyə verilib, üçüncu binanın təməli qoyulub. Cənab İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, eyni zamanda bu sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad mətbuatın inkişafına xidmət edən addımlar sırasındadır. Bu gün zamanın, dövrün tələblərinə uyğun təkmilləşmə digər sahələr kimi, mətbuatda da öz əksini tapmaqdadır.” Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan 15 ildə özünün dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirib: «Multikulturalizm İli», «İslam Həmrəyliyi İli» çərçivəsində görülən işlər, Azərbaycandan dünyaya ünvanlanan mesajlar bir daha bu həqiqəti ortaya qoydu ki, Azərbaycan hər addımı, eyni zamanda, gerçəkləşdirdiyi layihələri ilə dövlətləri, xalqları daha da yaxınlaşdırır, birgə səylərin qarşıya qoyulan məqsədlərə nə kimi yol açdığını dünyaya çatdırır. Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər, forumlar, konfranslar ölkəmizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyev bütün bunlarla bağlı bildirir: «Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir.» Bu uğurlarımıza yol açan əsas amillərdən biri təbii ki, iqtisadi inkişafdır. Son 15 ildə neft siyasətinin məntiqi davamı olaraq qeri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurları bugünkü sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Son on beş ildə bir milyon 500 min yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 5 faizdir. Regional inkişaf proqramlarının uğurlu icrası nəinki rəqəmlərdə, insanların gündəlik həyatında özünü göstərir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin öndə saxlanılması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqləyir.” YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, son 15 ildə enerji sektorunda əldə olunan uğurların da miqyası genişdir: «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən xəbər verir. Cari ildə «Cənub Qaz Dəhlizi»nin əsas tərkib hissəsi olan TANAP layihəsinin icrasının başa çatması ilə Azərbaycana investisiya axını daha da sürətlənəcək. Bir sözlə, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihənin gündəmə gətirilməsini şərtləndirir. Prezident İlham Əliyev andiçmə mərasimində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, iqtisadi inkişaf templərinə son on beş ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu dövrdə iqtisadiyyat 3,4 dəfə artıb. Əvvəlki illərdə bu artımın neft amili sayəsində olduğunu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bu əminliyi ifadə edir ki, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir. Həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayanması sosial müdafiənin gücləndirilməsi yönümündə atılan addımların miqyasından da aydın görünür. Diqqətəlayiq haldır ki, bu müddət ərzində Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Cənab Prezidentin başlıca tələb kimi irəli sürdüyü iqtisadi resursların insan kapitalına çevrilməsi əsas tezis kimi önə çəkilib. Son 15 ildə müasir dövrün tələblərindən biri kimi kadr hazırlığına diqqət artıb.” “İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir: Dövlət başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Möhtərəm Prezidentimiz demişdir: «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir.» Möhtərəm Prezidentimizin vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır. V.Rəhimzadə bildirib ki, bu gün həll olunmamış yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Son 15 ildə əldə etdiyimiz diplomatik uğurlar, ordumuzun artan gücü və qüdrəti bu problemimizin də yaxın vaxtlarda öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cocuq Mərcanlıya qayıdış işğal altında olan bütün torpaqlarımıza Böyük Qayıdışa əminliyi daha da artırdı. Bu gün Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Dövlətimizin başçısı bildirir: "Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır". "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir" söyləyən cənab İlham Əliyev üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı günün uzaqda olmadığını bildirir.”Baş redaktor əlavə edib ki, fəaliyyətində bu hədəfləri əsas tutan Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi ilə bir daha qələbələr partiyası olduğunu təsdiqlədi: “Xalq cənab İlham Əliyevə səs verməklə, eyni zamanda, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamını nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası özünün əvəzolunmaz Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana növbəti 7 ilin hədəflərinə öz töhfəsini verməklə uğur səhifələrini daha da zənginləşdirəcək.”