Pornoulduzun ümidinə qalan ölkə - FOTO
Kim Kardaşyan "Keeping Up with the Kardashians" realiti-şousunun yeni seriyasında özünün erməni köklərindən, "əsil-nəcabət"indən bəhs etmək niyyətindədir və Ermənistan paytaxtına da çəkilişlər aparmaq üçün yollanıb.
Pornoulduzla ailəsini "Zvartnos" hava limanında Ermənistan iqtisadiyyat nazirinin müavini Sergey Havetisyan, habelə əyinlərində erməni milli paltarları olan, əllərində duz-çörək tutmuş erməni qızlar qarşılayıblar.
Yerevana çatandan sonra "şərəfli qonaqlar" üçün seçilmiş "Mariott" otelində yerləşən, iki saat sonra isə "Şimal" prospektindəki restorana yollanan Kim Kardaşyanı Ermənistan parlamentinin deputatı Levon Martirosyanla arvadı müşayiət ediblər.
Restoranın qarşısına yığılmış ermənilər qışqırırdılar: "Kim, siz dünyanın ən yaxşı ermənisisiniz!", "Siz ən gözəl ermənisiniz!"
Kardaşyan Yerevanda çəkilmiş iki fotosunu İnstagram-dakı profilində paylaşaraq yazıb: "Ərim, qızım və mən Ermənistandayıq. Köklərim, əcdadlarım barədə daha çox məlumat əldə etmək istəyirəm. O qədər ruhlanmışam ki, yata bilmirəm".
2000-2004-cü illərdə musiqi prodüseri Deymon Tomas, 2011-2013-cü illərdə "Nyu-Cersi Nets" basketbol klubunun forvardı Kris Hamfrislə evli olmuş Kardaşyanın bu nikahı cəmi 72 gün çəkib.
2014-cü ilin mayın 14-dən bəri K.Kardaşyan reper Kanye Uestlə nikahdadır.
2006-cı ildə Kim Kardaşyanın R&B müğənni Rey Ceylə yataqda olarkən çəkilmiş videosu sosial şəbəkələrdə dolaşmağa başlamış və onu qısa müddətdə pornoulduza çevirmişdi.
Kim Kardaşyan Yerevana realiti-şousunun növbəti seriyasının çəkilişi üçün yollandığını desə də, belə deyil. Daha doğrusu, Kardaşyan səfərinin gerçək məqsədini açıqlamaq istəmir.
Səfərin məqsədi ermənilərin aprelin 24-də bir əsrlik "anım"ını gerçəkləşdirəcəkləri qondarma "erməni soyqırımı"nın tanıdılması, təbliğatıdır.
Zavallı ermənilər, mağmın Ermənistan. Xeyr, bu təşbeh və ya təhkiyə deyil.
Sosial şəbəkələrdə, telekanallarda və "qlamur" jurnallarda vucudu, lüt fotoları, xüsusilə də "məşhur gündəyməz"i, yəni beşinci istinad nöqtəsi vasitəsilə məşhurlaşmış Kardaşyan vasitəsilə "erməni məsələsi", "erməni soyqırımı" təbliğ edilirsə, yazıqlar olsun belə ideologiyaya və qüsurlu məfkurəyə.
Ermənistanı idarə edən hakimiyyətin əxlaqı ilə addımbaşı bəhs etdiyi mənəviyyatının da nədən ibarət olduğunu Kardaşyanın "Zvartnos" hava limanında rəsmi nümayəndə heyətinin başçısı qismində qarşılanma mərasimi göstərir.
Kim Kardaşyanı yaşamı boyunca heç bir şəhərdə, heç bir ölkədə belə qarşılamamışdılar: nazir müavini qısa çıxış edir, sonra rəsmi hissə başlanır, milli paltardakı erməni qızlar rəqs edir, duz-çörək verir, axırda da Ermənistan prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin əməkdaşlarının qoruduğu Kardaşyan qara şüşəli avtomobilə oturaraq VİP qonaq təki "Mariott" otelinə aparılır.
ABŞ-dakı ermənilərin az qala nifrət etdikləri, "ermənilərin üz qarası" adlandırdıqları Kardaşyan barədə bu ölkədəki erməni diaspor təşkilatlarından biri "bizi biabır edən fahişə" ifadəsi işlətmişdi.
Kim Kardaşyana Birləşmiş Ştatlarda yaşayan ermənilərin münasibətini öyrənmək üçün Yahoo!da bu "şou ulduzu" ilə bağlı dərc olunan məlumatlara yazılan şərhlərə baxmaq yetər.
Yerevanda olarkən Kim Kardaşyan, heç şübhəsiz ki, "soyqırımdan zərər çəkmiş" bir-iki əcdadından bəhs edəcək. Həmin əcdadların olub-olmaması şərt deyil: şərt aprelin 24-ü ərəfəsində ümumerməni vaysınmalarına qatılmaq və bundan bəhrələnməkdir.
Kardaşyanın səfərindən vəcdə gəlmiş rəsmi Yerevanın funksionerlərinin emosiyaları o həddə çatıb ki, onlar dünənki müsahibələrində amerikalıların "Miss Yambız" adlandırdıqları bu qadını "nümunəvi erməni qadın, ana və ev xanımı" kimi dəyərləndiriblər.
Belə getsə, Yerevan qondarma "soyqırım"la bağlı təbliğat kampaniyasının "sima"sı qismində Kim Kardaşyanı seçəcək.
Daha çox vücud əzaları ilə tanınan qadının uydurma olaylarla bağlı siyasi aksiyanın siması olması Yerevanın cəhdlərinin simasızlığını tanınmış bədənlə pərdələmək istəyini göstərsə də, S.Sarkisyan iqtidarı fürsəti fövtə vermək istəmir.
Erməni mediasında ajiotajdır.
Cəbhə bölgəsində həlak olan, komandirlərin işgəncələrinə dözməyərək intihar edən əsgərlər, Yerevanda prezident iqamətgahının binasının qarşısında S.Sarkisyanın anasına söyən əsgər anaları, fəlakət səviyyəsinə çatmış işsizlik, zavodların bağlanması, şirkətlərin müflis olması, insan haqlarının pis yuxu kimi unudulması - hər şey arxa plandadır.
Öndə isə sofitlərin işığı altında parlayan Kim Kardaşyan, bir də təbliğatı bu qadının ümidinə qalan S.Sarkisyan...
Orxan Hun
Milli.Az