ERMƏNİSTANDA HAKİM KOALİSİYA DAĞILDI! – Daşnaksütyun TƏRK ETDİ
Ermənistanda hakim koalisiya dağılıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib. Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: “Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik”. Bu arada Ermənistanın paytaxtı Yerevan şəhərindəki Respublika meydanında yenidən mitinq başlayıb. Etiraz aksiyasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları aprelin 25-də vətəndaş itaətsizliyi aksiyasını bərpa ediblər. Onlar Serj Sarqsyanın baş nazir postundan getməsindən sonra müvəqqəti hökumətin də tam tərkibdə istefa verməsini tələb edirlər. *** Ermənistan paytaxtı Yerevanda nümayişçilər Respublika Meydanına toplaşmağa başlayıblar. Burada saat 11:00-da müxalifət lideri, deputat Nikol Paşinyanın rəhbərliyi altında etiraz aksiyası keçirilir. Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir. Xatırladaq ki, N.Paşinyan daha əvvəl aprelin 25-də hökumətlə danışıqları davam etdirəcəyini bildirib, lakin aprelin 24-də axşam bu görüşün baş tutmayacağı aydın olub. N.Paşinyan Ermənistanın hakim Respublika Partiyasının Serj Sarqsyanın istefası bahasına hakimiyyəti saxlamaq istədiyini bildirirək, etiraz aksiyalarının davam etdiriləcəyini söyləyib. Müxalifətçi aprelin 25-də etiraz aksiyalarını davam etdirməyə və republikaçıların hakimiyyətdə qalmasına icazə verməməyə çağırış edib. Yerevanda etirazçılar paytaxtın bir neçə mərkəzi küçəsini bağlayıblar, təhlükəsizlik qüvvələri və xüsusi vasitələrin əraziyə toplaşması müşahidə olunur. Müxalifət lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan etirazların davam edəcəyini açıqlayıb və bu gün saat 19:00-da Respublika Meydanında mitinq keçiriləcəyi elanını verib. O qeyd edib ki, nümayişçiləri dəstəkləmək üçün Martunidən Yerevana maşın karvanı gəlir. Polis müxalifətin mitinqinin keçirildiyi Respublika Meydanı ərazisindəki bütün hökumət binalarına nəzarəti ələ alıb. Parlamentin “Tsarukyan” müxalifət fraksiyasının katibi Vaqe Enfiacyan “Facebook” səhifəsində etiraz aksiyasına qoşulduğunu yazıb və partiya yoldaşlarını da hərəkata dəstək verməyə çağırıb.