Neftçilər Gününə xüsusi buraxılış HAZIRLANDI
«…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur.» Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı «İki sahil» qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 240 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir. «Əsrin müqaviləsi»ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazındığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin ««Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb. ««Azəri-Çıraq-Günəşli» nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır» söyləyən cənab İlham Əliyev bu fikri də böyük inam və qətiyyətlə bildirmişdir ki, bu mərasim eyni zamanda onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə «Əsrin müqaviləsi» kimi daxil olan bu mühüm saziş Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynadı. Xüsusi buraxılışın ana xəttini təşkil edən bu inkişaf fonunda keçmişə nəzər salmağa bir zərurət duyularaq, «Yeni əsrin müqaviləsi»nə yol açan əsas məqamlara diqqət yönəldilir. Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə «Neftçilər günü»nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Bu fikir SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin Neftçilər Günü münasibətilə təbrikində də əksini tapıb ki, həmişə olduğu kimi, bu il də peşə bayramını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl «Yeni əsrin müqaviləsi»nin imzalanmasının ölkəmizin davamlı inkişafında xüsusi rolunu vurğuladı. Təbrikdə o da bildirilir ki, Azərbaycan neftçiləri yaxşı bilirlər ki, son illərdə enerji strategiyamızın qazandığı misilsiz uğurlar Ulu Öndərin möhtəşəm siyasi kursunun zəfər təntənəsidir. Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında», «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında» sərəncamları yer alıb. Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin «...Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir» fikirlərinin yer alması da səbəbsiz deyil. Bugünkü uğurlarımız ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərindən sonra TAP, TANAP və «Cənub Qaz Dəhlizi» layihəsinin icrası Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmasının təsdiqidir. SOCAR-ın prezidenti R.Abdullayevin «Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir» yazısında qeyd edilir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, maddi rifahında hiss olunur. Mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «Neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır.» Yazıda o da bildirilir ki, SOCAR-ın əməkçiləri möhtərəm Prezidentimizin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər. Cənab Prezidentimiz qarşıdakı illər üçün başlıca hədəflərimizi dəqiq müəyyənləşdirmişdir və çoxminli neftçilər ordusu həmişə olduğu kimi, bundan sonra da göstərilən hədəflərə doğru inam və qətiyyətlə irəliləyəcək, vətənimizin qüdrətinin daha da möhkəmlənməsi naminə yeni-yeni qələbələrə imza atacaqlar. Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin «Yeni əsrin müqaviləsi» ilə iki milyardıncı ton Azərbaycan neftinə doğru», iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun «Ölkəmizin həyata keçirdiyi neft-qaz layihələri regionda təhlükəsizlik, sabitlik və inkişafın təminatçısıdır», sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun «SOCAR dünya miqyasında uğurlu investisiya layihələri reallaşdırır», emal üzrə vitse-prezident David Məmmədovun «SOCAR regionda mühüm emal və neft-kimya layihələrinin müəllifidir», vitse-prezident Mikayıl İsmayılovun «Əsrin müqaviləsi» ilə əsası qoyulan dinamik inkişaf uğurla davam edir», sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun «SOCAR mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir», kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun « Neft kapitalının insan kapitalına çevrilməsi iqtisadi inkişafın rəhnidir», neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanovun «SOCAR-ın ixrac imkanları uğurla genişlənir», ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin «SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələr və əldə olunan nailiyyətlər», strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun «SOCAR-ın strateji inkişaf layihələri Azərbaycanın bu gününün və gələcəyinin enerji təhlükəsizliyinin təminatçısıdır», geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynovun «Geoloji elmlərin neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində rolu», yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun «SOCAR-da son nəsil qazma avadanlıqları vasitəsilə həyata keçirilən əməliyyatların çox hissəsi avtomatlaşdırılıb», Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun «Məqsədimiz Bakı Ali Neft Məktəbini bütün dünyada tanıtmaqdır», Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin ««Əsrin müqaviləsi»nin imzalanması ilə iqtisadi və sosial uğurlarımızın təməli qoyuldu», «Azneft» İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun «Neft və qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülür», «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyevin ««Azəriqaz» İstehsalat Birliyi çevik və problemləri operativ həll edən quruma çevrilib», «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin «Modernizasiya və yeni qurğuların tikintisi kimya sənayesinin gələcəyinə hesablanmış uğurlu layihələrdir», Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəlinin «Ölkəmizin dəniz və quru sahələrində axtarış və istismar qazma işləri uğurla icra edilir», «Neftqaztikinti» Trestinin müdiri Mirkazım Abasovun «Neft-qaz sənayesi üzrə yerli və beynəlxalq əzəmiyyətli tikinti layihləri uğurla reallaşdırılır», Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun « Heydər Əliyev adına NEZ-də yenidənqurma işləri aparılmaqla müasir texnoloji qurğular inşa ediləcək», Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun «Quru və dəniz yataqlarında uğurlu geofiziki və geoloji tədqiqatlar aparılır», Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin «Cənub Qaz Dəhlizi» bütün regionun enerji xəritəsini dəyişəcək», Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun «Neftin nəqli müasir tələblərə və beynəlxalq standartlara uyğun aparılır», Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin «İxrac əməliyyatlarının səmərəliliyinin artırılması başlıca vəzifədir», «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılovun ««Neftqazelmitədqiqatlayihə» İnstitutu neft emalının inkişafında xüsusi xidmətlər göstərib», Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun «Müasir nəqliyyat və xüsusi texnika vasitələrindən istifadə daim diqqət mərkəzində saxlanılır», «Qaz İxrac» İdarəsinin rəisi Qağaməli Seyfullayevin «Magistral qaz kəmərləri sahələrinin müasirləşdirilməsi və yenidənqurulması davamlı şəkildə həyata keçirilir», İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun «SOCAR və onun struktur bölmələrinə beynəlxalq standartlara uyğun xidmət göstərilir», Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin «Qaz Emalı Zavodunun kollektivi 2017-ci ili də müsbət texniki-iqtisadi göstəricilərlə başa vuracaq», Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin «Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir», Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun «Neftçilərin sosial ehtiyaclarının daha dolğun ödənilməsi prioritet vəzifədir», Ekologiya İdarəsinin rəisi Azər Əliyevin «Enerji strategiyası və davamlı ətraf mühit idarəçiliyi», Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun «SOCAR peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir», Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin «Görülən işlər bizi qarşıdakı hədəflərə daha da yaxınlaşdırır», Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi Telman Məhəmmədovun «Əməyin təşkilinin əsas elementlərindən biri əməyin normallaşdırılmasıdır», «Neftçi İdman Klubu» İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun « Azərbaycanın İslamiadanın qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu», Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin rəisi Aqil Məmmədovun «Açıq neft və qaz fontanlarının ləğvim ilə təcrübəli mütəxəssislər məşğul olur», və «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin «23 illik yol yeni «Əsrin müqaviləsi»nin təməlinə çevrildi» məqalələrində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı işıqlı yol və bunun zərurətə çevirdiyi «Yeni əsrin müqaviləsi»nin perspektivləri geniş təhlil olunur. Ulu öndər Heydər Əliyevin «Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir» fikri ilə Xüsusi buraxılışa sonluq verilməsi də təsadüfi deyil. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü reallıqlarımızın əsasıdır. Ulu öndən Heydər Əliyevin neft amilindən istifadə edərək iqtisadiyyatımızın inkişafı istiqamətində atdığı önəmli addımlar uzaqgörən siyasətinin tərkib hissəsi idi. Bu gün neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu isə öz növbəsində işsizliyin, yoxsulluğun, məşğulluq probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Cənab İlham Əliyevin hər zaman bildirdiyi kimi, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır. Xüsusi buraxılışda bu məqamlar öz əksini tapmaqla, bu inam da ifadə edilir ki, yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın davamlı, dayanıqlı inkişafı qaçılmazdır.