AZƏRBAYCAN hansı SƏRKİSYANLA danışıq aparacaq - 9 APRELDƏN SONRAKI SUAL

Bu gün Ermənistan parlamenti baş nazir seçəcək. İşğalçı ölkənin konstitusiyasına edilən dəyişikliklərə əsasən, aprelin 9-dan sonra Ermənistanda parlament idarəetmə sistemi tətbiq ediləcək. Bu sistemə görə Milli Məclisin formalaşdırdığı hökumətin başçısı-baş nazir ölkədə əsas söz sahibi olacaq.

Yeni sistemdə prezident dövlət başçısı hesab edilir, lakin konstitusiya həyata keçirildikcə, 101 üzvdən ibarət Milli Məclis ölkənin əsas hakimiyyət orqanına çevrilir. Ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Milli Məclis tərəfindən seçilir. Prezident 7 il müddətinə Milli Məclis üzvləri tərəfindən seçilir. Yeni idarəetmə sistemində ölkə prezidenti, əslində ali baş komandan vəzifəsindən məhrum olur. Müharibə şəraitində isə bu vəzifəni baş nazir icra etməlidir. Silahlı Qüvvələr Hökumətə tabedir və hökumətin qərarı ilə hərəkətə gətirilir. Təxirəsalınmaz hallarda isə baş nazir müdafiə nazirinin təklifi ilə qərar qəbul edir və dərhal hökumət üzvlərinə məlumat verir.

Silahlı Qüvvələrdə ən yüksək vəzifəli hərbi qulluqçu baş nazirin təklifi ilə respublika prezidenti tərəfindən təyin edilən baş qərargah rəisidir. Qeyri-müharibə şəraitində baş qərargah rəisi baş nazirə tabedir, müharibə zamanı Silahlı Qüvvələrə ali baş komandanı qismində baş nazir rəhbərlik edir. Konstitusiya dəyişikliyindən sonra martın 2-də Ermənistanda yeni prezident seçilib. İşğalçı ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan hakim Respublika partiyasının namizədi olaraq alterntivsiz seçki ilə prezident kürsüsünə əyləşdirilib.

Serj Sərkisyanın prezidentlik müddəti məhz aprelin 9-da başa çatır. Bundan sonra prezident vəzifəsində martın 2-də seçilmiş Armen Sərkisyan əyləşəcək. Ancaq Armen Sərkisyan prezident seçilsə də, Konstitusiya dəyişikliyinə görə, əsas səlahiyyət prezidentdə yox, baş nazirdə olacaq. Aprelin 9-da səlahiyyət müddəti başa çatacaq hazırkı prezident Serj Sərkisyan baş nazir olmaq istəyir. Onun baş nazir olacağına da şübhə yoxdur.

Bəs, 9 apreldən sonra Azərbaycan birinci şəxs qismində Qarabağ danışıqlarını hansı Sərkisyanla - prezident, yoxsa baş nazirlə aparmalı olacaq?

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, hər hansı fövqəladə hadisə baş verməyəcəyi halda Serj Sərkisyan baş nazir olacaq. Yeni dəyişikliyə görə, gücləndirilmiş baş nazir səlahiyyətləri ilə ölkəni yenə də o idarə edəcək. Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanın  siyasətini də o müəyyən edəcək. Çünki bütövlükdə idarəetmədə, komandada elə bir dəyişiklik yoxdur: “Gələcəkdə ola biləcək prezidentlərin görüşünə gəlincə isə, onsuz da son illər bu görüşlərin dinamikası kəskin aşağı düşüb. İnanmıram ki, bundan sonra daha sıx görüşlər olsun. Amma prezidentlərin görüşü olacağı halda şübhəsiz ki, yeni seçilmiş prezident Armen Sərkisyan ölkəsini təmsil edəcək. Onsuz da yeni prezident qeyri-rəsmi baş nazirin tapşırıqlarını yerinə yetirəcək və hər hansı özfəaliyyətlə məşğul olmayacaq. Qarabağ  konflikti ilə bağlı Serj Sərkisyan komandasının əvvəlki mövqeyini  görüşlərdə davam elətdirəcək. Bunun belə olması Serj Sərkisyana indiki halda daha çox sərf edir. Çünki  problemlə bağlı Ermənistanın mövqeyində hər hansı dəyişiklik olmayacaq və onlar dünyaya göstərməyə çalışacaqlar ki, danışıqlarda Ermənistan tərəfinin indiyə qədər olan mövqeyi Serj Sərkisyanın hadisələrə şəxsi mövqeyinin olmasından  qaynaqlanmır. Çünki yeni prezident də eyni siyasəti davam elətdirir və guya bu erməni xalqının mövqeyidir. Amma bütün dünya dövlətləri çox yaxşı bilir ki, əslində heç nə dəyişməyib, hakimiyyət yenə də əvvəlki klan tərəfindən idarə olunur və Serj Sərkisyan da bu klana rəhbərlik edir”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, böyük ehtimalla, Ermənistanda prezident və parlament seçkisindən sonra bu ölkəni Qarabağ danışıqlarında prezident yox, baş nazir təmsil edəcək: “Çünki Ermənistan Konstitusiyasına edilən dəyişikliyə görə, bu ölkədə seçkidən sonra əsas fiqur prezident yox, baş nazir olacaq. Yəni Azərbaycan prezident Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını gələcəkdə Ermənistan prezidenti ilə deyil, baş naziri ilə müzakirə edəcək. Buna baxmayaraq, Ermənistan üçün məsələnin mahiyyəti dəyişir. Keçmiş illərdə Serj Sərkisyan Qarabağ danışıqları barədə heç kimə hesabat vermirdi. İndi isə baş nazir olduqdan sonra o danışıqların gedişatı barədə daima parlamentə hesabat vermək məcburiyyətində qalacaq. Bu, Azərbaycan üçün də yeni situasiya yaradır. Ona görə də fikrimcə, Azərbaycan parlamentinin də Qarabağ danışıqlarında rolunun artırılmasına ehtiyac var. Heç olmazsa, ildə bir dəfə qapalı iclasda danışıqların gedişatı haqqında deputatlara məlumat verilməlidir. Bunu xarici işlər naziri də edə bilər”.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də bildirib ki, danışıqlar eyni vəzifəni tutanlar arasında deyil, ölkə rəhbərləri arasında gedir. Ermənistanın yeni Konstitusiyasına görə, ölkənin rəhbəri baş nazirdir. Ona görə də Qarabağla bağlı gələcək danışıqlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək:Aydın məsələdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi əslində Serj Sərkisyanın hakimiyyətdə qalması üçün edilib. Bu isə yeni heç nə vəd etmir. Yenə eyni prinsiplə, eyni siyasətlə rastlaşacağıq”.






Fikirlər