Səməd Seyidov Hacıbəyliyə verilən cəzadan danışdı – “O QƏDƏR DƏ QBYEKTİV DEYİL"
“Keçmiş deputatlara qarşı sanksiyaların qəbul olunması inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”. Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin AŞPA-nın 14 keçmiş üzvü haqqında qərarını APA-ya şərh edərkən deyib. S. Seyidov qeyd edib ki, həmin istintaq komitəsi ilə əməkdaşlıq edib, öz mövqeyini bildirib: “Yəqin ki, kimsə əməkdaşlıq etməyib və ona görə də bu qərar qəbul edilib. Ancaq əməkdaşlıq etməyən şəxslər təkcə Azərbaycandan deyil, bir neçə ölkədən olub. Lakin onlara qarşı heç bir qərar tətbiq etmirlər, Azərbaycandan olanlara tətbiq edirlər. Bu, o qədər də obyektiv deyil. O ki qaldı Elxan Süleymanov və Müslüm Məmmədov haqqında qərara, İtaliyada Luka Volonte məsələsi mövcuddur. Orada da bəzi məsələlərə görə istintaq gedir. Burada təşkil olunmuş istintaq qrupu hansısa sübutları gündəmə gətirə bilmədi. Belə bir sanksiyaların qəbul olunması, özü də keçmiş AŞPA üzləri üçün, inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”. S. Seyidov bildirib ki, hər zaman sanksiya dili ilə danışmağın əleyhinə olub:“İnanmıram ki, bu, hansısa müsbət nəticələrə gətirib çıxaracaq. Bakıda bu məsələni geniş şəkildə izah edəcəyik”. S. Seyidov adı sanksiya siyahısına salınmış keçmiş deputat Gültəkin Hacıbəylinin AŞPA-nın məktubunun Azərbaycan nümayəndə heyəti tərəfindən ona çatdırılmaması barədə dediklərinə də münasibət bildirib: “O parlamentin üzvü deyil axı. Parlament keçmiş deputatlara nəyi və niyə göndərməlidir? Onun parlamentə aidiyyəti yoxdur”. S. Seyidov AŞPA-da gedən proseslərin mətbuatda müxtəlif tərzdə şərh olunduğunu söyləyib: “Bu, mənim AŞPA-nın vitse-prezidenti seçilməyimlə bağlı da oldu. Dünən eşidirəm ki, mətbuat belə bir şeyin olmadığı, guya mənim bundan əvvəlki sessiyada vitse-prezident seçilməyim haqqında yazıb. Vitse-prezidentliyə seçkilər hər dəfə yeni prezident seçiləndə yenilənir. Bu baxımdan mən iyun sessiyasında seçildim və bir nəfər də buna etiraz etmədi”. Qeyd edək ki, AŞPA keçmiş deputat, hazırda Milli Şuranın üzvü olan Gültəkin Hacıbəyliyə ağır cəza kəsib. Belə ki, ötən gün AŞPA-nın müstəqil istintaq orqanı AŞPA-nın etik normaları pozan və öz hərəkətləri ilə bağlı açıqlama verməyən 29 nəfər keçmiş və indiki üzvünün siyahısını dərc edib. Onların arasında keçmiş deputat G.Hacıbəyli də var. “Şübhə etmirəm ki, bu, mənə qarşı təxribatdır. Çünki 2010-cu ildən ASPA üzvü deyiləm və 2012-ci ildəki proseslə bağlı məlumatlı ola bilmərəm. Azərbaycan hakimiyyətini tənqid etdiyim, rejimin korrupsion siyasətini ifşa etdiyim halda məni Avropa Şurasında korrupsiyaya bağlılıqda ittiham etmək gülüncdür”, – o yazıb. Onun sözlərinə görə, bu siyahıya daxil edilməsinə AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin sabotajı səbəb olub. Məlum olub ki, Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin məktubu G.Hacıbəyliyə birbaşa göndərilməyib, AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin vasitəsilə göndərilib. G.Hacıbəyli həmçinin mətbuata açıqlamasında deyib ki, haqqındakı qərarın ləğvinə və Azərbaycan nümayəndə heyətinin cəzalandırılması istiqamətində çalışacaq:“Mən sona qədər gedəcəm. Çünki bu hadisə nüfuzuma zərbədir. Mən Azərbaycan nümayəndə heyətindən çox AŞPA-nı sorğulayacam. Necə olur ki, 2012-13-cü illərdə pulların deputatlara paylandığı zaman nümayəndə heyətinin üzvləri istintaqa cəlb olunmur, amma 2010-cu ildən sonra AŞ PA-ya getməyən bir şəxs olaraq, mənə cəza verilir? Hətta bu cəza Səməd Seyidova da verilməyib. Mənə ömürlük AŞ PA-ya giriş qadağan edilib. Səbəb guya suallara cavab verməməyimdir. Halbuki, məktub məndən gizlədilib.”
Turan-nın məlumatına görə, G.Hacıbəyli Facebook səhifəsində yazıb ki, AŞPA İstintaq Qrupundan heç bir sorğu almayıb. Odur ki, onun əməkdaşlıqdan imtina etməsi barədə fikirlər əsassızdır.
“Səməd müəllim (AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov) isə təbii ki, məktubu mənə gördərməməyi məsləhət bilib”, – G.Hacıyeva yazıb.