SERJ SARKİSYANIN TALEYİ OTELDƏ HƏLL olunacaq
Ermənistan prezidenti Armen Sərkisyan İrəvandakı Respublika meydanına gələrək, mitinq təşkilatçıları ilə görüşüb. Bundan sonra İrəvanda kütləvi etirazlara səbəbkar olan baş nazir Serj Sərkisyanla da görüşüb və hakimiyyətlə müxalifətin dialoqunun təşkil edilməsi barədə qərar verilib. Bu gün, aprelin 22-də saat 10.00-da İrəvandakı “Mariott” otelində müxalifət lideri Nikol Paşinyanla baş nazir Serj Sərkisyan arasında görüş keçiriləcək. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. N.Paşinyan özünün Facebook səhifəsində yazıb ki, Ermənistan prezidenti Armen Sərkisyan Respublika meydanına gələrək onunla görüşəndən sonra Serj Sərkisyandan da görüş təklifi alıb. N.Paşinyan Ermənistan prezidenti ilə görüş zamanı S.Sərkisyanla görüşün neytral yerdə, məsələn, “Mariot” oteldə keçirilə biləcəyini demişdi. Üstəlik, vurğulamışdı ki, S.Sərkisyanla görüşdə müzakirə mövzusu onun baş nazirlikdən getməsi ola bilər. N.Paşinyan bundan sonra bir daha xatırladıb ki, hazırkı baş nazirlə onun istefası və hakimiyyətin dinc şəkildə təhvil verilməsi müzakirə olunacaq. S.Sərkisyanın bu şərtin qarşılığında görüşə razılıq verməsi hər halda, maraqlı məsələdir. Sərkisyanın otel odasında görüş şərtinə razılıq verməsi onun müxalifət qarşısında geri çəkildiyini, "sındığını" deməyə əsas verir. Etiraz aksiyalarının başında dayanan N.Paşinyan görüş səbəbindən Erebunidə saat 11.00-a təyin edilmiş tədbirin sonrakı saatlarda keçiriləcəyini də elan edib. Erməni mediasının yaydığı xəbərə görə, prezident A.Sərkisyan Respublika meydanına gəlib N.Paşinyanla qısa görüş keçirəndən sonra 13 apreldən ölkəni iflic hala salan aksiyaların baiskarı olan baş nazir S.Sərkisyanla bir araya gəlib və onunla vəziyyəti müzakirə edib. Mümkündür ki, Serj öz taleyi ilə barışıb istefa versin, amma o, hiyləgər gediş edib Paşinyanı ələ almağa da çalışa bilər. Necə ki, 2016-cı ilin aprelində məsləhət almaq üçün keçmiş prezident Levon Ter-Petrosyanın ayağına getmişdi, sonra onu parlamentə belə, buraxmadı.