İSGƏNDƏR HƏMİDOVDAN eks- PREZİDENTƏ çox SƏRT SÖZLƏR
“Ayaz Mütəllibovun dedikləri cılızlıqdır” Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”ın ötən sayında gedən müsahibəsi geniş müzakirələr doğurub. 26 il öncənin 15 may hadisələrindən danışan sabiq prezident onu devirib hakimiyyətə gələn AXC iqtidarı və ona rəhbərlik edən Əbülfəz Elçibəy barədə qalmaqallara səbəb olan açıqlamalar verib. A.Mütəllibov bildirib ki, Cümhuriyyətin yüz illiyi və Ə.Elçibəyin anadan olmasının 80 illik yubileylərinə dəvət olunsa belə iştirak etməyəcək. Sabiq ölkə rəhbəri bu tədbirlərin ona aidiyyəti olmadığını söyləyib. Sitat: “Məni bu adamlar vaxtilə deviriblər. İndi mən də gəlib əyləşməliyəm, bunların sifətlərinə baxmalıyam?” Eks-prezident heç vaxt Elçibəyin məzarını ziyarət etmədiyini bildirərək, məzarın, sadəcə, yanından keçdiyini qeyd edib. Sabiq ölkə rəhbəri onun devrilməsinin Azərbaycana böyük zərbələr vurduğunu söyləyib. Ard-arda Elçibəylə bağlı suallardan təngə gələn A.Mütəllibov bildirib ki, məgər işimiz-gücümüz yoxdur ki, Elçibəydən danışırıq? Elçibəy hökumətində daxili işlər naziri postunu tutan Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov A.Mütəllibovun fikirlərinə bu cür reaksiya sərgilədi: “Xocalı soyqırımı baş verən vaxt rəsmi açıqlamalarda iki nəfərin öldürüldüyü deyilirdi. O zaman Ayaz Mütəllibovun ilk dəfə istefası qoyuldu. O gecə ərizə yazdı ki, sağlamlığı ilə əlaqədar olaraq istefa verirəm. Ona qarşı heç bir güc tətbiq edilməyib. Onun ortalıqda ərizəsi var. Özü də ərizəsini Şeyxə vermişdi. Deyəsən, Ayaz müəllim yaşlanıb, amma unutmasın ki, dediklərim dünənin hadisələridir və hər kəsin yaddaşındadır. Orada Etibar Məmmədov, İsa Qəmbər və mənim də çıxışım var. Konstitusiya ilə prezident ölkənin qarantıdır. Əgər vətəndaşının ərazisini qoruya bilmirsə, istefa verməlidir. Bir dəfə sizin qəzetə açıqlama vermişdim ki, Ayaz Mütəllibov prezidentliyə pillə-pillə yüksəldi, amma daxilən yüksələ bilmədi. Bu adam hələ də başa düşmür ki, Cümhuriyyətin yüz illiyi hamımızın, 39 milyonun bayramıdır. Bu yubileyə qatılmaq ucalıqdır. Ayaz Mütəllibov o bayramı ucaltmır, o bayram onu, məni və digərlərini ucaldır. 100 il öncə nəhəng insanlar böyük məsələləri həll etməyi bacarıblar. Ayaz Mütəllibovun daxili ona yüksəlməyə imkan vermir. Ayaz müəllim də, Əbülfəz Elçibəy də prezident olublar. Əbülfəz bəyin 80 illiyi ona görə yüksək səviyyədə keçiriləcək ki, o, milli azadlıq hərəkatının rəhbəri olub. XX əsrin əvvəllərində bir kişi silahdaşları ilə Cümhuriyyəti qurub, əsrin sonlarında da bir kişi silahdaşları ilə həmin Cümhuriyyəti bərpa edib. Ona görə onun 80 illiyi ən böyük bayramlardan biridir. Əbülfəz bəyin məhkəmə sənədlərinə baxanda görürük ki, o, hələ 70-ci illərdə SSRİ-də demokratiyanın olmadığını deyib. Cümhuriyyətin yüz illiyi və Əbülfəz bəyin 80 illiyi ümumxalq bayramıdır. Buna qatılmağa hamının haqqı var və hər kəs qatılmalıdır”. Bozqurdların lideri 1992-ci ilin bu günlərində baş verən hadisələrdən də söz açdı: “15 may hadisələrinə gəlincə, bəzi fikirlər var ki, guya Əbülfəz bəy 14-15 may hadisələri vaxtı orada olmayıb. Amma hər kəs bilsin ki, 12 maydan başlayaraq, Əbülfəz bəy və bizlər ”26-lar" bağı deyilən yerin yaxınlığındakı qərargahda yatmışıq. O vaxtı görürdük ki, Ayazı hakimiyyətə gətirmək istəyirlər. Həmin vaxt konstitusiya ilə istefa prosedurası var idi, amma geri qayıtmaq prosedurası yox idi. O zaman keçirdiyimiz iclasda qərara aldıq ki, konstitusiyanın pozulmasına izn verməməliyik. Xalqın böyük dəstəyi ilə konstitusiyanı bərpa etdik. Biz heç kəsi devirməmişik. Əksinə, dövlət çevrilişini Ayaz Mütəllibov etmək istəyib, biz onun qarşısını almışıq. Demokratik seçkilər yolu ilə Əbülfəz bəy prezident seçilib. Ayaz Mütəllibov kimi sex rəisindən bundan artıq heç nə gözləmək olmaz. O, sex rəisi də olaraq qaldı, yüksəlməyi bacarmadı. Qədim yunanların çox yaxşı bir sözü var, deyirlər ki, ölən haqqında ya yaxşı danışırlar, ya da heç vaxt danışmırlar. Əbülfəz bəyin məzarının yanından Ayaz keçə bilər, amma unutmasın ki, bu gün Elçibəy Azərbaycan gənclərinin, yaşlı nəslin simvolu olaraq qalır, daim məzarı ziyarət olunur. Oradan bizə sanki müsbət bir aura gəlir. Əbülfəz bəy heç vaxt ona və ailəsinə kin münasibət bəsləməyib. Əksinə, deyib ki, onlar da bizim millətdəndir. Əbülfəz bəyin hələ qiyməti veriləcək. Milyonlarla insan milli azadlıq hərəkatında onun arxasınca gedib. Onu necə sevməmək, məzarını ziyarət etməmək olar? Ayaz Mütəllibovun dedikləri, sadəcə, cılızlıqdır. 11 ay hakimiyyətdə olan bizlər test üsulunu yaratdıq, rus qoşunlarını Azərbaycandan çıxardıq, bir sıra ərazilərimizi işğaldan azad etdik, Türkiyəyə təhsil almağa insanlar göndərildi. 11 aya bunları etmək o qədər asan deyildi. Onun ya dünyagörüşü yoxdur, ya da yaşlandığı üçün nə danışdığını bilmir. Onun ailəsində vəfat edən olanda o zaman türmədə idim, Elçibəyin bütün silahdaşları o yasa getmişdilər. Bu bizim hakimiyyətin siması, dedikləri isə onun öz simasıdır. Rəhmətə getmiş bir liderin ailəsi ilə görüşməyi bu şəxs iş-güc saymır. Görün bu şəxsdə nə qədər cılızlıq var. Xəbisliyi imkan vermir ki, başını qaldırıb ətrafa baxsın". Sabiq nazir A.Mütəllibovun 26 il öncənin mart və may aylarında yaşanan hadisələrə münasibət bildirməkdən yayınmasına da mövqe bildirdi: “O hadisələr heç vaxt unudulmayacaq. Həmin hadisələrin üzərinə tez-tez qayıdılacaq. Bu hadisələri qapatmaq istəyən birisi mərhum prezidentdən, milli azadlıq hərəkatının liderindən danışmaz. Çünki Əbülfəz bəyin fonunda Ayaz Mütəllibov çox cılızdır. Elçibəyin bir illik hakimiyyəti dövründə onun beş illik hakimiyyət dövrü heç oldu. Bu mövzular heç vaxt qapanmayacaq, əksinə, açıq qalacaq. Çünki ortalığa o qədər insanlar çıxacaq, özlərini ”qəhrəman" kimi sırımağa çalışacaqlar. Elçibəy axı tamam başqa bir insan idi. Niyə belə edirsiniz? Onun milləti, xalqı sevməyinə axı sizlərdə də şübhə yoxdur?"