VAHİD ƏHMƏDOV müəllimlərin sertifikasiya olunmağını İSTƏMİR: “Bu ARTIQ STRESSDİR”

“Təhsil haqqında” qanuna edilmiş dəyişikliyə görə, Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb olunacaq.

Qanun layihəsində göstərilib ki, sertifikasiya - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

Təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik olan təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 5 ildən bir sertifikasiyaya cəlb olunacaqlar.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilirməyəcək.

Qanun layihəsi iyunun 12-də Milli Məclisin plenar iclasında müzakirə olundu. Ancaq bəzi deputatlar “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildirdilər və qanunun yenidən hazırlanmasını təklif etdilər.


Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, guya təhsil sahəsində müəyyən islahatlar  aparılır.

“Və bu islahatların nəticəsidir ki, bütün müəllimlər sertifikat almalıdırlar. Əlbəttə, bu artıq stressdir. Özü də sertifikasiya 5 ildən bir keçiriləcək. Belə çıxır ki, müəllimlər stressi yenidən yaşamalıdırlar. Azərbaycanda kifayət qədər təcrübəli müəllim var. Onların yüksək maaşları yoxdur. Dağ kəndlərində işləyən müəllimlərimiz var. Cənab prezident tərəfindən müəllimlərə xüsusi diqqət və qayğı göstərilir”.

Vahid Əhmədov hesab edir ki, müəllimlərin sertifikasiyadan keçmə məsələsini müəyyən müddətə saxlamaq lazım idi.

“Hər müəllim buna hazır deyil axı. Hər dəfə müəllim imtahana gedəndə həyəcan keçirir”.






Fikirlər